“Belə olduğu halda, mənasız yerə dirəniş göstərib, ordumuzu və xalqımızı qırdırmaq lazım idimi?! Siz olsaydınız, Rusiyanın təxribatını və gücünü bildiyiniz halda, hansı addımlar atardınız?! Hər kəs öz vicdanı qarşısında, insafla, müharbəyə cavabdeh şəxs qismində bu suallara cavab axtarsın”.
Bismillahir-Rahmənir-Rahim!
Ədalət anlayışı hər hansı bir hadisəyə qərəzsiz, tərəfsiz, maraqsız yanaşmaq və özünü qarşıdakının yerinə qoymaq məcmusudur. Yaddan çılxarmayaq ki, hər birimiz, danışdığımız sözlərə görə, hər şeydən əvvəl ədaləti qoruyub-qorumadığımıza görə, Böyük Allah qarşısında cavab verəcəyik. Nəzərə alaq ki, ədalətli haqq savaşı apardığımız yerdə kimsə həqiqətləri, gerçəklikləri bilmədən özünün doğru bildiyi zənnini ortaya qoyur və belə olan halda, apardığımız mübarizənin fəsadlarını təsəvvür etmək çətin deyil. Necə ki, bir xəstəyə zənnlə təyin edilmiş yanlış dəva-dərman onu sağaltmaq əvəzinə, məhv edər.
İllərdi siyasi proseslərdə baş verən hadisələrə verilmiş təhlillərin, sonradan nə qədər absurd və gülünc olduğunu görürük. Siyasi proseslərdə liderə çevrilmiş şəxslərin kimliyinə və apardığı mübarizənin motivinə baxdıqda, çoxluğun zənnə qapılıb, nə qədər yanlışlıq etdiyi açıq-aydın görsənir.
Hamı yaxşı bilir ki, İkinci Qarabağ savaşı təkcə ərazilərimizin alınmasıyla yaddaşlarda qalmadı, həm də gözümüzün önündə Azərbaycana qarşı ermənilərə dəstək verən ölkələri gördük. Həmçinin Azərbaycan da ona dost olan ölkələri sınaqdan çıxartdı. Ölkə daxilində isə, müharibə zamanı siyasi partiyaların davranışları çox mətləbləri ortaya qoydu. Bu gün sosial şəbəkələrdə xaricdə yaşayan, daxildə saxta profillərlə trolluq edən insanların yazılarına və təbliğatlarına baxdıqda, fərqli sözlərlə ifadə olunsa da, ortaq anonim fikir olaraq, hədəfin Qarabağ savaşının zəfərini gözdən salmaq və “inqilabi” yolla Azərbaycanı qarışdırıb, hakimiyyəti qəsb etmək olduğu tam məlum olur. Vətənimiz, dövlətimiz üçün olduqca həssas və çətin keçən belə bir məqamda bu cür fikirləri yayanların və təbliğ edənlərin məqsədləri, birbaşa, düşmənin maraqlarına xidmət etmək deyilmi?!
Hər kəs bu yazımın əvvəlində və indi qoyduğum sualların cavabını yaxşı-yaxşı fikirləşsin. Ümumiyyətlə götürdükdə, ədalət məcmusuna daxil olan dediyi sözə, etdiyi əmələ görə, biri özünü qarşıdakının yerinə qoymaq istəyir. Bu gün bu yazımla, elə, onu demək istəyirəm ki, ədaləti pozmamaq üçün, hər kəs özünü dövlət başçısı İlham Əliyevin yerinə qoysun. Qarabağ savaşına girib müharibə aparır, qonşuluqda Rusiyanın, qərbdə isə, müəyyən Batı ölkələrin təzyiqinə baxmayaraq, müharibəni uğurla aparır. Ağla gəlməyən məğlubiyyətə düçar olan ermənilərin arxasında duran Rusiyanı Azərbaycana qarşı çıxardır. Rusiya da, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə sərhədində, Ermənistanda olan öz hərbi vertolyotunu vurdurur və Azərbaycana hərbi müdaxilə edir. Eyni vaxtda isə, bizə dəstək verən Türkiyəyə qarşı 5 ölkənin ordusu ayağa qaldırılır, hətta Suriyada və Livyada Türk əsgərlərinə qarşı Rusiya tərəfindən bombardıman törədilir. Bir də, yazımın əvvəlindəki sualları ortaya qoyuram: — Belə olduğu halda, mənasız yerə dirəniş göstərib, ordumuzu və xalqımızı qırdırmaq lazım idimi?! Siz olsaydınız, Rusiyanın təxribatını və gücünü bildiyiniz halda, hansı addımlar atardınız?! Bir daha deyirəm, hər kəs vicdanı qarşısında, insafla, müharibəyə cavabdeh şəxs qismində bu suallara cavab axtarsın.
Qarabağ savaşı həm də ölkə daxilində hakimiyyətə, ölkənin iqtisadi sahələrinə hansı dövlətin və hansı terror təşkılatarın nümayəndəlrini də tanıtdırdı. İllərdi xalqı ağır duruma salan, onun sərvətlərini talayan, hökuməti xalq qarşısında etimadsız və insanları haqqsız-hüquqsuz kölə edən bu cinayətkar “çete”, artıq ifşa olunub. İnanıram ki, bu cinayətkar “çetenin” üzvləri hakimiyyətdən kənarlaşdırıldıqdan sonra, cəzasız qalmayacaqlar.
Bu heç kəsə sirr deyil ki, dövlət baçısı çoxdandır ki, iki cəbhədə — bir tərəfdə erməni — rus, digər tərəfdə daxili “çeteləri’ ilə savaşır. Belə olan halda, bəs, bizlər, xalqın nümayəndələri olaraq nə etməliyik?! Bu suala da, hər kəs öz vicdanı qarşısında, insafla cavab versin və dövlətçilik baxımından, hansı addımlar atmaq lazım olduğunu yaxşı-yaxşı fikirləşsin!
Tarixdə hansı ölkələrdə müharibə olubsa, bunun daha acı nəticələrinin olduğu da mütləq görünüb. Müqayisə aparanda, bizim apardığımız savaşda şəhidlərimiz, qazilərimiz olsa da, acılara qarşı zəfərimiz belə ortadadır. Şükür Allaha ki, ağır və dərin iqtisadi böhranlarla üz-üzə deyilik və bunu qarşılayacağımız da görünmür. İndi hər kəs mövcud vəziyyətdə ölkəmizin siyasi səhnəsinə diqqətlə nəzər yetirsin. Hakimiyyətin içərisindəki cinayətkar “çetenin” təmizləndiyi bu dövrdə, dövlət başçısına dəstək vermək əvəzinə, xalqı təbliğat aparmaqla meydanlara səsləyənlərin məqsədləri nədir?! Yaxşı – yaxşı fikirləşin, bu çağırışı edənlər, aranı qatmaqla, cinayətkər “çeteni” məsuliyyətdən yayındırmaq məqsədi güdmürlərmi?! Yazımın sonunda, yenə də, hər kəsi, verilən suallara ədalət naminə, dövlət maraqlarını üstün tutaraq, vicdanı çərçivəsində cavab axtarmağa səsləyirəm. Bunu, hər kəs, həm də mənim bir vətəndaş çağrım kimi qəbul etsin!
Tahir ABBASLI,
Azərbaycan İslam Demokrat Partiyasının sədri, AXH TK-nın üzvü.
araz.az xəbər portalı.