WhatsApp Image 2021 05 07 at 02.47.06

Bəs, vəziyyətin narahatçılıq doğuran başlıca səbəbləri nədən xəbər verir?!

44 günlük Vətən Müharibəsinin nəticəsi, ötən ilin dekabr ayının 10-da Bakıda Qələbə Paradı, üstəlik paytaxtda açılışı olan “Hərbi Qənimətlər Parkı” və burada nümayiş etdirilən, daha doğrusu, Azərbaycan şəhərlərinə atılmış nüvə başlığı daşıya bilən ballistik raketlərin partlamamış acı sonluğu birmənalı olaraq sübut edir ki, dünyanı qorxu içində saxlayan rus silahı və rus hərbi sənayesi ötən XX əsrə aid tarixi hərbi eksponatlardır. Konkret desək, dünyaya sırınmış saysız-hesabsız “nüfuzlu” rus silahlarının hər birinin özündə, qorxunc adlarından başqa, heç bir gücü qalmayıb; Artıq, XXI əsrdə o nəhəng və qorxunc adları daşıyan rus silahları, müasir texnoloji silahlar qarşısında, qara metal yığnağından başqa bir şey deyil. Və Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə, həm də, rus silahının üzərindəki möhtəşəm qələbədir. O qələbə ki, dünya hərb sənayesinə, hərb elminə yeni baxış və yanaşma gətirdi.
Bir sözlə, bu gün Rusiyanın müasir dövrün tələblərinə uyğun real silah sənayesi və texnologiyası yoxdur. Elə, müharibədə Ermənistanın ağır məğlubiyyəti nümunəsi, Rusiyanın öz silahı və sənayesi ilə, azı 30 — 50 il geridə qaldığını açıb göstərdi. İnkarı mümkünsüz dəqiq faktdır ki, Azərbaycan 44 günlük müharibədə, faktiki olaraq, erməni sifətində Rusiya ilə qarşı-qarşıya gəlmişdi. Elə, “İsgəndər — M”lə bağlı məsələ də, bu qənaətimin təsdiqi olan bir çox sübutlardandır. Bəli, desək ki, Rusiya öz hərb sənayesinin və silahlarının müasir dövrə uyğunsuzluğundan xəbərsiz olub — yanılarıq! Bu yerdə, əvvəla bir həqiqəti qeyd etmək lazımdır ki, bu gün Rusiyanın nüvə silahından başqa arxalandığı heç bir gücü yoxdur. Bunun əyani bir sübutu da odur ki, Rusiya, həmişə, Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) 1945-ci ilin oktyabrında yaradılmış Təhlükəsizlik Şurasının (TŞ-nin) nüvə silahına malik beş üzvünün (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) sırasında, eləcə də, TŞ-nın strukturunda islahatlara qarşı çıxan ölkə kimi tanınıb. Təbii ki, Rusiyanın bunda əsas məqsədi, ayaqlaşa bilmədiyi müasir dövrün güc balansında və siyasi arenasında öz yerini, mövqeyini qoruyub saxlamaqdan ibarət olub.
SSRİ-nın varisi kimi nüvə silahına yiyələnən Rusiya, nüvə silahını da özü icad etməyib. Məlumdur ki, SSRİ nüvə silahının texnologiyasını ABŞ-dan casusluq yoluyla əldə edib: O zaman ki, hələ 6 və 9 avqust 1945-ci il idi və elə, onda da, ABŞ Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə dünyada ilk olaraq bəşəriyyəti lərzəyə gətirən atom bombasını atmışdı. SSRİ isə, nüvə silahının — atom bombasının uğurlu sınağını 1949-cu ilin avqust ayının 29-da keçirə bilmişdi. 1945-ci ildən bu yana isə, ümumən götürdükdə, insan sivilizasiyasını məhv edə biləcək atom bombası silah kimi tətbiq edilməyib. Bundan sonra, Rusiyanın bu silahdan istifadə edəcəyi o qədər də inandırıcı görünmür. Ancaq, faktiki olaraq, nüvə silahı ilə çarəsiz qaldığı və ya müasir dövrün silah texnologiyası ilə ayaqlaşa bilmədiyi üçün, Rusiyanın, siyasi və hərbi durumuna görə, yalnız kimyəvi və bioloji silahlardan, eləcə də radioaktiv maddələrdən istifadə edə biləcəyi ehtimalı getdikcə daha da yüksəlir. Bu ehtimalın əsaslı olmasına sübut olaraq, 2020-ci ilin dekabr ayında Britaniya müdafiə nazirinin, Rusiyanın bu ölkənin küçələrində kimyəvi silah hücumu ilə, minlərlə insanı öldürə biləcəyi barədə açıqlamasını misal göstərmək kifayətdir.
Yeri gəlmişkən, onu qeyd etmək istərdim ki, Rusiyanın bu praktikadan hələlik fərdi şəxslərə, məsələn, Putinə müxalif mövqedə olan Boris Brezovskiyə, sabiq rus agentləri Aleksandr Litvinenkoya, Sergey Skripala və onun qızı Yuliaya, müxalifətçi Aleksey Navalnıya… qarşı istifadə etdiyi əsaslı güman edilir. Suriyada Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejiminin kimyəvi və bioloji silahdan istifadə tarixçəsi də, məhz Rusiyanın adı ilə bağlıdır. Odur ki, ayaqlaşa bilmədiyi müasir silah texnologiyasından xeyli geri qaldığından, dünyada itirməkdə olduğu nüfuz və mövqeyinin bərpası üçün, Rusiyanın kimyəvi və bioloji silahlardan, eləcə də radioaktiv maddələrdən geniş istifadə ehtimalı real görünür. Odur ki, Rusiyanın ölkəmizin ayrı-ayrı yerlərində, daha çox Qarabağda Azərbaycana qarşı bu son vasitədən də istifadə edəcəyinin mümkün olma ehtimalı çox olduğundan, dövlət səviyyəsində ehtiyat heç vaxt əldən buraxılmamalıdır.
Ermənistan da, Azərbaycanı dəfələrlə nüvə silahı ilə hədələyib. Bu ciddi məsələ, hətta Avropa Şurasında da müzakirə predmetinə çevrilib. Hətta 44 günlük müharibədən öncə — 30 iyul, 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Emin Qarabağlı Ermənistanın Metsamor AES-nin tullantılarının Azərbaycanın işğal olunmuş ərazilərində basdırıldığını bəyan edib.
Təbii ki, Azərbaycanın Milli Ordusu da, illər öncədən həm kimyəvi hücumdan müdafiə, həm də kimyəvi və bioloji silahların zərərsizləşdirilməsi ilə bağlı davamlı təlimlər keçirir. Bu ilin may ayının 3-dən isə, ordumuz radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlıqlarının yüksəldilməsi üzrə növbəti tədbirlərini reallaşdırıb. Proseslərin analizi bir daha göstərir ki, Rusiyanın və Ermənistanın Azərbaycana qarşı, xüsusən də, Qarabağda bu tip əməlləri mümkündür. Bir daha xüsusi olaraq onu demək istəyirəm ki, bu təhlükə hələ ehtimal olsa belə, dövlətimiz və xalqımız buna qarşı tam hazır olmalıdır.WhatsApp Image 2021 01 11 at 22.41.43

Vüqar DADAŞOV,
hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi, xüsusi olaraq araz.az xəbər portalı üçün.

araz.az xəbər portalı.