Ermənistan hakimiyyəti Azərbaycan tərəfinin guya dövlət sərhəddini pozması ilə bağlı ajiotaj yaratmağa çalışır.
Nikol Paşinyan hökuməti beynəlxalq ictimaiyyətə Azərbaycanın Sünik (Zəngəzur) bölgəsində Ermənistana məxsus əraziləri zəbt etməsi barədə məlumat yayıb.
Rusiya, Fransa prezidentləri, ABŞ Dövlət Departamenti, Avropa Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaranmış mübahisə ilə bağlı bəyanatlar yayıb.
Ancaq Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında da heç bir silahlı qarşıdurmanın baş vermədiyi qeyd edilir. Sadəcə olaraq, Azərbaycan dövlət sərhədlərinin yenidən müəyyənləşdirilməsi prosesi çərçivəsində öz hərbi postlarını müharibədən əvvəlki mövqelərə irəli çəkib. Bu zaman, Laçın və Qubadlı rayonlarının inzibati sərhəddində yerləşən və işğal dövründə Ermənistanın ərazisinə qatılmış Qaragölün Azərbaycanın tam nəzarətinə keçdiyi bildirilir.
Qeyd edək ki, Qaragöl adlanan su hövzəsi SSRİ dövründə Azərbaycana məxsus olub. Sonralar gölün 70 faizindən Ermənistan SSR-ə təsərrüfat məqsədilə istifadə etmək, yəni mal-qaranı və əkin sahələrinin suvarılmasında istifadə etmək hüququ verilib.
İndi Azərbaycanın Qaragölü əvvəlki xəritə əsasında yenidən qaytarmaq cəhdini rəsmi İrəvan dünyaya Ermənistanın dövlət sərhədlərinin pozulması kimi təqdim edir. Hətta, Ermənistan rəhbərliyi ultimativ xarakterli bəyanat verərək Azərbaycandan öz silahlı qüvvələrini həmin ərazidən çəkməyi tələb edib. Əks təqdirdə, Ermənistan güc tətbiq edəcəyinə dair xəbərdarlıq edib. Lakin Azərbaycan sərhədçiləri mövqelərini tərk etməyib.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən İrəvan Türk Cümhuriyyəti (İTC) Millət Şurasının sədri, professor Qafar Çaxmaqlı bildirdi ki, Qaragölün ərazisi birmənalı şəkildə Azərbaycana aiddir:
“Bunu xəritələr də sübut edir. Paşinyan parlamentdə çıxış etdi və dedi ki, Azərbaycan xəritəni saxtalaşdırır. Amma bu bir xəritədən ibarət deyil. Bir neçə xəritə var.
Həmin ərazidə yaşayanlar da xatırlayır ki, Qaragöl Azərbaycana məxsus olub. Hətta, azərbaycanlılar orada istirahət edib, balıqçılıq, piknik məqsədilə də istifadə edib. Ona görə də Azərbaycan həmin əraziləri haqlı olaraq özünə qaytarır. Sərhədlərin demarkasiyası prosesi hələ aparılmayıb. Ermənistan ilə Azərbaycan arasında sərhədlərin müəyyənləşməsi zamanı bu məsələyə də baxılacaq. Çünki Qaragöl və onun ətraf sahəsi Azərbaycan ərazisidir.
Onun sağ sahilindən Azərbaycan, sol sahilindən ermənilər istifadə edib. Həmin istiqamətdə sərhəddi indi Ermənistan tərəfdən Rusiya hərbçiləri qoruyur. Lakin ermənilər Zəngəzurun Azərbaycana məxsus başqa ərazilərinə də iddia edir. Ermənilər orada ev tikmişdilər. Azərbaycan da haqlı olaraq, onları Şurnux kəndindən və digər ərazilərdən çıxartdılar. Məqsəd Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. Azərbaycanın əlində isə başqa təsir vasitələri də var. Əgər Ermənistan Zəngəzurdan dəhliz açılmasını nəzərdə tutan 10 noyabr bəyanatına əməl etməsə, o halda Azərbaycan Laçın dəlizini bağlamaq məsələsini qaldıra bilər.
Ermənistan Azərbaycana xəbərdarlıq edib ki, Qaragöl ərazisindən çıxsın, əks təqdirdə hərbi güc tətbiq edəcəyi ilə hədələyib. Əgər Ermənistan yenidən münaqişəyə cəhd etsə, o zaman biz Zəngəzuru tamamilə almaq məsələsini qoya bilərik. 1920-ci il noyabrın 30-da İnqilab Komitəsinin bir bəyanatı ilə verilmiş ərazilərimizi geri qaytara bilərik. Bundan başqa orada Nüvədi kəndi var.
1929-cu ildə Ermənistana verilib və 1969-cu ildə Azərbaycan SSR Ali Soveti bu qanunsuz qərarı təsdiq edib. Azərbaycan bu məsələləri qoya bilər. Eyni zamanda, Ermənistanın özü Ermənistanı itirə bilər. Bizim ixtiyarımız var ki, Zəngəzura daxil olaq və Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsinə daxil olan əraziləri qaytaraq. Ermənistan müharibəyə getsə, yenidən münaqişə başlaya bilər.
Azərbaycan Prezidenti də həm Naxçıvanda, həm də Şuşada açıq şəkildə bəyan etdi ki, Ermənistan 10 noyabr bəyanatına əməl etməlidir. Əgər əməl etməsə “dəmir yumruq” yenə də hazırdır və işə düşə bilər. Bu savaşda Ermənistana növbəti dərs verə bilərik”.
Qafar Çaxmaqlı onu da qeyd etdi ki, Qaragöl şimalda olduğuna görə Laçın rayonunun ərazisinə düşür:
“Bu baxımdan, Ermənistanın dövlət sərhəddinin pozulmasından söhbət gedə bilməz. Paşinyanın Azərbaycana qarşı sərt bəyanatı daha çox daxili ictimai rəyə hesablanıb. Paşinyan parlament seçkiləri öncəsi özünü xalqa güzəştə getməyən, qərarlı lider kimi təqdim etməyə çalışır. Ermənistan indi müharibə etmək iqtidarında deyil. Qarabağ müharibəsi Azərbaycan ərazisində gedirdi. Əgər yenidən münaqişə yaransa, hərbi əməliyyatlar Ermənistan ərazisinə keçəcək. Ermənistan da müdafiə məqsədilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edəcəyinə ümid edir. Söhbət ilk növbədə Rusiyanı münaqişəyə cəlb etmək planından gedir. Fikrimcə, bu Rusiyanın maraqlarına ziddir. Rusiya bölgədə yeni münaqişənin baş verməsini istəmir. Lavrovun İrəvana səfəri zamanı da Ermənistana bununla bağlı xəbərdarlıq edildi və bildirildi ki, bütün məsələlər sülh yolu ilə həll olunmalıdır və bundan sonra münaqişəy yol verilməyəcək.
Ona görə də Ermənistanın bu bəyanatı mənasızdır. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirən bəyanat verməli və bildirməlidir ki, Qaragöl Azərbaycan ərazisidir və sərhədçilərimiz həmin bölgəyə ölkəmizin suveren hüquqlarını qorumaq üçün daxil olub”.
Müşfiq ABDULLA
araz.az xəbər portalı.