758340df4407951a807c1fa199ff817e

 
Artıq 3-cü dalğa sönür, ənənəvi tədrisin bərpası gözlənilən idi
Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.
Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd edib ki, orta ümumtəhsil məktəblərində tədrisin yenidən bərpası gözlənilən idi. O qeyd edib ki, çünki artıq ölkəmizdə koronavirusa yoluxma sayında müəyyən qədər azalma müşahidə olunmaqdadır:
“Hətta biz proqnozlaşdırırdıq ki, məktəblərin açılması daha erkən ola bilər. Belə ki, bizim proqnozumuzda aprel ayının 26-dan tədrisin bərpası mümkün idi. Çünki Azərbaycanda koronavirusun üçüncü dalğası demək olar ki, başa çatmaq üzrədir. Digər tərəfdən nəzərə alsaq ki, artıq vaksinasiya prosesinə orta ümumtəhsil məktəblərində çalışan müəllimlər və texniki işçilərin böyük faizi qoşulub. Digər tərəfdən isə sevindirici haldır ki, ölkədə pandemiya qaydalarına uyğun olaraq davranış artıq hər kəs tərəfindən mənimsənilib. Qeyd edim ki, may ayının 17-də ölkənin Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəki məktəblərində tədris bərpa ediləcək. Yəni ibtidai siniflər yenidən həftədə 3 dəfə, digər yuxarı siniflər isə həftədə iki dəfə məktəbə gedəcəklər. Eyni zamanda bu, məktəbəqədər hazırlıq qruplarına da aiddir”.
K.Əsədov qeyd edib ki, may ayının 17-dən etibarən tədrisin qismən bərpasının əsas məqsədi ikinci yarımil və il üzrə summativ qiymətləndirmənin həyata keçirilməsidir:
“Məlum olduğu kimi, distant formada qiymətləndirmənin həyata keçirilməsində bir sıra problemlər ortaya çıxırdı. Məsələn, bir çox şagirdlər alətlər olmadığına görə qiymətləndirmədə iştirak edə bilmirdilərsə, digər qism isə kənar müdaxilələrlə bu qiymətləndirmədə iştirak edirdilər. Bu da təbii ki, obyektiv olmurdu. Qeyd edim ki, may ayının 17-dən etibarən şagirdlərimiz cəmi 21 gün məktəbə gedəcəklər. Digər tərəfdən bir maraqlı məqamı da qeyd edim ki, 17 maydan tədrisin bərpası o demək deyil ki, həmin məktəb bağlana bilməz. Təbii ki, yenə də hansısa məktəbdə şagirdlər və müəllimlər arasında yoluxma halları müşahidə olunacaqsa, həmin məktəblər müəyyən müddətə yenidən qapanmaya gedəcəklər. Mən çox ümidliyəm ki, bu il tədris prosesi son zənglə yekunlaşacaq”.
Ali təhsil müəssisələrində tədrisin bərpasına gəlincə, təhsil eksperti vurğulayıb ki, bu təhsil müəssisələrdə tədrisin ənənəvi bərpası gözlənilmir:
“Xatırladım ki, fevral ayının 1-dən etibarən laboratoriya işi tələb edən, eyni zamanda birbaşa yanaşma tələb edən fənlər onsuz da bərpa edilib. Yəni ali təhsil müəssisələri və orta ixtisas təhsil müəssisələrində yalnız praktik iş tələb edən ixtisaslarda və fakültələrdə tədris bərpa edilib. Digərlərində isə hələlik hər hansı bərpa həyata keçirilməyib”.
 
 
araz.az

araz.az xəbər portalı.