“POZUCU QÜVVƏLƏRİN ARANI QARIŞDIRMAĞA GÜCÜ YETMƏZ. ONLARLA ÇOX SƏRT DAVRANMALIYIQ: BELƏLƏRİ QARŞILARINDA HƏR AN BİZİ GÖRƏCƏKLƏR”
Mirkazım SEYİDOV: “Xalqı narazı salan kreslo sahibləri, harın məmurlar da dövlətimizin düşmənidir. Onlar bilməlidirlər ki, ölkəmizdə aparılan islahatlar, korrupsiyaya qarşı mübarizənin güclənməsi xalqın rifahının yüksəldilməsinə yönəlib…
Anlamaq olmur ki, xaricdə cəmləşən və özlərini azərbaycanlı adlandıranlar indiyə qədər Azərbaycan xeyrinə hansı yaxşı iş görüblər ki, indi də belə pafosla danışırlar?”
“Prezident seçkiləri öncəsi Azərbaycanda maraqlı olayların şahidi oluruq. Baş verənlərə baxmayaraq, möhtərəm prezidentimizin apardığı uğurlu məqsədyönlü siyasət, əvvəllər olduğu kimi, yenə Azərbaycanı sürətli inkişafa kökləyib. Bunun nəticəsidir ki, ölkə əhalisinin rifahı getdikcə daha da yaxşılaşır. Artıq hər bir sahədə bu inkişafın əlamətləri özünü qabarıq göstərir. Bütün iqtisadi sahələrdə infrastruktur yenilənir, yeni texnoloji üsullar tətbiq olunur. Bütün bunlar ölkəmizin beynəlxalq arenaya sərbəst çıxışına stimul verir. Ən əsası odur ki, ölkəmizdə bürokratik əngəllər aradan qaldırılır. Bu isə, ölkə rəhbərliyinin korrupsiya və digər neqativ hallara qarşı amansız mübarizədə qətiyyətli olduğunu bir daha təsdiqləyir. Paytaxt Bakı başda olmaqla, bölgələrdə aparılan abadlıq-quruculuq işləri də Azərbaycanın böyük inkişaf göstəricisi sayılmaqla, həm də ölkə rəhbərinin xalqa verdiyi çox böyük və əvəzolunmaz töhfə kimi başa düşülür.
Çox təəssüf ki, bu gün bəzi bədxah qüvvələr, bizi istəməyən xarici güclərin əlində oyuncaq vəziyyətə düşməkdən usanmayaraq, Azərbaycana, onun xalqına, hakimiyyətinə qarşı xəyanətkar pozucu fəaliyyətlərindən əl çəkmirlər. Onlar Azərbaycanın uğurlu, müstəqil siyasət yeritməsindən çox böyük narahatlıq keçirdiklərini açıq-aşkar gizlədə bilmir, əleyhimizə şərti adlar altında antimilli qurumlar yaratmaqdan belə utanmırlar. Belə qurumların yaradılması da, onların 2018-ci il seçkilərinə hesablanmış pozuculuq əməllərinin göstəricisidir. Təəssüf ki, həmin qurumlarda təmsil olunan soydaşlarımız bilərəkdən və ya bilməyərəkdən ölkəmizi sevməyən, sabitliyimizi pozmağa, sürətli inkişafımızı dayandırmağa marağı olan qüvvələrin əlində oyuncağa çevrilirlər”. Mərkəzi ofisi Rusiya Federasiyasının Novosibirsk şəhərində yerləşən Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo” (“Əməkdaşlıq”) Fondunun sədri, Rusiya və Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tanınmış ictimai-siyasi xadim, fəal diasporçu Mirkazım Seyidov gündəmi əhatə edən mövzularla bağlı araz.az xəbər portalı əməkdaşlarının suallarını cavablandırıb. Həmin geniş müsahibənin maraqlı məqamlarını oxucularımızın diqqətinə çatdırırıq.
- – Mirkazım müəllim, öncə ondan başlayaq ki, əvvəllər səhhətinizdə problemlər yaranması haqda xəbərlər yayıldı. İndi özünüzü necə hiss edirsiniz?
