Sovet ideologiyası kapitalist iqtisadiyyatının ən böyük çatışmazlıqlarından biri olaraq, təmərküzləşməni göstərərdi. İqtisadiyyatımızın indiki durumuna baxanda, təmərküzləşmənin kasıb və orta təbəqənin məhvinə səbəb olduğunu bildirən sosializm və kommunizm qurucularının hardasa haqlı olduqları ilə razılaşmamaq olmur.
Doğrudan da, müxtəlif sahələrdə yaranan iri şirkətlər xırda və orta təbəqəyə aid iş adamlarını rəqabətdən kənarda qoyaraq, məhv edir. Klassik anlamda bu proses xırda və orta miqyaslı bazar iştirakçılarının bazardan çıxması, yaxud da iri şirkətlərlə birləşməsi deməkdir. Lakin Azərbaycan iqtisadiyyatı kimi analoqu olmayan bir mühitdə söhbət birləşmədən yox, yalnız zəifin məhv olub sıradan çıxmasından gedə bilər. Çünki burada ilkin kapitalı qaranlıq yollarla formalaşan iri firmaların əksəriyyətinin arxasında hansısa yüksək ranqlı məmur və onun ətrafı durur. Onlarınsa orta və kiçik biznesin maraqlarını nəzərə alması, hansısa kompromisə getməsi qeyri-mümkündür. Özü də bu proses istehsal sahəsində baş versə, bunu hardasa anlayışla qarşılamaq olar, kasıb-kusubun bir təhər dolanışıq tapmağa çalışdığı ticarət sektorundakı təmərküzləşmə isə birbaşa əhalinin sosial durumuna vurulan zərbədir və buna haqq qazandırmaq mümkünsüzdür.
Nədən oliqarxlar istehsalata yox, ticarətə pul yatırırlar…
Bu gün normal iqtisadi sistemə malik olan ölkələrdə ayrı-ayrı istehsal, yüksək texnologiyalar və digər mütərəqqi sahələr üzrə yeni şirkətlərin yaradılmasını müşahidə ediriksə, Azərbaycanda ən çox nəzərə çarpan, yağışdan sonra çıxan göbələklər kimi, müxtəlif adlarla yeni ticarət mərkəzləri, “moll”lar və supermarketlərin açılması və şəbəkələrini günü-gündən genişləndirmələridir. Əlbəttə ki, rahatlıq və müasirlik baxımından bu şəbəkələr alıcılar üçün əlverişli sayıla bilər. Lakin əhalinin məşğulluğu, eləcə də kiçik və orta biznesin maraqları baxımından olduqca təhlükəli və ziyanlı görünür. Ona görə ki, istənilən ərazidə fəliyyət göstərən hər yeni supermarket onlarla və hətta yüzlərlə kiçik və orta ölçülü ərzaq, təsərrüfat malları və digər mağazaları sıradan çıxarır, məhv edir. Sanki harada yeni supermarket “lövbər salırsa” oraya bir “bomba düşür”, ətrafdakı kiçik və orta həcmli mağazalar bir-bir sıradan çıxır və bağlanır. Özü də buna səbəb heç də ucuz qiymətlər deyil, əksinə, iri ticarət şəbəkələri olduqca hiyləgər mexanizmlərdən istifadə edərək, qiymət sarıdan manipulyasiyalara yol verirlər. Nəticədə bir neçə maldan ibarət bazarlığı hansısa məhəllə dükanından etsəniz, görəcəksiniz ki, cəm şəklində qiymət baxımından supermarketdəki alış-verişdən elə bir ciddi fərqi yoxdur.
Ancaq alıcılar ayrı-ayrılıqda ərzaq, təsərrüfat malları, şirniyyat və s. dükanlara girib bazarlıq etməkdənsə, bir iri mağazadan “yükünü bitirməyə” üstünlük verir və bu psixoloji məqam da supermarketlərin xeyrinədir. Müxtəlif kampaniyalar və bonus kartları isə çox vaxt insanları əslində onlara lazım olmayan şeyləri almağa şirnikləndirir. Nəticədə alıcı və xırda bizneslə məşğul olanlar kasıblaşır, oliqarxlarınsa varının üstünə var gəlir. Onlar da öz növbəsində yaradıcılıq və zəhmət tələb edən istehsalat sahəsini yox, ticarəti seçməklə tez və asan ərsəyə gələn qazanc dalıyca qaçırlar, ölkə iqtisadiyyatı və əhalinin sosial vəziyyəti isə veclərinə də deyil…
İri şəbəkələrin iqtisadiyyata ziyanı xeyrindən çoxdur…
Məsələnin digər tərəfi isə bu iri ticarət şəbəkələrinin ümumilikdə ölkə iqtisadiyyatına hansı dərəcədə xeyir, yaxud ziyan verməsidir – nəzər salsaq görərik ki, ziyanı xeyrindən çoxdur.
