Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvanda saxta “soyqırım abidəsi”ni ziyarət etməsi, verdiyi açıqlamalar və s. göstərir ki, onun Bakı səfəri heç də xoş əhval-ruhiyyədə keçməyəcək. Analitiklər də Lavrovun İrəvandan sonra Bakı səfərinin təzyiq xarakterli olacağını ehtimal edirlər.
Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, Lavrovun bəzən rast gəlinən anti-Azərbaycan çıxışlarında həm də ölkəmizdəki “beşinci kolon”un rolu var. Onun fikrincə, Azərbaycanda “beşinci kolon” nümayəndələrinin hakimiyyətdən tam təmizlənməsi üçün xeyli vaxt lazımdır. “AzPolitika.info”ya istinadən Cümşüd Nuriyevlə müsahibəni təqdim edirik:
– Cümşüd bəy, Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvana səfər etdi, bu ölkədə danışıqlar apardı. Mayın 10-da isə Bakıya səfər edəcək. Sizcə, indiki mərhələdə Lavrovun regiona səfərinin əsas məqsədi nədir?
– Diplomatik etiket tələb edirdi ki, Sergey Lavrov İrəvan səfərindən dərhal sonra Bakıya gəlsin. Amma biz bunu müşahidə etmədik. Onun İrəvan səfərindən bir neçə gün sonra Bakıya gəlişi göstərir ki, İrəvan danışıqlarının nəticəsindən asılı olaraq, Azərbaycan üçün yeni “resept” hazırlanacaq. Bu “siyasi resept”də nələrin olduğunu deyə bilmərəm, amma orada həm İrəvanın istəkləri nəzərə alınacaq, həm də Azərbaycana hansı yollarla siyasi təzyiqlərin edilməsi öz əksini tapacaq.
Azərbaycana gələndə, Lavrov bu təkliflərin hansının həyata keçə biləcəyi, hansınınsa mümkün olmayacağını sınaqdan keçirəcək. Bilmək istəyəcək ki, Bakı buna necə reaksiya verir. Əgər, bu məsələ bizim Xarici İşlər Nazirliyimizin öhdəsinə qalmış olsaydı, məncə, Lavrov oyunu udmuş olardı. Amma burada söhbət İlham Əliyevdən gedir. Lavrovun isə İlham Əliyevi udması mümkünsüzdür. Başqa sözlə, İlham Əliyev siyasi cəhətdən kifayət qədər hazırlıqlı adamdır və ölkənin xarici siyasətini də bilavasitə özü həyata keçirir. Odur ki, mən xüsusi bir narahatçılığa əsas görmürəm. Düşünürəm ki, bu da Lavrovun növbəti səfərlərindən biri olacaq. Nə Azərbaycan əvvəlki Azərbaycandır, nə də Lavrov 5 il əvvəlki Lavrovdur.
Nəzərə alaq ki, Türkiyənin də Cənubi Qafqazda mövqeyi kifayət qədər güclüdür və Azərbaycan artıq tək də deyil. Bu mənada Lavrovun səfəri Azərbaycan üçün həm də bir sınaq olacaq. Əlbəttə, sülhməramlılarla bağlı da Azərbaycan konkret mövqeyini ortaya qoymalıdır.
– Xankəndində keçiriləcək paradı nəzərdə tutursunuz?
– Rusiyanın dünyanın 4-5 ölkəsində sülhməramlısı var. Mən onlarla maraqlandım. Afrikada, Avropada, Moldovada da var. Niyə onlar həmin ərazilərdə parad keçirmir, ancaq Xankəndində keçirir? Bu, həm ermənilərə mesajdır, həm də Azərbaycana göstərilir ki, biz burada nə istəsək edə bilərik. Bu, narahatedici addımdır. Rusiya çalışır ki, özünü güclü göstərsin, amma Rusiyanın o gücü qalmayıb.
– Bir neçə gün əvvəl rəsmi Bakı əsirlikdə olan üç ermənini azad edərək İrəvana göndərdi. Bu prosesin Lavrovun səfəri ilə əlaqəsi varmı?
