GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Ordusunun İşxanasar ərazisindən Qara gölə doğru 3 km irəliləməsinin detalları açıqlanıb.
Bununla bağlı Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru, hazırda Dirçələn Ermənistan Partiyasının sədri Vahe Akopyan erməni mediasına danışıb.
“Gecə 200-dən çox tam silahlanmış Azərbaycan əsgəri Kəlbəcər istiqamətindən yuxarı qalxaraq, Gorus tərəfdən Qara gölə gedən yolu kəsiblər. Mənim məlumatıma görə, bizim ordakı məntəqəmizi də mühasirəyə alıblar.
Səhər oyanıblar ki, dörd tərəfdə Azərbaycan əsgəridir. Onlar GPS üzrə hərəkət etdiklərini bildiriblər. Hazırda sözügedən əraziyə Rusiya sərhədçiləri (Ermənistanın sərhədlərini Rusiya Sərhəd Xidməti qoruyur – red.) gedib. Döyüş, atəç açılması barədə xəbərlər təsdiqlənmir, çox böyük ehtimalla, atışma-filan olmayıb. Hələlik vəziyyət belədir”, – Akopyan deyib.
“Orda məntəqə doğrudanmı mühasirədədir” sualına isə Akopyan dəqiq cavab verə bilməyəcəyini bildirib:
“Hazırda orda ruslardır, danışıqlar gedir. Ora həmçinin vilayət rəhbərliyi də gedir”.
Akopyanın sözlərinə görə, Qara gölün 30 faizi Azərbaycanındır:
“Ancaq indi bütün göl onların nəzarətinə keçib”.
Akopyan Gorusun su ehtiyatını əsasən Qara göldən götürdüyünü, gölün Azərbaycanın nəzarətinə keçəcəyi halda ciddi su qıtlığı yaranacağını da bildirib.
Qeyd edək ki, Qarabağın işğalda saxlanıldığı müddətdə Ermənistan tərəfdən dövlət sərhədimiz pozularaq, bir çox istiqamətlərdə 15 km-yə qədər müdaxilə edilib. Hazırda sərhədin dəqiqləşməsi gedir və Azərbaycan dəqiq xəritələrlə sərhədimizi bərpa etdikdə isə ermənilər “etiraza” qalxıb, yağmaladıqları torpaqların heç olmasa bir hissəsini hay-küy salmaqla saxlamağa nail olmağa çalışırlar.
araz.az
araz.az xəbər portalı.