Bu gün “Azərkitab” Kitab Təbliğatı Mərkəzi və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.
Mətbuat Şurasından araz.az-a daxil olan məlumatda deyilir ki, toplantı Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşovun müəllifi olduğu “Heydər Əliyevin media dərsləri” kitabının təqdimatı kimi də yadda qalacaq bu tədbiri giriş sözü ilə “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov açıb. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana dövlətçilik irsini miras qoyduğunu vurğulayıb. Qeyd edib ki, bu irs çoxşaxəlidir. Özünü ən müxtəlif sahələrə, o cümlədən mədəniyyətə təsirdə də göstərməkdədir. Tarixi xidmətlərinə görə, Heydər Əliyevin əziz xatirəsi hər zaman yaddaşlarda qalacaq, dərin hörmət və ehtiramla yad ediləcəkdir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə, öz çıxışında, Heydər Əliyevi medianın gücündən məharətlə istifadə etməyi bacaran siyasi lider və şəxsiyyət kimi səciyyələndirən cəhətlərinə toxunub. O bildirib ki, özünün bütün həyatını Azərbaycanın tərəqqisinə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna həsr edən Ulu Öndər jurnalistikaya da hər zaman yüksək dəyər verib: “Onun jurnalistlərlə təmasları, ayrı-ayrı görüşləri, müsahibələri özlüyündə bir tarixdir.
Heydər Əliyevin media dərsləri” kitabında əsasən bu məqamlara diqqət yetirilib, həmçinin orada Ümummilli Liderlə bağlı xatirələr toplanıb”, – deyə, Əflatun Amaşov bildirib. Mətbuat Şurasının sədri həmçinin onu da vurğulayıb ki, Heydər Əliyev siyasətinin mahir davamçısı olan Prezident İlham Əliyev də, mediaya həssas münasibəti, diqqət və qayğını dövlət siyasətinin mühüm tərkib hissəsinə çevirib.
Çıxış edənlərdən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İradə Hüseynova, Milli Məclisinin deputatı Aydın Hüseynov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə Heydər Əliyev şəxsiyyətinin həyat və fəaliyyətindəki örnək məqamlardan söz açıblar. Onlar bildiriblər ki, Azərbaycanın xilaskarı olan Ulu Öndər dövlət başçısı olduğu dönəmdə 44 günlük Vətən Müharibəsindəki zəfərimizi şərtləndirən beynəlxalq diplomatik fəaliyyətin əsasını qoyub. Onun layiqli davamçısı olan Prezident İlham Əliyev bu kursu qüsursuz şəkildə icra edərək, müasir dövrün proseslərinə ustalıqla uyğunlaşdıraraq tarixi ədalətin bərpasında – torpaqlarımızın işğaldan qurtulmasında son dərəcə böyük əzm və iradə nümayiş etdirib. Çıxış edənlər, eyni zamanda, “Heydər Əliyevin media dərsləri” kitabının əhəmiyyətini vurğulayaraq, oradakı materialların seçiminə həssaslıqla yanaşıldığını, müxtəlif məqamların ətraflı təhlil edildiyini diqqətə çatdırıblar. Onu da
qeyd edək ki, toplantıya Bakı Dövlət, Mədəniyyə və İncəsənət universietlərinin, Gömrük Akademiyasının tələbə və müəllim kollektivləri onlayn rejimdə qoşulublar.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.