1620898468 1609490960 untitled 1

“Hesab edirəm ki, təyin olunacaq yeni general Azərbaycanı yaxşı tanımalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun vəzifəsindən kənarlaşdırılmasından danışarkən deyib. Onun fikrincə, yeni gələn şəxs etimad mühitini yaratmaq üçün hər iki tərəfin adət-ənənələrini, xüsusiyyətlərini, münaqişənin və ermənilərin 30 illik işğalçılıq siyasətinin tarixini yaxşı bilməlidir:

“Ermənistan cəmiyyətinin uzun müddət ərzində özünü inandırdığı saxta nağıllar aləmində yaşaması hazırda onların mövcud vəziyyətinə səbəb olub. Əzilmiş, alçaldılmış bir ordu ilə başa-başa qalan Ermənistan artıq onların mənafeyini daha çox müdafiə edən, o cümlədən indiyə qədər erməni silahlılarını ərazidən çıxartmaq prosesini başa çatdırmayan sülhməramlılardan belə şikayət etməyə başlayıblar. General Muradovun dəyişdirilməsində qeyri-adi bir şey yoxdur. Sülhməramlı kontingentlər adətən 6 aydan bir dəyişdirilir. Bu, normal rotasiya prosesidir. Yeni təyin olunan komandan da ola bilsin 6 aydan sonra dəyişsin. Ümumilikdə isə Azərbaycan tərəfi də sülhməramlıların fəaliyyətindən rəsmi səviyyədə razı olsa da, bəzi çatışmazlıqların da mövcud olduğunu deməliyik. İlk növbədə Azərbaycan-Ermənistan sərhədinin Laçın və Kəlbəcər hissəsində demarkasiyanın ləngiməsi, minalı ərazilərin xəritələrinin Azərbaycana verilməməsi, 7 ayda erməni silahlılarının Qarabağdan çıxarılmaması, Zəngəzur dəhlizinin ermənilərdən təmizlənməməsi ilə bağlı addımların atılmaması, sülhməramlıların fəaliyyətlərinin qeyri qənaətbəxş tərəfləridir”.

Ədalət Verdiyev qeyd edib ki, yeni təyin olunacaq general-leytenant Aleksey Avdeyev bu nüansları nəzərə almalıdır:

“Yeni komandan unutmamalıdır ki, sülhməramlıların yerləşdiyi ərazilərin tamamı Azərbaycana aiddir, dolayısı ilə onların orada qalması Ermənistandan deyil, Azərbaycandan asılıdır. Onlar da sülhməramlı kontingent olaraq 3 tərəfli birgə bəyanatın şərtlərində göstərilən bütün bəndələri ən qısa müddətdə, dəqiq və qeyd-şərtsiz yerinə yetirilməsi üçün fəaliyyətlərini gücləndirməlidirlər. Əks halda bu fəaliyyətləri Azərbaycan Silahlı Qüvvələri tək başına və çox qısa müddətdə “Dəmir yumruq” ilə həyata keçirməli olacaq. Çünki bizim Qarabağda görüləcək çox işimiz var və bizim ermənilərin prosesləri ləngitmək məqsədilə atdığı addımlara göz yummaq niyyətimiz yoxdur”.

Qeyd edək ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun vəzifəsindən kənarlaşdırılması ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd olunur ki, Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyev təyin ediləcək.

Bahar RÜSTƏMLİ.

araz.az xəbər portalı.