– Doğrudur, Rusiyada olduğum müddət ərzində, orada gərgin iş şəraitində çalışdım. Dövlətimizin maraqlı üçün həm ictimai-siyasi, həm də biznes məsələləri ilə bağlı durmadan, gecə-gündüz işlədik. Daşnak təcavüzü ilə üzləşib, xəsarət də aldım. Nəticədə, səhhətimdə müəyyən problemlər yarandı. Bu barədə, ölkə mətbuatı da xəbərlər yaydı. Bu səbəbdən, bir daha bu barədə geniş danışmağa ehtiyac duymuram. Artıq hər şey geridə qalıb. Keçirdiyim əməliyyat, aldığım müalicə çox uğurlu oldu və hazırda heç bir problemim yoxdur, hər şey öz qaydasındadır.
- – Bu ilin ən önəmli hadisələrindən biri də, Azərbaycanda və Rusiyada ölkə rəhbərlərinin seçkiləridir. Rəhbəri olduğunuz nüfuzlu təşkilatın bunlarla bağlı planlarını bilmək maraqlı olardı?
– Həm Rusiyada artıq baş tutan, həm də Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı bir təşkilat rəhbəri, eləcə də fəal diasporçu olaraq, iş planlarımın qrafiki, necə deyərlər, “gərginlikdən yoğruldu”. Keçirdiyim vacib tədbirlərin, önəmli görüşlərin sayı-hesabı da olmadı. Federasiyanın böyük vilayət və şəhərlərində Azərbaycan diaspor nümayəndələri ilə keçirdiyim yaddaqalan görüşlərin əhəmiyyəti göz qabağında oldu. Bu günlərdə yenidən Rusiyada olacam. Seçiciləri fəal olmağa kökləmək, bütün seçkilərdə mənim əsas vəzifəm olur. Bunu həm də özümün vətəndaşlıq borcu hesab edirəm.
- – Maraqlıdır, bu qaçhaqaçda yenidən Rusiyaya üz tutmağınız nə ilə əlaqədardır?
– Biz hər il ulu öndər Heydər Əliyevin doğum günündə – 10 mayda genişmiqyaslı tədbirlər keçiririk. Son illərdə isə, keçirdiyimiz bu cür anım tədbirləri, yaxşı mənada, daha səs-küylü olur. Üstəlik, bu il müstəqil Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümünü də, ulu öndərin yubileyi ilə birgə, dövlət proqramları çərçivəsində keçiriləcək tədbirlər planına saldıra bilmişik – möhtəşəm alınacaq! Görəcəyimiz işlər çoxdur. Novosibirsk vilayətinin fəal diaspor təşkilatları ilə bərabər, göz açmağa vaxt imkanımız da qalmayıb. Azərbaycandan, eləcə də Rusiyadan olacaq tanınmış qonaqlarımız qarşısında gərək elə tədbir keçirək ki, indiyədək görünməmiş olsun. Artıq fondumuz, bu yubileylərlə bağlı, birgə tədbir planı hazırlayıb və onun icrası üçün müvafiq komissiya da yaradıb. Komissiya gərgin iş rejimindədir, baş qaşımağa vaxt belə tapmır. Bir sözlə, biz bu tədbiri ictimai-siyasi qüvvələrin iştirakı ilə təşkil edəcəyik. Hər bir azərbaycanlı başa düşür ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi güclənməsinin səbəbkarı, müstəqil Azərbaycanın banisi Heydər Əliyevdir. Biz bu şəxsin, onun yenidən çiçəkləndirdiyi bir ölkənin adlarına layiq rəsmi tədbir təşkil etməliyik.
- – Siz daha çox xaricdə olmusunuz, kənardan baxanda Azərbaycan necə görünür? Ölkəyə döndükdə, burada nələri daha aydın görmək olur?
– Tam səmimi deyim, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu siyasət nəticəsində, Azərbaycan kənardan çox güclü dövlət kimi görünür. Xaricdə Azərbaycanı sürətlə inkişaf edən, firavan bir ölkə kimi tanıyırlar. Bir azərbaycanlı olaraq, mən bununla fəxr edirəm ki, dövlətimizin adını hər kəs ehtiramla tutur. Ölkəyə döndükdə isə, yeni bir inkişaf mərhələsinin şahidi oluruq. Təyyarədən enəndən, yaşadığım yerə qədər gəlincə, təxminən yarım il öncə ilə müqayisədə belə, nə qədər inkişaf getdiyini görməmək mümkün deyil. Əlbəttə, bütün bunlar əsası ümummilli liderimiz, Heydər Əliyev tərəfindən qoyulan və bu gün onun layiqli varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin real nəticələridir. Azərbaycan, bütün MDB dövlətləri ilə müqayisədə, elə sürətlə inkişaf edir ki, mən deyərdim, heç Moskvanı belə, Bakı ilə müqayisə etmək mümkün deyil. Mən, bir azərbaycanlı kimi, çox sevinirəm ki, Azərbaycan inkişafın yeni mərhələlərinə qədəm qoyur. Bunları hər kəs görür. Artıq Azərbaycana çox qüdrətli bir dövlət kimi yanaşılır. Hər bir vətəndaş da, buna görə, bu inkişafı həyata keçirən prezidentimizə minnətdar olmalıdır.
