173311.jpg

Xəzər dənizi sahilin hasarlanması məsələsi tez-tez gündəmə gələn problemlərdən biridir. Belə hallardan biri də Sabunçu rayon Pirşağı qəsəbəsində baş verib.

Moderator.az-a açıqlama verən sakinlər bildirirlər ki, “Qızıl qum” çimərliyi kimlərsə tərəfindən hasara alınaraq, tikilən obyektlər vətəndaşlara icarəyə verilib. Çimərlikdə iki yerdə darvaza qoyulub və bu darvazalar da zəncirlə bağlanıb. Bu adamlar istədiyi vaxt özləri darvazaları açaraq dəniz sahilinə daxil olurlar. Vətəndaşlar isə həm yay, həm də qış aylarında ərazidən kənarda qalırlar.

Bəs dəniz sahilinin hasara alınması nə dərəcədə doğrudur? Məsələylə bağlı hüquqşunas Ələsgər Məmmədliyə müraciət etdik. Ə.Məmmədli Moderator.az-a açıqlamasında bildirdi ki, dəniz sahlinin hasara alınması qanundan kənardır:

“Bununla bağlı mərhum prezident Heydər Əliyev 2003-cü ildə “Azərbaycan Respublikasının Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” sərəncam imzalamışdı. Sərəncama əsasən Xəzər dənizi sahili 130 metrlik məsafəyə qədər xüsusi mülkiyyətə verilə bilməz. Amma indiki halda bu qanuna demək olar ki, əməl edən yoxdur və sistemli şəkildə hər kəs dənizi örtməklə məşğuldur. Çünki qanunu tətbiq edəcək şəxslər özləri bu işi görür, kənar şəxslər bunu edə bilməz. Diqqətlə baxsaq görərik ki, dənizin içinə qədər girən ya məmurlardı, ya da onların himayə etdiyi yandaşıdır. Beləliklə də qanunlar kənarda qalaraq dəniz sahili hasarlanır”.

araz.az xəbər portalı.