Rusiyalı politoloq: “Kremlin Ermənistana münasibətində heç bir şey dəyişməyib, sadəcə İrəvanda elitalar dəyişib”
Lavrovun Ermənistana səfəri bir çox cəhətləri ilə yadda qaldı. Əslində, İrəvanda Lavrov erməni radikallarından tutmuş, Ermənistan hakimiyyətinə qədər Zəngəzur dəhlizinin istəsələr də-istəməsələr də, işləyəcəyi mesajını verdi.
Bu dəhliz Ermənistanın özündən daha vacib amildir və qlobal oyunçular bununla maraqlanır. Üstəlik, Kremlin özü də başa düşür ki, bu dəhliz olmadan Ermənistanı indiki ilə müqayisədə təchiz etmək və saxlamaq çox çətin olacaq. Digər tərəfdən də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bölgə ölkələri arasında dialoqa başlamaq üçün imkanlar açılır.
Mövzunu AYNA-ya tanınmış rusiyalı politoloq Oleq Kuznetsov şərh edib.
– Lavrovun İrəvana səfərini necə qiymətləndirirsiniz? Səfər necə xatırlanacaq?
– Artıq dəfələrlə demişəm ki, 2008-ci ildən – Rusiyada Dmitri Medvedyevin prezidentliyindən başlayaraq Qarabağ nizamlanması məsələsi xarici işlər nazirlərini aşaraq, dövlət başçıları səviyyəsinə qaldırıldı. O zamandan bu yana XİN rəhbərlərinin rolu poçtalyon və ya tibb işçiləri kimi tamamilə texniki xarakter aldı. Lavrov İrəvana müstəqil bir şəxs kimi deyil, çox məhdud və ya heç bir səlahiyyətə sahib olmayan xüsusi tapşırıqlar alan bir məmur olaraq gəldi, bu səbəbdən də səfərinin Qarabağdakı müharibədən sonrakı nizamlama prosesi üçün hər hansı bir həlledici əhəmiyyətə malik ola biləcəyini söyləməyin mənası yoxdur.
Çox güman ki, növbədənkənar parlament seçkiləri ərəfəsində Paşinyanın mövqelərinin nə qədər sabit olduğunu və onu necə dəstəkləyəcəyini görmək üçün İrəvana uçdu. Əlbəttə ki, Moskvanı ən çox 11 yanvar 2021-ci il tarixli sazişin mümkün qədər tez başlaması maraqlandırır, lakin Paşinyan 20 iyun seçkilərində legitimliyini təsdiqləməyincə, bu, mümkün deyil. Beləliklə, Lavrov İrəvana uçdu ki, Ermənistandakı seçki prosesinin Kremlin maraqlarına uyğun olduğuna əmin olsun.
Sualınızın ikinci hissəsinə gəlincə, cavabım çox qısa olacaq: heç nə! Lavrov, düşünürəm ki, bir-iki ilə bu görüş barədə heç bir şey xatırlamayacaq. Əgər, əlbəttə ki, Paşinyan diz çökmüş vəziyyətdə, Ermənistanı daha beş il idarə etmək fürsəti üçün onun əllərini öpməyibsə. Mənim anlayışımda, Lavrovun Qarabağ nizamlama prosesindəki yeri nəzərə alınmaqla, səfər tamamilə simasız idi.
– Lavrovun İrəvanda verdiyi əsas mesajlar hansılardır?
– Hər bir intellektual mesajın konkret bir ünvanı var, belə ki, hər kəs yalnız görmək istədiyini görür və ya ona ünvanlandığına inanır. Şəxsən mən Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanda iki prinsipial açıqlama verdiyinə inanıram:
Birincisi, Rusiyanın siyasi və hərbi sahələrdə Ermənistanla əməkdaşlığa davam edəcəyini söylədi. Yəni, artıq Paşinyan Putinin “palata xəstəsi” oldu, çünki, əks halda onu yalnız siyasi deyil, həm də fiziki ölüm gözlədiyini bilir və başa düşür.
İkincisi, hər kəsi Qarabağ nizamlama prosesini siyasiləşdirməməyə çağırdı. Bundan belə nəticəyə gəlmək olar ki, bu proses keçmiş münaqişə bölgəsində iqtisadi və nəqliyyat əlaqələrini açmaqdan qaynaqlanan maliyyə axınları mərhələsinə qədəm qoydu. 10 noyabr 2020-ci il tarixli sazişin tərəfləri hipotetik mənfəəti bölüşürlər və pul isə, hər kəsin bildiyi kimi sükutu sevir.
