“Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə keçirilən “Yeni Nəsil 2.0” (“New Generation 2.0”) gənc sahibkarlara dəstək layihəsinin birinci mərhələsi — “Başla” artıq yekunlaşıb. Proqram təşkilatçılarının araz.az-a verdikləri məlumatda deyilir ki, “Yeni Nəsil 2.0” layihəsinin məqsədi Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaratmaq və biznesə öz dəstəyini verməkdir. Verilən məlumata görə, bu layihə 5 mərhələdən — “Başla”, “Komandanı yarat”, “Sürət”, “Yüksəliş”, “Hədəfə çat” mərhələlərindən ibarətdir. Artıq layihəyə ilkin mərhələdə 3600-dən artıq gənc müraciət edib və müraciətlərin ümumi gender nisbətini 52,3 faiz qadınlar, 47,7 faiz isə, kişilər təşkil edir.
Ümumiyyətlə, 28 yanvar 2021-ci il tarixində açılış mərasimin baş tutduğu layihənin 22 fevral – 16 aprel tarixlərində Bakı və Gəncə şəhərlərində, eləcə də Abşeron, Qobustan, Şəki, Lənkəran və Sabirabad rayonlarında canlı və onlayn təqdimatları keçirilib. Baş tutan görüşlərin əsas məqsədi bu layihə haqqında məlumatlılığın artırılması, layihə çərçivəsində sıx əməkdaşlığın yaradılması, bununla yanaşı, gənclərin layihəyə yaxından cəlb edilməsi olub.
Məlumatda o da bildirilir ki, bu müddət ərzində, 8 fərqli mövzuda, 8 fərqli ekspertin çıxışı ilə silsiləvi onlayn vebinarlar keçirilib. Sözügedən vebinarlar “HoReCa” (Otel, restoran, kafe), “Sahibkar düşüncə tərzi”, “Biznesimə necə başlayım?”, “Qadın sahibkarlığı”, “İnnovasiya”, “Kənd təsərrüfatı”, “Sosial sahibkarlıq, “İdeyamı necə tapım?” mövzularını əhatə edib. İnteraktiv formada keçən vebinarlar zamanı ekspertlər öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.
Onu da qeyd edək ki, artıq, layihənin ikinci mərhələsi olan “Komandanı Yarat” mərhələsi start götürüb. Burada iştirakçılar üçün biznes ideyalarını və komandalarını formalaşdırmaq məqsədilə müxtəlif vebinarlar, onlayn sessiyalar və netvörkinq məqsədilə görüşlər keçiriləcək. Həmçinin biznes ideyası olan komandalar da bu mərhələdən layihəyə qoşula biləcəklər.
“Komandanı yarat” mərhələsinə qoşulmaq və investisiya əldə edə bilmək üçün, aşağıdakı linkə daxil olmaq lazımdır:
https://cutt.ly/QvRvQUG
Yeri gəlmişkən, qeyd edək ki, bu
layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, “Coca-Cola” Fondunun və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilir. Tədbirin növbəti mərhələlərindən xəbərdar olmaq üçün, “Youth Inc.” Sahibkarlıq Proqramının sosial şəbəkə səhifələrini izləmək vacibdir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.