Respublika Perinatal Mərkəzinin (RPM) baş həkimi vəzifələrini icra edən Məryəm Rzayevanın səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz işlər gördüyü iddia olunur.
Bu şikayətlə “Qafqazinfo”ya Mərkəzin həkim kollektivi müraciət edib.
Müraciətdə qeyd olunub ki, Məryəm Rzayeva RPM-də monopoliya yaradaraq, Mərkəzə müraciət edən xəstələri özüylə əlbir olan həkimlərə müəyyən faiz qarşılığında satır:
“Respublika Perinatal Mərkəzində qəbul şöbəsi yoxdur. Qanunla bu olmamalıdır. Bizim mərkəzə müraciət edən xəstələr qeydiyyat şöbəsi tərəfindən aidiyyəti üzrə növbədə olan həkimlərə yönləndirilməlidir. Ancaq Məryəm Rzayeva RPM-in sabiq baş həkimi Sevinc Məmmədovanın dönəmindən qalan qanunsuzluğu davam etdirir. Məsələ burasındadır ki, RPM-də qeyri-qanuni olaraq qəbul şöbəsi yaradılıb. Qanunsuz olaraq yaradılan qəbul şöbəsinə isə nəzarəti Yamən Sultanova edir. Sağlıq ocağına gələn xəstələr Yamən Sultanovanın əliylə monopoliyada yer alan həkimlərə ötürülür. Hamiləliyin müalicəsi ilə müraciət edənlər yalnız Hamiləliyin Patologiya Şöbəsinin müdiri Vəfa Babayevaya, doğuş üçün müraciət edənlər isə həkim Kifayət Əzimovaya müəyyən faiz qarşılığında satılır, ya da Yamən Sultanova onları öz adına yazır. Bu həkimlər növbədə olmayanda da, onlar evdən çağırılıb gətirilir. Xəstələrdən alınan ödənişlərdən də monopoliyanı quran, baş həkim vəzifələrini müvəqqəti icra edən Məryəm Rzayevaya haqq verilir”.
Həkimlər iddia edib ki, eyni problem ambulator poliklinka şöbəsində də davam edir:
“Həkimlərin işdə olmasına baxmayaraq, gələn xəstələrə “filan həkim işdə, şəhərdə deyil, o həkimi məsləhət görmürəm. Sizə daha yaxşı həkim verim” deyilərək, yenə hamilə qadınlar monopoliya quran həkimlərə yönləndirilir. Bir sözlə o şöbədə də alver davam edir. İş vaxtı 6 saatdır, amma Yamən Sultanova qeyri-qanuni olaraq 10 saat işdə qalır və öz qanunsuz əməllərini gerçəkləşdirir. Müəyyən pul qarşılığında Kifayət Əzimova üçün də məsul həkim vəzifəsi yaradılıb ki, bu da qanunsuzdur. Ümumiyyətlə, səhiyyə sahəsində “Məsul həkim” məfhumu yoxdur. Belə olan halda xəstələrin doğuşu, əməliyyatı birbaşa onun nəzarətinə keçib. 8 həkim növbədə gözlədiyi halda, Kifayət Əzimova ancaq özü əməliyyatlara girir”.
Həkimlərin sözlərinə görə, dəfələrlə məsələ ilə bağlı narazılıqlarını bildirsələr də, qəbul şöbəsinin qanunsuz olması ilə bağlı etiraz etsələr də, bu özbaşınalıq davam edib.
“Yamən Sultanova özünə haqq qazandırmaq üçün dəfələrlə kollektivin içində etiraf edib ki, o, qeyri-qanuni fəaliyyət göstərən qəbul şöbəsində əyləşmək üçün keçmiş baş həkim Sevinc Məmmədovaya 10 min manat pul verib. Son günlərdə dövlətimiz tərəfindən səhiyyə sahəsində baş verən özbaşınalıqlarla bağlı çox ciddi ölçü götürülür. Biz də şəffaflığın təmin olunması üçün bu müraciəti etmək qərarına gəldik”. – deyə RPM-in həkim kollektivi bildirib.
Qısa arayış olaraq bildirək ki, 2009-cu ildə istifadəyə verilən Respublika Perinatal Mərkəzinin bundan öncəki direktoru Sevinc Məmmədova olub. O, 2020-ci ilin mayında yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Məryəm Rzayeva isə əvvəllər mərkəzdə Uşaq Reanimasiya Şöbəsinin müdiri, daha sonra isə direktor müavini olub. Sevinc Məmmədova işdən çıxarıldıqdan sonra, onun vəzifələrini Məryəm Rzayeva icra edib.
Mərkəz bu ilin aprelindən TƏBİB-in tabeliyinə keçdiyi üçün quruma sorğu göndərdik. TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib:
“Məsələ ilə bağlı sözügedən tibb müəssisəsində araşdırma aparılacaq. Eyni zamanda vətəndaşlardan xahiş edirik ki, neqativ hallarla bağlı sübutlar olduğu təqdirdə hüquq mühafizə orqanlarına müraciət etsinlər”.
araz.az
araz.az xəbər portalı.