2 0 02

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu gün Türkmənistanın Neft və Qaz Sektoruna İnvestisiyaların cəlb edilməsi üzrə Beynəlxalq Forumda çıxış edib.

Tədbir həmçinin Türkmənistan Respublikası müstəqilliyinin 30-cu ildönümü mərasiminə təsadüf edib.

Çıxışına Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbriklə başlayan R.Abdullayev Azərbaycan üçün vacib tərəfdaş və qardaş olan bu ölkəyə ən səmimi arzularını çatdırıb, Türkmənistanın gələcəkdə daha da çiçəklənməsini arzu edib.

SOCAR prezidenti çıxışına davam edərək vurğulayıb ki, Azərbaycan və Türkmənistan özlərini hər bir sahədə tam təmin edən ölkələrdir.

“Bu iki ölkə beynəlxalq kreditlərdən, xarici yardımlardan və ya xarici təsirlərin hər hansı digər forma və növlərindən asılı deyillər. Dövlətlərimiz milli, əxlaqi, etik ənənələrinə qətiyyətlə sadiqdir. Prezidentlərinin düzgün rəhbərliyi altında həm Azərbaycan, həm də Türkmənistan inamla irəliləyir, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr kimi çox vacib məsələləri həll edirlər. Məsələn, TAPİ qaz kəməri layihəsi Türkmənistanın enerji diplomatiyasının sübutudur və nəinki sülh proseslərinin səmərəli irəliləməsinə töhfə verəcək, həmçinin Xəzər dənizi, Orta və Cənubi Asiya bölgələri də daxil olmaqla geniş bir geoiqtisadi məkanda iqtisadi əməkdaşlığın gücləndirilməsinə kömək edəcək.

R. Abdullayev öz çıxışının davamında Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamədən, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistanın başçısı Qurbanqulu Berdiməhəmmədovun imzaladığı birgə bəyanatdan bəhs edib.

SOCAR prezidenti eyni zamanda 2021-ci il yanvarın 21-də Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və hasilatı haqqında imzalanan anlaşma memorandumundan söz açdı.

Çıxışda həmçinin Türkmənistan ilə SOCAR arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulandı.

Qeyd edildi ki, artıq tam istifadəyə verilən Cənub Qaz Dəhlizi kəməri də əməkdaşlığın inkişafında yeni imkanlar açır.

Ölkələr arasındakı möhkəm əlaqələrə toxunan R.Abdullayev SOCAR-ın qardaş Türkmənistanın zəngin resurslarını Cənubi Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin vasitəsi ilə beynəlxalq bazarlara çıxışını təmin etməyə hazır olduğunu bildirdi.

R.Abdullayev Azərbaycan və Türkmənistan nümayəndələrinin üzərində uğurla çalışdığı “Dostluq” yatağının birgə işlədilməsini bu əməkdaşlaq üçün gözəl nümunə olacağını bəyan etdi.

SOCAR-ın prezidenti öz çıxışını Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sözləri ilə yekunlaşdırdı:

“Ölkələrimiz Xəzər dənizinin davamlı sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və təsirli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verir. Bütün Xəzəryanı ölkələrin də qeyd etdiyi kimi, Xəzər sülh və mehribanlıq dənizidir”.

Xatırladaq, SOCAR şirkəti bu forumun baş partnyorudur.

araz.az

araz.az xəbər portalı.