Ünummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin bu il aprelin 11-də keçiriləcək prezident seçkilərində şəksiz qələbəsini təmin edəcək amillərdən biri də seçicilərin ona həm də alternativsiz Ali Baş Komandan kimi ümid bəsləməsidir.
Yeri gəlmişkən xatırlatmağa dəyər ki, aprelin ilk günlərində həm də şanlı Lələtəpə döyüşlərinin növbəti ildönümü qeyd olunacaq. Bu təqvimin yaxınlaşması həm də aprel döyüşçüləri sırasından əlil olanların reabilitasiyası, onların protez məmulatları ilə təchizatı məsələsini aktuallaşdırır. Onlar qalib əsgərlər olduğu üçün diqqət və qayğı ilə əhatələniblər. Lakin reabilitasiyaya ehtiyacı olan digər hərbi qulluqçuların işlərinin heç də yaxşı getdiyini demək olmaz. Bu kateqoriyadan olanların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Hərbi Qulluqçuların Reabilitasiyası İdarəsində bürokratik əngəllərlə üzləşdiyi bildirilir. Həmin idarəyə nazir Səlim Müslümovun qaynı Ağalar müəllim rəhbərlik edir. Elə rəis müavini Elçin Məmmədov da cənab nazirin favoriti sayılır. E. Məmmədov hələ Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsində müdir işlədiyi vaxt Baş Prokurorluğun Antikorrupsiya İdarəsi tərəfindən orada əməliyyat aparılmış, nəticədə şöbənin əməkdaşı cinayət məsuliyyətinə cəlb olunmuşdu. Lakin necə olmuşdusa, E. Məmmədovla çox humanist davranılmış, o, şöbə müdiri görəvindən alınaraq, Nazirlikdə daşıdığı hazırki vəzifəsinə transfer edilmişdir.
RealMedia.az-a verilən məlumatlarda vurğulanır ki, E. Məmmədov Reabilitasiya İdarəsində hərbi qulluqçuların qarşısına çıxan, onları süründürməçiliyə salan əsas maneə – “Ohanyan xətti”dir. Bildirilir ki, bu ilin əvvəlində Nazirliyin Kollegiyasında hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları müəyyənləşdirilsə də, E.Məmmədov hərbçilərin qarşısında Kollegiyanın Təlimatında göstərilənlərdən artıq şərtlər qoyur.
araz.az xəbər portalı.