“Yüksək rütbəli məmurların həbsi dövlət qurumları üzərində ictimai nəzarətin zəif olmasından xəbər verir. Təəssüf ki, vətəndaş cəmiyyəti institutları, mənim də ön sıralarında təmsil olunduğum müstəqil mətbuat rüşvətxor və korrupsioner məmurlara qarşı effektiv mübarizə apara bilmir. Əgər belə olmasaydı, biz hər gün hansısa əliəyri məmurun həbs edildiyinin şahidi olmazdıq”.
araz.az xəbər verir ki , bu sözləri Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.
Qeyd edib ki, ölkədə açıq cəmiyyət quruculuğunu sürətləndirməklə dövlət qurumları üzərində ictimai nəzarəti təmin etmək mümkündür.
Jurnalistin sözlərinə görə, rəsmi qurumların yanında ictimai şuraların yaradılması bu prosesə təkan verə bilər:
“Mən ictimai şuraların yaradılmasını təqdir edirəm. Amma bu proses şəffaf aparılmalıdır. Rəhbər şəxslər öz qohum-qardaşlarının, dost-tanışlarının ictimai şuralarda təmsil olunmasına can atmamalıdırlar. İctimai şuralarda sözünün kəsəri olan adamlar təmsil olunmalıdır. Bəzən biz bunun əksini müşahidə edirik. Azərbaycanda 5-6 adam var, hansı daşı qaldırırsan altından onlar çıxır. Bir adamın həm Mədəniyyət Nazirliyinin, həm də Səhiyyə Nazirliyinin yanında yaradılmış ictimai şurada təmsil olunması nə dərəcədə doğrudur? Bu eyni adamın həm koronavirusun insan orqanizminə vurduğu zərərdən, həm də muğamın mərtəbələrindən danışmağına bənzəyir. Belə hallara yol vermək olmaz”.
araz.az xəbər portalı.