“Nərimanov” elektrik deposunda qatarlara texniki-baxış sahəsi olan qanovların yenidən qurularaq əsaslı təmir olunması işləri mərhələli şəkildə davam etdirilir.
araz.az xəbər verir ki ,“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, növbəti üç qanovda işlərin yekunlaşdırılması ilə müasir standartlar səviyyəsində təmir olunan qanovların sayı 9-a çatdırılıb.
Ümumən, bu işlər “Nərimanov” elektrik deposunda aparılan silsilə yenidənqurma tədbirlərinin bir hissəsidir. Buna qədər qaldırma təmiri və digər xidməti sahələrdə yenidənqurma tədbirləri aparılmaqla yeni alınan avadanlıqlar və tətbiq edilən stendlər də daxil olmaqla, işin ardıcıllığı, əmək şəraiti və təhlükəsizliyi, keyfiyyəti və səmərəsi artırılıb.
Onu da qeyd etmək lazımdır ki, 1966-cı ildə fəaliyyətə başlamış deponun qanovlarında irihəcmli təmir-bərpa işləri aparılmayıb və bu tədbirlər həm də dövrün tələbinə çevrilib.
Əsaslı təmir çərçivəsində qatarların əsas dayanacaq yeri olan qanovların ilkin mərhələdə yolları sökülüb. Daha sonra yeni beton özül qoyulmaqla, dərinliyinin normativ göstəricilərə uyğunluğu yoxlanılmaqla müvafiq tədbirlər görülüb. Yolun üstquruluş elementləri də tamamilə dəyişdirilərək, müasir rels altlıqları, birləşdirici elementlər tətbiq edilib. Texniki baxış-təmir sahəsinin hər iki başında baş vaqonlara daxil olmaq üçün yeni pilləkən konstruksiyası qurulub, döşəmə və divarları suvanaraq rənglənib.
Müasir texniki-normativ tələblər səviyyəsində yenidən qurulmuş qanovların elektrik və işıqlanma, həmçinin drenaj sistemləri tamamilə yenilənib.
Qatarların baş vaqonunun ön hissəsinin təmizlənməsi məqsədilə sahənin girişində xüsusi mexanizmlər quraşdırılıb.
Qanovlardan depo yollarına çıxan sahə də əsaslı şəkildə yenilənir. Burada yol yatağı, çınqıllı bünövrə üzərində qurulur, dəmir-beton şpallar düzülür. Onu da əlavə edək ki, depo və park yollarında dəmir-beton şpalların tətbiqi də genişləndirilib və bu günə qədər 6 minə qədər ağac- şpal dəmir-beton analoqu ilə əvəzlənib. Bu isə yollara qulluğu asanlaşdırıb, eyni zamanda, onların daha uzunömürlü olması, ölkə daxilində istehsal edilməsi çox böyük qənaət və səmərə deməkdir.
Tədbirlər çərçivəsində yolun üst quruluşu avadanlıqları və təmas relsi də yenilənir və mərhələli şəkildə davam etdirilir.
araz.az xəbər portalı.