yenigundem 6a2bc6eef077a361b845ac00f60b3baa uoynwah237bcjlzemvqx 620x450

Rövşən Məmmədov Hikmət Hacıyevlə atışdı: AzTV-də yoxlama başladı…

Bir müddətdir AzTV-də başlayan audit yoxlamasının ilginc səbəbi var.

Etibarlı mənbələrdən Bakupost.az-a daxil olan məlumata görə, buna səbəb Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov arasında baş verən insidentdir.

Belə ki, H.Hacıyev bir müddət öncə o qədər də geniş olmayan dairədə AzTV ilə bağlı müəyyən iradlarını bildirib və təkliflərini səsləndirib. Əvəzində isə gözlənilmədən Rövşən Məmmədovun yaş və subardinasiyaya qətiyyən uyğun olmayan reaksiyası və kobudluğu ilə üzləşib.

R.Məmmədovun qüsurlarla bağlı iradlara adekvat olmayan və aşağılayıcı tonda verilən cavabından sonra isə Hikmət Hacıyev qurumdakı narazılığın yalnız verilişlərin səviyyəsi, ictimai nüfuzunun aşağı düşməsi ilə deyil, həm də maliyyə məsələləri ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, QSC-də hansı işlərlə məşğul olduğunuz bəllidir və bu, aidiyyəti qurumları ciddi şəkildə narahat edir.

R.Məmmədovun bu irada da təkəbbürlü cavabı isə son damla olub. AzTV-də baş verənləri audit yoxlamaların üzə çıxaracağını bildirən Hikmət Hacıyev söhbəti yekunlaşdırıb.

Bu insidentin səhərisi günü isə AzTV-də audit yoxlamaları başlayıb.

Qeyd edək ki, artıq 3 həftədir AzTV-də audit yoxlamaları davam edir. İddia edilir ki, audit yoxlamalarının hazırda əldə etdikləri heç də dövlət kanalının gənc sədri üçün arzulanan deyil.

AzTV-dən verilən açıqlamada isə audit yoxlamalarının davam etdiyi, yoxlamalar başa çatandan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib.

 

 

araz.az

araz.az xəbər portalı.