- – Heç şübhəsiz, daha çox xaricdə olsanız da, ölkəmizdə baş verən siyasi prosesləri vaxtaşırı izləyirsiniz. 2018-ci ilin prezident seçkiləri ilə bağlı müzakirələrin başladığı vaxt, tanınmış ictimai xadimlər, siyasi liderlər, fəal diasporçular durumu necə qiymətləndirirlər?
– Əlbəttə, Azərbaycan Respublikaçılar Partiyasının liderlərindən biri kimi, siyasət həm də peşəmdir. Partiyada sədrin birinci müavini olaraq hesab edirəm ki, 2018-ci ilin prezident seçkiləri xalqımızın həyatında önəmli rol oynayacaq. Partiya olaraq, artıq 2018-ci illə bağlı prioritetlərimizi də müəyyən etmişik, bəyanatımızı vermişik. Bildirmişik ki, 2018-ci ilin prezident seçkilərində cənab prezidentimiz İlham Əliyevin yenidən prezidentliyə namizəd olmasını istəyirik və onun namizədliyini irəli sürəcəyimizi bəyan etmişik. Cənab İlham Əliyev Azərbaycan Respublikaçılar Partiyasının və mənim Rusiyada rəhbəri olduğum fəal diaspor təşkilatının 2018-ci il prezident seçkilərində vahid namizədidir. Hamını, bir nəfər kimi, cənab İlham Əliyevi dəstəkləməyə, onun proqram və missiyasının həyata keçirilməsində yaxından iştirak etməyə çağırmışıq. Proseslərin gedişinə uyğun olaraq, bu istiqamətdə planlarımızı da əməli olaraq həyata keçiririk.
Onu da qeyd etməyi vacib bilirəm ki, ölkəmizdə prezident seçkilərinin ertələnməsinə hərə bir don geydirmək istəyəndə, biz təşkilatlarımız adından bəyanatlar verdik. Olduqca maraqlı və tutarlı siyasi nüanslarla zəngin həm bəyanatlar, həm də “ağzıgöyçəklərin” tutarlı cavabı oldu. Sağ olun ki, sizin araz.az saytı da, həmin bəyanatları dərc etdi və operativ olaraq, geniş oxucu kütləsinin diqqətinə çatdırdı. Beləcə, seçkilərin ertələnməsinin əsas səbəbinin regiondakı mövcud siyasi durumla bağlı olduğunu soydaşlarımıza vaxtında çatdırmaqda bizim bəyanatların da rolu az olmadı.
- – Bəziləri belə iddialar səsləndirirdilər ki, İlham Əliyevin növbəti dəfə namizədliyini irəli sürməsi beynəlxalq aləmdə etirazla qarşılana bilər və sair…
– Bu cür düşünmək, sadəcə, axmaqlıqdır. Bizim birmənalı mövqeyimiz bundan ibarətdir ki, ölkədə prezident İlham Əliyevə alternativ yoxdur. Qanunlarımız, konstitusiyamız onun yenidən namizədliyini irəli sürməyə imkan verir və xalq da bunu istəyir. Buna qarşı olan qüvvələr isə, çox az saydadırlar, onların da məqsədləri ölkənin inkişafına mane olmaqdır. Bu qüvvələr isə, hər zaman qarşılarında bizi görəcəklər. Artıq beynəlxalq təşkilatlar, demokratiyanın beşiyi sayılan ölkələrin rəsmiləri, onların ölkəmizdəki səfirlikləri də, bəyan ediblər ki, İlham Əliyevin namizədliyinin irəli sürülməsi tam qanuni bir məsələdir – əsas isə, seçkilərin azad və ədalətli keçirilməsidir. Biz də hesab edirik ki, məhz İlham Əliyevin favoritliyi ilə keçirilən seçki, azad və ədalətli ola bilər.
