Təxminən 7 il əvvəl idi, Praqada konfransların birində iştirak edən həmkarlarımdan biri mənə zəng edərək dedi: “Elxan, Praqada bir diplomatla tanış oldum, yaxınlarda ölkəsinin Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışacaq, Bakıya gəldikdə müxtəlif ekspertlərlə görüşmək istəyir, sənin ismini verdim”.
Siyasi ekspert üçün müxtəlif diplomatlarla görüşüb fikir mübadiləsi aparmaq adi haldır, biz öz ölkəmizin mövqeyini onların diqqətinə çatdırır, onlar da ölkələrinin regional siyasətlərini izah edirlər. Bu, fəaliyyətimizin istiqamətlərindən biridir.
Çexiyadan gələn diplomatın ismi Petr Vaqner idi. Mənə zəng etdi və səfirlikdə görüşdük.
İlk gündən dostlaşdıq. Məlum oldu ki, Petr həm də tarixçidir və onun müxtəlif mövzularda xeyli tədqiqatları var. Bakıya gəldiyi ilk gündən Azərbaycan-Çexiya münasibətlərinin tarixini tədqiq etməyə başladı. Hər dəfə Petrlə görüşəndə mənə arxivlərdən tapdığı tarixi sənəd və fotoları göstərirdi. Fürsət tapan kimi Bakının və Praqanın arxivlərində çalışırdı, elə maraqlı faktlar əldə edirdi ki, bunu mənimlə paylaşanda uşaq kimi sevinirdi. O qədər arxiv materialı toplamışdı ki, Çexiya-Azərbaycan münasibətlərinin tarixinə dair kitab üzərində çalışmalara başlamağa qərar vermişdi.
Onunla məni başqa mövzular da birləşdirirdi: Ukrayna və Qarabağ. Petr Ukraynada çalışdığından ordakı hadisələri diqqətlə izləyirdi. Mən də o illərdə tez-tez Ukraynaya gedir və bu ölkədəki prosesləri təhlil edirdim. Ukraynadakı hadisələr barədə yazdığım ilk kitabımı da Petrə hədiyyə etmişdim.
Qarabağ ətrafındakı proseslər də Petri maraqlandırırdı, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi.
Xanımı ilə birgə Azərbaycanın bütün dilbər güşələrini gəzmişdi. Azərbaycanın təbiətinə heyran idi. İdmanla məşğul olurdu, Xəzər dənizi sahilində velosiped sürməyi xoşlayırdı.
Onun Azərbaycanda dostları çox idi. Bakıda 60 illik yubileyini keçirəndə onlarla azərbaycanlı dostu onun ətrafına toplaşmışdı. Yublileyində hər peşədən insanlar var idi. Bu, Petrin peşəkar tarixçi olmaqla yanaşı, mahir diplomat olmasından da xəbər verirdi.
Bu illər ərzində iki cür diplomat gördüm: birinci qrup diplomat çalışdığı ölkədə aldığı maaşının müqabilində işini görür və ölkəsinə hesabatlar göndərir, ikinci qrup diplomat isə çalışdığı ölkəni dərindən tədqiq edir və dostlarının sayını artırmağa çalışır.
Petr ikincilərdən idi.
Bir dəfə mənə zəng edərək, Çexiya səfirliyinin rəhbəri olduğum “Atlas” Araşdırmalar Mərkəzi ilə birgə toplantısını keçirməyə təklif etdi. Mövzunu birgə seçdik: “GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) və Vışeqrad Qrupu (Çexiya, Slovakiya, Macarıstan və Polşa) arasında əməkdaşlıq imkanları”. Yerli və xarici ekspertlərin iştirakıyla maraqlı tədbir keçirdik.
Petr sözün yaxşı mənasında dinc dayanmır, Çexiya səfirliyində maraqlı mövzularla bağlı ekspertlərin iştirakıyla başqa tədbirlər keçirirdi. Bunlardan biri də Praqada 1968-ci ildə inqilabi proseslərin 50 illiyi ilə bağlı idi.
Bir dəfə də eşitdi ki, çalışdığım universitetdə təhlil mərkəzi açmışam. Mənə zəng edib, fəal tələbələrimlə görüşmək istədi. Görüşdük, fikir mübadiləsi apardıq. Tələbələrim Petrin maraqlı söhbətinə, suallara verdiyi cavablara heyran qalmışdılar.
Vaxt gəldi və Petrin Azərbaycandakı fəaliyyəti başa çatdı. Sağollaşdıq. Ancaq o, nadir diplomatlardan idi ki, gedəndən sonra da əlaqəni kəsmədi.
Praqada siyasi dərgi buraxırdı və məndən dərgisi üçün tez-tez yazı istəyirdi. Qarabağda müharibə başladıqda Azərbaycanın hadisələrə baxışını əks etdirən yazı istədi məndən. Bu, mənim Petrlə sonuncu ünsiyyətim oldu.
Onun sonuncu emaili məni xeyli kədərləndirdi: “Elxan, ağır xəstələnmişəm, ola bilsin ki, bu, mənim sənə sonuncu məktubumdur”. Daha sonra Petrin ölüm xəbərini aldım.
Onun simasında əziz dostumu və müəllimimi itirdim. Petr Çexiya-Azərbaycan dostluğu üçün xeyli iş gördü və mən bunu heç zaman unutmayacam.
Petrin əziz xatirəsi mənim qəlbimdə əbədi yaşayacaq!
araz.az xəbər portalı.