Məsələn, fəaliyyətini dayandırmaq məcburiyyətində qalan, ancaq bundan öncə illərlə vergi qeydiyyatında olan və normal vergi ödəyən fiziki şəxslərin əksəriyyəti yeni açılan supermarketlərin ətrafındakı ərazilərdə fəaliyyət göstərib. Yəni ki, hər yeni iri ticarət mərkəzi onlarla, yüzlərlə vergi ödəyicisini sıradan çıxarır, onların büdcə ödənişlərinə son qoyur. Eyni zamanda, bu xırda və orta biznes obyektlərində satıcı, fəhlə, xidmətçi və digər peşə sahibləri çalışırdılar ki, onlar da işsiz qalır, DSMF və vergi ödənişlərini dayandırırlar. Nəticədə, həm büdcə müəyyən məbləğdə vəsaitdən məhrum olur, həm də hökumətin həll etməli olduğu, lakin çətinlik çəkdiyi işsizlik problemi daha da ağırlaşır.
Deyə bilərsiniz ki, iri şəbəkələr də insanları işlə təmin edir və vergi ödəyir. Ancaq təcrübə göstərir ki, həmin ərazidə işsiz qalan insanların sayı supermarketlərdə işlə təmin olunanların sayından xeyli çoxdur. Vergi ödənişinə gəldikdə isə, Fazil Məmmədovun vaxtından qoyulan “ənənə” mövcuddur ki, bu da həmin iri şəbəkələrin mərkəzləşdirilmiş şəkildə aylıq, yaxud illik birdəfəlik ödənişlərini nəzərdə tutur. Bu “haqq”ın həcmi isə şəbəkələrin arxasındakı adamın ranqından və nüfuzundan asılıdır – nüfuzu və əlaqələri nə qədər güclüdürsə, ödənişi də bir o qədər azdır. Hər birinizin bazarlıq etdiyi əksər supermarketlərin verdiyi çeklərə fikir versəniz görərsiniz ki, çoxlarında VÖEN göstərilməyib. Bu mexanizm isə qətiyyən vergi və maliyyə intizamına xidmət etmir. Eyni mənzərə bu şəbəkələrdə satılan malların keyfiyyəti sahəsində də müşahidə edilməkdədir. Məsələn, supermarketlərdə satılan ətin kefiyyəti məhəllələrdəki ət dükanlarındakından çox-çox geri qalır.
Supermarketlərin çoxu əti oliqarxlara məxsus iri fermalardan alır. Onlarda yetişdirilən heyvanlar bir növ tez ərsəyə gələn broyler xarakterlidir – yəni həm cinsi, həm də qidalandıqları yemin tərkibi fərqlidir. Bu da özünü ətin kefiyyəti və dadında göstərir.
Daha bir vacib məqam isə təhlükəsizlik məsələsidir. Rusiyanın Kemerovo şəhərində baş verən yanğın göstərdi ki, iri ticarət mərkəzləri insanların həyatı üçün ciddi təhlükə mənbəyidir. Hətta bütün yanğın təhlükəsizliyi qaydalarına riayət edilsə belə (bu da Azərbaycanda sual altında olan məsələdir – red.) iri şəbəkələrin ərazisinin böyük və qapalı olması, fiziki baxımdan insanların oranı yanğın zamanı tez və təhlükəsiz tərk etməsi olduqca müşkül görünür.
Əlbəttə ki, iri ticarət şəbəkələrinin mövcudluğu təkcə Azərbaycana xas olan mənzərə deyil. Əsasən bütün dünya ölkələrində buna rast gəlmək olar. Ancaq çətin ki, hansısa ölkədə onların sayı əhalinin sayına nisbətdə bu qədər çox ola və bu qədər sıx və bir-birinə yaxın ərazilərdə yerləşə. Ən azından hökumət hansısa yolla heç olmasa onların dislokasiyası məsələsində müəyyən məhdudiyyət qoya bilər ki, bu da həmin sahədəki kapitalın istehsalata və digər sahələrə yönəldilməsinə xidmət edər.
Ancaq heç kimə sirr olmayan məlum səbəblərdən hökumət bu məsələyə diqqət yetirmir və sözügedən sahədə nizam-intizam yaratmağa, böyük məbləğlərdəki kapitalın daha gərəkli sahələrə yönəldilməsində maraqlı görünmür./azpolitika.info/
araz.az xəbər portalı.