- – Hazırda müxalifətə, xaricə bağlı müəyyən qüvvələr də aktivləşiblər və onların xoşagəlməz məqsədlərinin olduğu, açıq-aşkar göz önündədir. Bu haqda fikirlərinizi bilmək maraqlı olardı…
– Mənim qəti mövqeyim ondan ibarətdir ki, ölkədə qarışıqlıq salmaq istəyən qüvvələrlə çox sərt davranılmalı və onların ürəkbulandıran əməlləri ifşa olunmalıdır. Siyasi mübarizədə artıq gücü olmayanların rəqabəti söyüşə, hədə-qorxuya çevirmələri isə, yolverilməzdir, milli mentalitetimizə uyğun gəlməyən ermənisayaq əməldir. Bu cür insanlarla çox sərt davranılmalıdır. Eyni zamanda, son vaxtlar xaricdə peyda olub, “söyüş meydanında at qovanlar” da layiqli cavab almalıdırlar. Mən anlaya bilmirəm ki, orada cəmləşən və özlərini azərbaycanlı adlandıran belə qaragüruhçular indiyə qədər Azərbaycan naminə hansı yaxşı işi görüblər ki, indi də belə pafosla danışırlar? Heç olmasa, onlar indiyədək bir yetimə əl tutublarmı? Xaricdə yaşayan yüzlərlə soydaşlarımız var, həmin qaragüruhçuları onlar heç yaxınlarına da buraxmırlar. Onlar, açıq-aşkar, qatı düşmənimiz olan ermənilərə işləyirlər! Bu azmışam kimi, hətta, həyasızcasına Azərbaycanın “qeydinə qalmağa” başlayıblar. Mən, bir ictimai-siyasi xadim, araşdırmaçı jurnalist olaraq, tam əminəm ki, onların arxasında Azərbaycanı sevməyən hansısa siyasi qüvvələr dayanıb. Eyni zamanda, bu adamlara içimizdəki müəyyən məmurların və sabiq vəzifəlilərin, belə deyək ki, fitva verdiyinə dair əlimdə tutarlı informasiyalar var. Onların hamısının qısa müddətdə ifşa olunacağına heç kəsdə şübhə qalmasın. Bizim xalqımız çox müdrikdir və ağı-qaradan seçməyi bacarır. Azərbaycana və azərbaycanlılara dəxli olmayan bu adamlar, gedib öz işləri, əyləncəli həyatları ilə məşğul olsalar daha yaxşıdır – bu iyrəncliklə özlərini biabır etməsinlər.
- – Xoşagəlməz bu faktlar da var ki, hakimiyyətdə yüksək vəzifə tutan məmurlar özbaşınalıqlar edir, xalqı mövcud hakimiyyətdən, onun rəhbərindən narazı salırlar. Bununla bağlı təklifiniz nədir?
– Birmənalı şəkildə deyirəm, xalqı narazı salan hansısa məmur dövlətimizin qatı düşməni, eyni zamanda, prezidentimizin siyasətinə qarşı çıxan bağışlanmaz günahkardır. Dövlət başçımızın özü də, bunu, dəfələrlə müşavirələrdə bəyan edib. İlham Əliyevin siyasi iradəsi nəticəsində, hələ 2011-ci ilin əvvəllərində başlayan antikorrupsiya tədbirləri, artıq öz müsbət nəticələrini verir. Görün, bu müddətdə nə qədər irili-xırdalı məmur həbs edilib, işdən çıxarılıb. Həmçinin, korrupsiya və rüşvətxorluğu aradan qaldırmaq üçün “Asan xidmət” yaradılıb, “Elektron hökumət” formalaşdırılır.
