“Laçın dəhlizi”ndə patrul xidməti Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi tərəfindən aparılır.
araz.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd olunur ki, Rusiya sülhməramlıları atəşkəsə əməl olunmasına nəzarət və nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi, “Laçın dəhlizi” boyunca ərzaq məhsulları və müxtəlif malların daşınması vəzifələrini davam etdirirlər.
Məlumatda bildirilib ki, ötən ilin 12 noyabrdan bəri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin hərbi polis bölməsi “Laçın dəhlizi”ndə hər gün keşik çəkir.
“Bu patrulun məqsədi atəşkəs razılaşmasının icrasını izləmək, məlumat toplamaq, ərazinin müşahidə məntəqələrindən görünməyən sahələrini yoxlamaq və Rusiya sülhməramlı kontingentinin mövcudluğunu nümayiş etdirməkdir”-deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib .
Hərbi polis bölməsinin zabiti, polkovnik-leytenant İvan Kuzminin verdiyi məlumata görə, Rusiya sülhməramlı kontingenti müqavilələrə uyğun olaraq nəzarəti yalnız “Laçın dəhlizi”ndə deyil, 5 kilometrə qədər eninə yaxınlaşmalarda da həyata keçirir.
Onun sözlərinə görə, dəhlizdə hava şəraitinə baxmayaraq hər gün keşik çəkilir. İvan Kuzmin deyib ki, ən çətin dövr dəhlizdə sıx dumanın olduğu və yolun buzlaşdığı dekabr – yanvar ayları idi.
Rusiya sülhməramlı kontingentinin hərbi polisi tərəfindən nəzarət edilən patrul yollarının gündəlik uzunluğu təxminən 50 kilometrə bərabərdir.
Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi dəhlizdə keşik çəkməklə yanaşı, müntəzəm olaraq humanitar aksiyalar zamanı təhlükəsizliyin təmin edilməsində iştirak edir, zəvvarları sərhəd xəttinin yaxınlığında yerləşən kilsələrə gedərkən müşayiət edir.
araz.az xəbər portalı.