Doğrudan da Azərbaycanı sevən hər kəs, hər bir vətəndaşımız kimi bizim üçün də həyəcanlı məqamlardır. Şuşadan canlı yayımla “Xarıbülbül” festivalını seyr edirik. 28 illik işğaldan sonra… Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla xalqımızın görkəmli ictimaiyyət nümayəndələri də oradadır.

araz.az xəbər verir ki, bu sözləri moderator.az-a açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov deyib.

“Bu festival Azərbaycan xalqının xoş bir ənənəsidir. Onun musiqi əsasını da məhz muğam təşkil edir. Şuşanın, o cümlədən bütün Qarabağın, Azərbaycanın ruhu, canı olan muğam… Bütün bunlara sevinməmək olmur. Bu, eyni zamanda ədalətin, Azərbaycan xalqının, dövlətinin, ordusunun, bəşəri dəyərlərin qələbəsinin təntənəsidir. Çox şükür ki, son 3 onilliyin qarşıdurması yalnız Azərbaycanın yox, bütövlükdə haqqın qələbəsi ilə bitdi. Və artıq Qarabağ torpağında sülhdən, əmin-amanlıqdan xəbər verən belə tədbirlər keçirilməyə başlanıb. Bu həm də Qarabağ üçün, Azərbaycan üçün, region üçün, Qafqaz üçün gözəl bir gələcəkdən xəbər verən bir hadisədir. Bunları yalnız alqışlamaq olar. Biz, xalqımız bu qələbəni haqq edirik. Bir daha xalqımızı, dövlətimizi, onun rəhbərliyini, ordumuzu, hər bir əsgərimizi, o cümlədən incəsənət xadimlərimizi bu qələbə, Şuşanın azadlığı, “Xarıbülbül” festivalı münasibətilə təbrik edirəm”, – deyə sabiq dövlət başçısı bildirib.

Bu gün – mayın 12-də doğum gününü – 83 yaşını qeyd edən eks-prezident şəxsi təəssüratını da dilə gətirib:

“Bu mənim üçün gözəl bir təsadüfdür ki, doğum günüm belə bir xoş günlə, belə bir möhtəşəm tədbirlə, Şuşanın azad günü ilə üst-üstə düşür. Buna görə çox xoşbəxtəm. Hər dəfə Şuşanın, Cıdır düzünün görüntülərini seyr edəndə qəlbimi böyük həyəcan hissi bürüyür. Bu həm də o cənnət məkanlarda keçmiş uşaqlığımın göz önünə gəlməsi ilə bağlıdır. Mən təbiətin gözəlliyini hələ körpə çağlarımda Şuşada, Yuxarı Qarabağda görmüşəm. O təbiəti, o gözəlliyi qoruyub gələcək nəsillərə də çatdırmalıyıq”, – deyə Ayaz Mütəllibov vurğulayıb.

araz.az xəbər portalı.