– Bizim mətbuat bu hadisəni başqa cür təqdim edir. Mən dəqiq bilirəm ki, İlham Əliyev bu üç ermənidən azı 300 nəfərlik xeyir götürməsə, yəni siyasi dividend qazanmasa onların İrəvana göndərilməsi mümkünsüz idi. Əslində, bizdə olan ermənilərin içərisindən ən zərərsizləri seçilib və qarşılığında nəsə alınıb. Axı, biz bilmirik ki, Bakı bunun qarşılığında nə istəyib. Elə məsələlər var ki, bunlar mətbuata çıxmır. Biz bunun arxasında nələrin durduğunu bilməsək də, aydındır ki, Azərbaycan Prezidenti bunun qarşılığını almadan onların İrəvana göndərilməsinə razılıq verməzdi. Odur ki, bu hadisənin Lavrovla heç bir əlaqəsi yoxdur. Azərbaycan müstəqil xarici siyasət yürüdür və inanmıram ki, 44 günlük müharibədən sonra Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün olsun. Eyni zamanda, Azərbaycan deyə bilməz ki, Lavrov gəlməsin. Təklif Rusiya tərəfindən gəlib. Əgər ölkələr arasında əməkdaşlıq varsa, səfərlər də olmalıdır.
Məncə, Azərbaycan Rusiya ilə münasibətlərində dəyişiklik etmək istəyirsə, bizim Moskvadakı səfirimiz dərhal geri çağırılmalıdır. Polad Bülbüloğlu istedadlı incəsənət nümayəndəsidir. Amma bu müddət ərzində özü qarabağlı olmasına rəğmən böyük səhvlərə yol verib. Bu gün də o adam Azərbaycan üçün çalışmır.
– Bəs, kim üçün çalışır?
– Bədbəxtçilik ondadır ki, heç kimə, heç özü üçün də çalışmır. Bu incəsənət adamları diplomatiyaya musiqi, bəstə kimi baxırlar. Bu adamın orada olmasının hər günü Azərbaycan üçün ziyandır. Onu dəyişmək, yerinə peşəkar diplomat göndərmək lazımdır. Məğlubiyyət dövrü üçün Polad Bülbüloğlu yarayırdı, amma qalib Azərbaycan üçün zəif Polad Bülbüloğlunun Moskvada olması işimizi əngəlləyir. Oradakı səfirimizin ağzından od püskürməlidir. Ermənistanın səfirinə baxsın… Deyim ki, bizdə belə güclü diplomatlar var. Məsələn, Xələf Xələfov və ya Mahmud Məmmədquliyev. Hər ikisi Rusiyanı yaxşı bilir. Bizim peşəkar diplomatlarımız var.
– Siz daim “beşinci kolon”un təhlükəsindən bəhs edirsiniz. Səfir Polad Bülbüloğlunu da bu çərçivədə görürsünüz?
– Polad öz fəaliyyətsizliyi ilə həmin çərçivəyə çoxdan daxil olub. Hüquqda cinayət hərəkəti və hərəkətsizliyi anlayışı var. Diplomatiyada da eyni şeydir. Hərəkətsiz durmaq da eyni məsələdir. Bizim ən böyük diasporamız Rusiyadadır. Amma diaspora yaman gündədir. Gündə bir rəhbər dəyişir. Əslində, Rusiyadakı Azərbaycan diasporası bizim ən böyük bayrağımız olmalıdır. Təxminən Ermənistanın Kaliforniyadakı diasporası kimi. Moskvada bu işi görəcək adam lazımdır. Mənim Polad Bülbüloğlu ilə şəxsi problemim yoxdur. Amma Azərbaycan üçün o, yaramayan səfirdir və dəyişdirilməlidir.
“Beşinci kolon”a gəldikdə, deyim ki, nə qədər Azərbaycanda erməni kökənli şəxs varsa, hamısı “beşinci kolon”dur. Onlar parlamentdə də var, hökumətdə də yüksək səviyyədə təmsil olunurlar, hətta Prezident Administrasiyasında da var. Əslində, bunları jurnalistlər araşdırmalıdır, onsuz da mənə kifayət qədər təzyiqlər var.
– “Beşinci kolon”un nümayəndələri hesab etdiyiniz şəxslər sizə təzyiqlər edir?
– Baxın, kimlər Haykanuşla bağlıdır. Prezident Aparatında azı iki şöbə müdirinin ermənilərlə bağlılığı var, yəni erməni qanı daşıyanlardır. Eynilə, Nazirlər Kabinetində. Onlar heç vaxt Azərbaycana xidmət etməyəcəklər. Bizim bu saat əsas bəlamız “beşinci kolon”dur. Rusiyanın da Azərbaycana təzyiqində onlar böyük rol oynayırlar. Lavrov kimiləri də bəzən cızığından çıxıb artıq-əskik danışırlar. Çünki bilirlər ki, Azərbaycanda onlara bağlı adamlar kifayət qədərdir, əllərində də rıçaqlar var. Kimlərsə bu barədə danışırsa, onlara hərtərəfli ciddi təzyiqlər olunur. İnanın, adama elə şəxslər çıxır ki, əlin ağzında qalır. Öz-özünə deyirsən ki, ilahi, axı bu, millətçi, türkçüdür. Məlum olur ki, sən demə bu, icazə verilən müxalifətçilərdəndir. Bizim faciəmiz budur. Kimlər ki bu milləti çox sevir, onun üçün canını qoyur, onların hamısı təzyiqə məruz qalır.
