modern.az 01.05.2021 1619873364

Şəmkir rayon İcra Hakimiyyətinin həbs edilən sabiq icra başçısı Alimpaşa Məmmədovun maral ferması aşkarlanıb. Həbs edilən icra baqşçısı Şəmkir rayonunda hektarlarla ərazini zəbt edərək, orada şəxsi maral təsərrüfatı yaradıb.

Bu, yüksək vəzifə tutan məmurun heyvanlara olan “sevgisi” ilə bağlı ilk hadisə deyil

Bəzi məlumatlara görə, Azərbaycanda delfin, timsah, meymun və ölkəmizin təbiətinə xas olmayan digər heyvan növləri saxlayan xeyli vəzifəli şəxslər var.

Maraqlıdır, məmurların bu cür hobbisi nədən yaranır?

Modern.az-ın bu sorğusunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cavablandırıb.

Onun sözlərinə görə, rüşvət və korrupsiya hesabına yeyib harınlayan məmurlar qeyri-adi heyvan saxlamaqdan “kayf” alırlar:

“Həmin harınlamış məmurlar xalqın, dövlətin pulunu yeyib, indi də məzələnirlər. Biri ayı, biri delfin, biri it saxlayıb arvadına məzhəkə göstərir. Onların pulu çoxdur, belə etməklə də “kayf” alırlar. Həmin məmurların millətdən, xalqdan xəbərləri yoxdu. Ona görə də, bunların boğazına cənab prezident qurğuşun töküb, bu günə salır. Məmurların hamısı belədi. Bunlar hamısı xalqın gözü qarşısında olan məsələlərdi.

Məmurların, vəzifəli şəxslərin pulunun çox olması, xalqı saymamasının nəticəsidi ki, bu cür hadisələr baş verir. Məmurların belə hərəkətlərinə el arasında “azar öldürmək” deyirlər. Onlar bu cür yaşayıb xalqı ələ salır, özlərinə xüsusi gəmi, ada, vertolyot alırlar. Nə dünyagörüşləri, nə xalqı sevməkləri, nə də dövlətçiliyi müdafiə etməkləri var”.

H.Hacıyev son illər “vurulan” məmurların hamısının akademik Ramiz Mehdiyevin komandasından olduğunu qeyd edib:

“Mən bunların hamısını uzun müddət öncə demişəm, amma indi üzə çıxır. İki il bundan qabaq Alimpaşa Məmmədov haqqında danışmışdım, indi bəlli oldu ki, düz deyirmişəm.

Bu cür saxtakarlıq edən məmurların hamısı Ramiz Mehdiyevin komandasındadı. Nə qədər ki, bunların hamısı təmizlənməyəcək, yeni gələnlərə də işləməyə imkan verməyəcəklər.

İki il yarımdı Alimpaşanın maral sürüsünü, Neftçaladakının eşşək sürüsünü indi görürlər?

Düşünürəm ki, bunlar çox gec cəzalanırlar, gec cəzalandıqları üçün də özlərini Azərbaycanın şahı hesab edirlər. Ona görə də nə qədər Ramiz Mehdiyevin komandası tez tutulsa, o qədər xeyri olacaq”.

Fidan İlqarqızı

araz.az xəbər portalı.