WhatsApp Image 2021 05 09 at 10.44.08

 

Tahir ABBASLI:

“Rus hökuməti nəhayətdə anlamalıdır ki, atacağı addımları qarşılığında, gec-tez görəcəyi günləri olacaq!”

Rusiyanın Qafqazda apardığı siyasətin məqsədi, gizlinləri və hansı durumda olduğu, son zamanlar açıq-aydın görsənməkdədir. Konkret desək, rus hökumətinin bu istiqamətli siyasətinin onun özünə belə əl verməyən durumda olduğu göz qabağındadır. Bunu, Azərbaycan İslam Demokrat Partiyasının sədri, AXH TK-nın üzvü Tahir Abbaslı da, araz.az-ın əməkdaşına açıqlamasında xüsusi vurğulayıb. Qeyd edib ki, bu yöndən yürütdüyü siyasəti, hətta Rusiyanın özünə belə xoş gəlmir. Partiya rəhbəri, buna, Ermənistanda rus yönümlü qüvvələrlə, hakimiyyətə yeni gətirilmiş batı yönümlü qüvvələr arasında gedən siyasi savaşda Rusiyanın güclü dirəniş göstərə bilməməsini də, artıq, təsdiqini tapmış bir nümunə olaraq göstərib. Müəllif öz açıqlamasında xüsusi olaraq onu da vurğulayıb ki, bütün deyilənlərin inkarolunmaz həqiqət olduğu, eyni ilə, Rusiyanın İkinci Qarabağ Müharibəsində ermənilərə göstərdiyi “gizli” yaxın münasibəti və hərtərəfli köməyi qarşılığında, Türkiyə ilə üz-üzə gəlməsiylə ortaya çıxdı: “Gizli və mücərrəd gedən bu və bu kimi proseslərin üstünün açılmasının Rusiyanı çətin vəziyyətə salması göz qabağında oldu.
Yeri gəlmişkən, onu da qeyd etmək istərdim ki, xalqdan gizli və mücərrəd gedən belə xoş olmayan proseslərdən biri də, bu günlərdə rus hökumətinin Moskva bazarlarında alver edən azərbaycanlılara qarşı göstərdiyi xoşagəlməz münasibətlə ortaya çıxdı. Bu hadisənin mahiyyəti açıq-aşkar onu göstərdi ki, Rusiya kəşfiyyatı ölkəmizdə maraqlarını əvvəlki kimi həyata keçirə bilmir. Elə, çarəsiz duruma düşdüyü üçün də, Rusiyada yaşayan soydaşlarımıza qarşı belə bir təzyiq metodu seçilib. Belə bir addım atması, əslində, Rusiyanı daha pis duruma salacaq, beynəlxalq təşkilatlar qarşısında onun əleyhinə əvvəlcədən qaldırılan ittihamların sayını daha da artıracaq. Bir sözlə, atdığı belə bir addımı ilə, Rusiya tezliklə özünü bir daha ittiham olunacaq vəziyyətə salacaq. Nəzərə alsaq ki, bu gün Rusiyada yaşayan azərbaycanlı soydaşlarımız kimi, Rusiya vətəndaşları da dünyanın bir çox ölkələrinə, xüsusən, qardaş Türkiyə Cümhuriyyətinin ayrı-ayrı şəhərlərinə və bölgələrinə səpələnmişlər, belə görünür ki, belə gedişli hərəkətləri qarşılığında, rus hökuməti, tezliklə, onların da “günlərini göy əskiyə bükəcək”.
Bu yerdə, Rusiya hökumətinin diqqətinə nəyi çatdırmaq istərdim?! Məhz bunu ki, bu hökumət, nəhayətdə, atacağı addımları qarşılığında, gec-tez görəcəyi günlərinin olacağını anlamalıdır!”.