Yuxarıda deyilənlərin hamısından daha bir ümumiləşdirici nəticə çıxır: Qarabağın taleyi artıq müəyyənləşdirilib, Azərbaycanın tam yurisdiksiyasına girəcək və indi bunun üçün Ermənistan və Rusiyanın müvafiq olaraq hansı kompensasiyanı alacağı barədə bir bazarlıq ortadadır.
Bu gün Rusiya Azərbaycanın Cənubi Qafqaz bölgəsində gücünü artırmasından və Ermənistanın öz dövlətçiliyi olmayan Abxaziya səviyyəsinə endirilməsinin qarşısını necə alacağından narahatdır. Ermənistan tam bir siyasi format olunmaqla üz-üzədir və Moskva bu prosesin tamamilə onun nəzarəti altında və kənar müdaxilə olmadan baş tutmasını istəyir. Bu gün Kremldə və Lubyankada Azərbaycanı regionda Türkiyənin mənafelərinin lobbisti sayırlar, ermənilər bu ölkəyə münasibətdə genetik bir fobiya daşıyırlar və Kreml bu fobiyadən istifadə edərək, özünü ermənilərin bioloji varlığının əsas və yeganə müdafiəçisi kimi göstərir, əslində isə bu ölkədəki məqsədlərini həll edir. İndi taleyi əvvəlcədən təyin olunmuş Qarabağ üçün deyil, taleyi hələ anlaşılmaz olan Ermənistan üçün qlobal bir geosiyasi mübarizə var.
– Lavrovun erməni millətçilərinin tezislərini bu qədər kəskin şəkildə susdurması indi hansı proseslərin getməyindən xəbər verir?
– İndiki erməni nasistləri və ultra-nasistlər Qərbyönümlü və açıq şəkildə anti-Rusiya mövqe tuturlar, bunun ən canlı və illüstrativ sübutu keçmiş terror qrupu “Sasna Tsrer” və bu gün ABŞ ordusunun keçmiş yaşıl bereti Jirayr Səfilyanın rəhbərliyi altında Milli Demokratik Qütb siyasi partiyasıdır. Onların fikrincə, bütün Rusiya hərbçiləri Ermənistan və Qarabağdan geri çəkilməli və ölkə ABŞ-ın xarici nəzarəti altına verilməlidir.
Əgər əvvəllər Köçəryan və Sarkisyan dövründə erməni neo-nasistlər və “Miatsum” ideyasının tərəfdarları Kremli dəstəkləyirdilərsə, bu gün onlar Moskvanın əleyhinə çevrildilər və bu, son üç ildə Ermənistanın daxili siyasi mənzərəsindəki əsas dəyişiklikdir. Buna görə hamımız Kremlin erməni neo-nasistlərinə münasibətində bir dəyişikliyin şahidi oluruq: əvvəllər Cənubi Qafqaz bölgəsindəki hərbi-siyasi nüfuzlarını və varlıqlarını qorumaq üçün Ermənistandakı rejimləri dəstəkləyirdilərsə, bu gün həqiqətən Ermənistana qarşı apardığımız xarici siyasətimizin nəticələri ilə mübarizə aparmalıyıq.
Buna görə bir neçə il əvvəl sükutu ilə erməni millətçilərini dəstəkləyən Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun davranış tərzindəki dəyişikliklər baş verir və bu gün onların söz və geopolitik cəfəngiyatlarını kəsmək məcburiyyətində qalır. Üstəlik, Ermənistana münasibətdə, bölgədəki geosiyasi təsirinin bir forpostu olaraq Kremlin münasibəti heç bir şəkildə dəyişməyib: pul və silahla qidalandırmaqda davam edəcək, çünki bu istiqamətdə hər addımın arxasında korrupsiya sxemləri var və konkret yüksək rütbəli rus məmurlarının ticari mənafeyi, hər tranşdan və ya çatdırılmadan faiz alması durur. Buna görə Kremlin Ermənistana münasibətdə siyasətində bir şeyin dəyişdiyi barədə illüziyalar qurmaq düz deyil. Sadəcə, İrəvanda elitalar dəyişib…
araz.az
araz.az xəbər portalı.