Biz də, bir siyasi qüvvə olaraq, hər zaman xalqı narazı salan məmurlara qarşı mübarizə aparmışıq, getdikcə, bu mübarizəni daha da gücləndiririk. Hansısa məmur və ya onun yaxınları əndazəni aşsa, özbaşınalıq etsə, onun bu əməllərini ifşa edib, ölkə başçısına konkret faktlarla müraciət edəcəyimizi qərara almışıq. Eyni zamanda, hesab edirik ki, Azərbaycan hökuməti xalqın sosial rifahının daha da yüksəldilməsi, hansısa narazı qüvvələrin əlində olan bəhanələri puç etmək məqsədi ilə, müəyyən addımlar atmalıdır…
…Son vaxtlar ölkəmizdə baş verən ictimai-siyasi olaylara, o cümlədən, Azərbaycan prezidenti İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətdə əldə olunmuş möhtəşəm uğurlara dəfələrlə toxunan müsahibimiz, söhbət zamanı, seçki prosesinə xələl gətirməyə çalışan bədxah qüvvələrə də, dəfələrlə etdiyi qəti xəbərdarlığını araz.az vasitəsilə onların nəzər-diqqətlərinə çatdırmağımızı xahiş etdi: “Ağıllı olun! Nə bu ölkə, nə onun rəhbərliyi, nə də xalqı 90-cı illərin əvvəllərində olduğu səviyyədə deyil. Sizin heç bir məkrli planınızın səmərəsi olmayacaq. Buna əmin olun və bilin ki, qarşınızda nəinki 10 milyonluq Azərbaycan xalqı, hətta dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın soydaşımız durub və duracaq da. Mənim kimi, çoxları da qəti əmindir ki, qəti qələbə yenə də İlham Əliyevə nəsib olacaq”.
Daha sonra fəal diasporçu Rusiyayadakı işgüzar fəaliyyətindən söz açaraq, xarici ölkələrdəki həmvətənlərimizi bundan nümunə götürməyə çağırdı: “Hər hansı xarici ölkədə yaşamaq, orada işləmək, ora investisiya yatırmaq olar. Bu, hər birimizin sərbəst hüququmuzdur. Amma, harada yaşamağımızdan asılı olmayaraq, ölkəmizi təbliğ etmək, ölkələrimiz arasındakı əlaqələri möhkəmlətmək hər birimizin müqəddəs borcumuz olmalıdır. Vətənimizə olan bu borcu heç birimiz unutmamalıyıq.
Mən, fəal diasporçu olaraq, xeyli müddətdir ki, Rusiyada Vətən naminə böyük layihələrə başlamışam. Bu müddət ərzində Azərbaycanın, xüsusən də möhtərəm prezidentimiz İlham Əliyev cənablarının bu ölkədə qüdrətini görürəm. Dərk edirəm ki, ölkəmiz, onun lideri nə qədər güclü olarsa, bu, ölkəmizdən kənarda yaşayan, biznes və ya ictimai-siyasi fəaliyyətlə məşğul olan hər birimizin həyatında çox açıq şəkildə hiss olunar. Mən, prezident İlham Əliyevdə bu gücü, bu qüdrəti aydın gördüm. Bu gün, sözün həqiqi mənasında, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil dövlətimizin xarici əlaqələri çox genişdir, iqtisadi inkişafın istiqamətləri çoxdan müəyyənləşib. Konkretləşdirsək, Azərbaycanda, əslində, təməli çox möhkəm, inkişafı stimullaşdıran siyasi sistem var və o günün tələblərinə uyğun yenilənir, genişləndirilir, təmərküzləşdirilir. Artıq Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkəyə çevrilib”.
Mirkazım Seyidov bəyanat xarakterli müsahibəsində daha sonra həmvətənlilərinə üz tutaraq, dönə-dönə vurğulayıb:
“Bəli, ölkəmiz ulu öndər Heydər Əliyevin təməlini qoyduğu prinsiplər üzərində və İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurlara imza atıb. Mən, yüzlərlə üzvü olan təşkilatımız adından, bunu sidq ürəkdən deyir, fikirlərimi açıq bəyan etməkdən böyük sevinc və qürur hissi duyuram.
Bəli, biz, eləcə də yaxınlarımız 2018-ci il prezident seçkilərində cənab prezidentimiz İlham Əliyevin yenidən prezident seçilməyini arzulayır və ona səs verəcəyimizi bir daha bəyan edirik.
Xalqımıza bir daha üz tutur və bütün həmvətənlilərimi də, bir nəfər kimi, cənab İlham Əliyevi dəstəkləməyə, onun proqram və missiyasının həyata keçirilməsində yaxından iştirak etməyə çağırıram.
Bu, hamımızın müqəddəs borcumuz, missiyamız olmalıdır! Bu, həm də bizim nicat yolumuzdur! Bir daha bəyan edirik ki,
pozucu qüvvələr hər an qarşılarında bizi görəcəklər. Biz onlara layiqli cavab verməyə qadirik. Bunu onların özləri də yaxşı bilirlər!”.
Söhbətləşdilər:
Məhi ELSEVƏR,
Rəşid QASIMOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.