– “Beşinci kolon” sayılan insanların böyük əksəriyyəti işdən çıxarıldı, bəziləri qovuldu, həbs olunanları var. Bu məsələ bitmədimi?
– Onlar buraya 25 il ərzində yerləşdirilib. Təxminən 25 il də lazımdır ki, onlar tam təmizlənsin. Gedib oturdu Prezident Administrasiyasında və hamısını da yerləşdirdi. Baxın, 8 icra başçısı tutuldu. Onları Prezidentə kim təqdim etmişdi? Ya YAP-ın xətti ilə gəliblər, ya da Prezident Aparatının. Təqdim edənləri də cəzalandırmaq lazımdır ki, bir də belə qələt etməsinlər. Eyni şeyi parlament seçkiləri haqqında da demək mümkündür. Hamısı öz qohum-əqrabasını seçib.
– Siz həbs edilən icra başçılarını da rusiyameylli hesab edirsiniz?
– Yadınızda saxlayın, kim bu millətə zülm edirsə, “beşinci kolon”un nümayəndəsidir. Məqsəd xalqla Prezident arasında olan vəhdəti dağıtmaqdır. Bunun başqa izahı yoxdur. Adamlar bunları bilərəkdən edirlər. Müharibədən sonra bəzi icra başçıları tərəfindən şəhid ailələrinə, qazilərə qarşı hörmətsizlik müşahidə edildi. Bunun arxasında hansı məqsədlər durur?
Açığını deyək ki, onlar çox yaxşı işləyirlər. Onlar Azərbaycan dövlətinə xidmət göstərsəydilər, bizim ölkəmiz çox güclü olardı. Faciə ondan ibarətdir ki, onlar xalqa deyil, yığdıqları pula xidmət edirlər. Onların abır pərdəsi çoxdan yırtılıb. Əgər insan nədənsə utanmırsa və qorxmursa, deməli, ən təhlükəli adamdır. Onları seçib vəzifəyə təyin etməyə nail olanlar da bunu yaxşı bilir. Sanki zərgər dəqiqliyi ilə ən yaramaz adamları seçirlər. Dünyanın heç bir yerində qarson, tamada icra başçısı olmayıb. Bu, ancaq Azərbaycanda baş verib. Nədir-nədir kiminsə qohumudur. Bunları açıb deyəndə də olursan pis…
– Demək istəyirsiniz ki, sizə “beşinci kolon” tərəfindən hücumlar təşkil edilir?
– Bəli. Mənə hücumlar ən çox Sahil Babayev və Ramiz Mehdiyevə görədir. Yalnız Nəcməddin Sadıqovla bağlı təzyiq yoxdur, əksinə, bu məsələdə hərbçilər məni yüksək səviyyədə müdafiə edirlər. Heç olmasa 4-5 general zəng edərək dəstəyini ifadə edib. Amma o dediklərimə artıq gücüm çatmır. Vallah yorulmuşam, özümdən də zəhləm gedir. Sadəcə, adamın millətə yazığı gəlir. Axı, bu millət belə cəzaya layiq deyil. Bunlar mərdi qova-qova namərd edir.
Ramiz Mehdiyevi aparıb o böyüklükdə quruma rəhbər qoydular. Çıxarmırlar da. Bu yaşda adam elmə nə verəcək? İndiyə qədər nə verib ki, bundan sonra nə versin? Ramiz Mehdiyevdən ötrü elə adamlar məndən xahiş etdi ki, özümdən və həyatımdan iyrəndim. Gəlib deyir ki, adam AMEA-da rüşvətin qarşısını kəsib. Əgər bu millətin alimi belədirsə, görün yerdə qalanlar nə gündədir. Mənim ağlıma gəlməzdi ki, bu adamların onunla bağlılığı ola bilər. Adamı içdən ağladan da budur. Nə vaxt bu millət ayılacaq? Daha neynəməlidirlər? Yaxşı, hər şeyini əlindən alıb, sən də deyirsən ki, onunla işin yoxdur…
– Kimlər deyir bunu sizə?
– Akademiyanın alimləri. Bir millətin oxumuşu özünü belə ucuz tutursa, digərlərini qınamıram, əksinə yazığım gəlir. Azərbaycanın bu qədər ağıllı və tərbiyəli adamları var. Hamısı çəkilib durub kənarda, yaxın dostarım da deyir ki, sən də çəkil. Mən də çəkilməli olsam, gərək Azərbaycanı tərk edim.
araz.az xəbər portalı.