Tahir Abbaslı açıqlamasında daha sonra onu da qeyd edib ki, Rusiyada baş verən bu xoşagəlməz hadisədə bizim üçün sevindirici bir hal da var. Yəni, Rusiyada əvvəllər olmuş belə hadisələr kimi, bu hadisə də birbaşa ona işarədir ki, artıq, Rusiya Federasiyası çökməkdədir: “300 ilə yaxındır ki, öz imperiya maraqlarını qorumaq üçün, Rusiya, bu yüz illiklər içərisində xalqlar arasında etnik qarşıdurmalar salaraq, onları bir-birlərinə qarşı qoymaqla, düşmən edib. Rusiyanın bu çirkin niyyətini başa düşən xalqlar sonda ayağa qalxıblar. Lakin…
…Beləcə, Rus imperiyası ayrı-ayrı xalqları zəif salaraq, öz təsirində saxlayıb. Artıq, bu dövr o dövrlərdən deyil. Hər bir xalq, — sayından asılı olmayaraq, — öz müqəddəratını həll etmək iqtidarındadır. Və mən tam əminəm ki, xalqların bu istəyi, sonda, Rus imperiyasını çökdürməklə nəticələnəcək.
Ümumiyyətlə götürdükdə, Rusiyanın çöküşü nə vəd edir?! Bu suala cavab verməzdən öncə, bir daha, bu xalqların rus imperiyasının bəlasından xilas olacağına tam əminliyimi bir daha qəti olaraq deyirəm. Çünki Rusiyanın müasir dövrdəki iqtisadi və siyasi durumuna baxdıqda, artıq, tam aydın görünür ki, onun hər iki yöndən oynadığı oyunlar bataqlığa düşmüş insanın çabalamasına bənzəyir. Bu mövzuda olan ötən yazılarımda da göstərmişəm ki, Rusiya belə ağır vəziyyətdən çıxış yolu tapmaq üçün müharibəyə girib, dünya gücləri masasında oturmaqla, əski imperiya maraqlarını bir daha həyata keçirmək istəyir. Məhz buna görə də, Azərbaycan hakimiyyəti balanslı elə hərtərəfli siyasət yürütməlidir ki, bu, Rusiyanın Qafqaza, xüsusən Azərbaycana hərbi-fiziki təzyiqlər göstərməsinə fürsət verməsin. Xalqımız unutmamalıdır ki, ölkəmizdə ola biləcək hər hansı bir narazılığı ictimailəşdirməklə “xalq hərəkatına” çevirmək üçün, Rusiya və onun ölkəmizdə yerləşdirdiyi əlaltıları fürsətdə durublar. Hətta paytaxt Moskvadakı soydaşlarımıza qarşı olan məlum hadisə də, Rusiyanın Azərbaycana olan münasibətini ifadə etməklə yanaşı, özünün hakimiyyətdaxili gücünü ortaya qoymuş oldu. Azərbaycan isə, yeni dünya düzümündə çevik siyasi manevr edərək, Türkiyə — Avropa strateji xəttini özünə götürdü”.
Tahir Abbaslı açıqlamasının sonunda, siyasət meydanında olan bir Azərbaycan vətəndaşı kimi, ölkəmizin seçdiyi bu strategiyanı alqışladığını bildirib: “Azərbaycanın seçdiyi bu strategiya, Rusyanın Qarabağda “sülhməramlı” adı altında yerləşdirdiyi ordunun təxribatlarını ortadan qaldırmaqla, həm də ölkəmizdə demokratik islahatların aparılmasına və iqtisadi inkişafa sürətlə yol açacaq. Buna daha tez nail olmaq üçün, sadəcə, doğma Vətənin hər yerində ola biləcək mənfur düşmən təxribatlarına qarşı hər bir Azərbaycan vətəndaşı ehtiyatı əldən buraxmamalıdır. Böyük Allah doğma Vətənimizi, dövlətimizi və xalqımızı gözləniləcək bütün bəla və təhlükələrdən qorusun!”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.