WhatsApp Image 2021 05 13 at 14.09.50Müqəddəs kitabımız — ilahi hikmətlər xəzinəsi “Qurani-Kərim”in nazil olduğu on bir ayın Sultanı Mübarək Ramazan Ayında, kainatın yaradıcısı Böyük Allah qarşısında vicdan borcunu yerinə yetirmək fürsətindən faydalanan, mənəvi kamilliyin nəfs üzərindəki qələbə sevincini yaşayan Layiqli Vətən Övladı — Əziz Dost və Dəyərli Oxucu!
Öncə, sənə, doğma-yaxınlarınla bərabər, Böyük Allah qarşısında vicdani borc və vəzifələrinizi ləyaqətlə yerinə yetirmək fürsəti qazandıran, xeyirxah əməllərinizin, şəfqət və mərhəmət duyğularınızın sevincini yaşadan, qəlbinizi ilahi hikmətlərlə nurlandıran xeyirxahlıq, humanistlik, yüksək əxlaqi hiss, mənəvi paklıq və saf düşüncə,.. rəmzi, bütövlük, həmrəylik, vəhdət, sülh, əmin-amanlıq,.. təcəssümü olaraq, ən yüksək dəyərlər zirvəsinin pik nöqtəsində özünə əbədi yer tutan Mübarək Ramazan Bayramı münasibətilə ürəkdən təbriklərimizi çatdırır, hamınıza səmimi qəlbdən gələn arzu-diləklərimizi yetirir, xalqımızın və dövlətimizin əmin-amanlığı, tərəqqisi naminə etdiyiniz dualarınıza həmrəy olduğumuzu bildirir, xoş istək-niyyətlərinizin Ulu Tanrı dərgahında qəbulunu və tezliklə gerçəkləşməsini diləyirik!
Qoy, Ramazan Müqəddəsliyinin ilahi gücü sənə, doğma-yaxınlarınla sıx birlik, evlərinizə əbədi xoş bayram ovqatı gətirsin, bu güc müqabilində mənəvi zənginlik, əxlaqi kamillik, nəfs üzərində qələbə sevinci daim nəsibiniz olsun! Qoy, həm də tarixi ənənələrin, mütərəqqi islami və mənəvi-əxlaqi dəyərlərin qorunması istiqamətində böyük ruh yüksəkliyi, onlara daha möhkəm bağlılıqda yorulmazlıq, milli köklərimizə sadiqlikdə sarsılmaz mübarizə əzmi, yüksək vətənpərvərlik əbədi nailiyyətiniz, ailələrinizə xoşbəxtlik, firavan həyat, ailə süfrələrinizə ruzi-bərəkət dolu bolluq daimi qazancınıza çevrilsin, möhkəm cansağlığı və səadət kimi arzu və istəklər ifadəsi olan şirin sözlər isə, heç vaxt taleyinizdən əskik olmasın! Qoy, öz səhifəsinə, möhtəşəm zəfərlər dolu 44 günlük Vətən Müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarından aldığı ağır məğlubiyyətdən hədsiz qəzəblənən mənfur düşmənlə, eləcə də koronavirus pandemiyası adlı amansız təhlükəylə mübarizə yazılan keşməkeşli tariximizin bu həssas məqamında, Müqəddəs Ramazan öz xoşluqlarıyla, sizləri, qarşınızda ola biləcək hər cür təhlükə və fəlakətlərdən də qorusun!
Təbrikimizin sonunda, bir daha, ümumbəşəri əhəmiyyətə malik olan, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən, Allahın yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq təlqinçisi rolunu oynayan, üstəlik, əsrlər boyu bəşər övladına dözüm, mərhəmət, sonsuz iman və inam sevgisi bəxş edən, savab və ülfət ayı kimi tarixdə əbədiləşən, xalqımızın birliyini belə daha da gücləndirən Mübarək Ramazan Ayında ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, böyüklü-kiçikli hamınıza Böyük Allahımız və Dinimiz qarşısında, vicdani borcunuzu daha dolğun yerinə yetirə bilməyiniz üçün, qəlbimizin dərinliklərindən dələn səmimi bayram diləklərimizi yetirir, xeyirxah əməllərinizin, şəfqət və mərhəmət duyğularınızın sevincini yaşamaq fürsəti qazanmağınızı, tutduğunuz oruclarınızın və etdiyiniz dualarınızın Ulu Tanrı dərgahında qəbulunu arzulayırıq! Qoy, yüksək könül xoşluğu düzənində rahatlıqla yola saldığınız və ən xoş niyyətlərinizin təntənəsinə çevrilən Orucluq mərasimləri, tezliklə sizlərə möhkəm cansağlığı, tükənməz həyat enerjisi bəxş etsin, bədəninizə yüksək dözüm gətirsin!

Müqəddəs Ramazan Bayramınız Mübarək Olsun!

“Araz” Media Qrupunun araz.az xəbər portalı kollektivi adından:

Xeyirli sabahlar və ruzili axşamlar diləyi ilə, dərin hörmət və səmimi duyğularla, 

Hüseyn ƏZİZOĞLU,
təsisçi və Baş redaktor.

araz.az xəbər portalı.