9a418c6710df9afe668397b68fb99851

 İkincisi cəhənnəm, birincisi də…

 Ermənistan Qarabağda ikinci erməni dövləti qurmaq istəyirdi. Dünya erməniliyinin milyonları, (ATƏT-in Minsk qrupu həmsədrləri başda olmaqla) yaxın-uzaq himəyadarlarının siyasi-hərbi dəstəyi ilə 30 il “qalib ədası” ilə gəzən-tozan rəsmi İrəvan indi qaragünlərini yaşayır. Qarabağ əldən çıxıb, indi Qaragölün dərdi sarıb erməni cəmiyyətini. Nəymiş əfəndim bu Qaragöl? – Təsəvvür edin, Fransa Prezidenti ermənicə ismarıc yazır, Azərbayvcan Ordusu Ermənistandan (?!) çıxmalıdır deyir, Ermənistana açıq dəstək ifadə edir;

ABŞ Dövlət Departamenti ermənicə olmasa da, erməniyanlı ismarıc yayır, “Azərbaycan Ordusu geri çəkilməlidir” çağırışında bulunur;

Rusiya Xarici işlər naziri İrəvan-Moskva-Bakı arasında var-gəl edir və s. (Rusiya zatən uğursuz dövlətin yaradıcısı, Ermənistanın 102 il pis-yaxşı mövcud olmasının səbəbkarıdır).

İLDIRIMLI YOLLARLA

30 il boyunca Ermənistana “Qarabağdan çıx!” şəklində, şəklində yox e… yarımşəklində, çeyrəkşəklində çıx deməyən güclər, indi “Qaragöldən çıx” deyirsə, görün, biz 44 gün içində necə ildırımlı yollarla getmişik.

Vətən Müharibəsi mümkünsüzün mümkün edilməsi olub – bu həqiqət getdikcə daha dərindən idrak olunur.

Minsk qrupu üçlüsünün yeni həngamələri, ədalətsizcə yanaşmaları artıq Qarabağ üçün deyil, Qaragöl üçündür. O vaxt da haqsız olublar, indi də haqsızdırlar; lakin Azərbaycan kəsafətləri yara-yara gedir. Məşhur sözlə desək, qaranlıqlar yarılır, Günəş doğur. Azərbaycan intibahı öz yolunda, dərəcəsində, dərinlik və üfüqündədir. Yenə məşhur sözlə ifadə etsək, Azərbaycanın mənası özündən böyükdür. Bu gün-sabah Zəngəzur Dəhlizi açılacaq, sonra dəhlizlikdən çıxacaq, addım-addım, yol-yol böyüyəcəyik.

ƏZİZ ŞUŞA, ŞAHANƏ ŞUŞA

Vətən Müharibəsi zəfərinin zirvə hadisəsi Şuşanın azad edilməsidir, əlbəttə. Əlbəttə, Şuşanın azad olunmas şəkli də unikal hadisədir. Şuşa haqqında danışarkən “əlbəttə, əlbəttə” deyəcəyimiz məqamlar çoxdur, çoxdur. Bütün şəhərlərimiz doğmadır, qiymətlidir, bizimdir və qorumalıyıq… amma Şuşadan başqa Şuşa yoxdur. Mən hələ Şuşada olmamışam ancaq Şuşa Şuşanı görməmiş bütün soydaşlarımızda olub – ürəyimizin ən əziz yerində Şuşa vardı, ruhumuzun qanadı Şuşa deyib havalanıb… Necə ki Azərbaycan Azərbaycandan böyükdür, eləcə də, Şuşa Şuşadan böyükdür. Şuşadan böyük Azərbaycan görünür. Qaragöl də görünür, əlbəttə. Əlbəttə, Göyçə gölü də görünür. Azərbaycan Azərbaycandan böyükdür deyirik ha, bax, o üslubla (amma tərs tərəfdən) Ermənistan Ermənistandan kiçikdir deyə bilərik.

ERMƏNİSTANMI?

Ermənistanmı var? Harasına əl atırsan Azərbaycan keçmişi çıxır.
Bizim Şuşasa bizi yalnız keçmişə yox, gələcəyə götürür – indiki Ermənistan ərazilərinin də “uğursuz dövlət”dən xilas olacağı gələcəyə. Hayıfdı o torpaqlar, o iqlim, o hava, su… – Tanrının yaratdıqları şərə, dağıntıya, qan-qadaya yox, xeyrə, gözəlliyə, çiçəklənməyə, qurub-yaratmağa, gələcəyə xidmət etməlidir. Ermənistan dövləti 102 ildir qondarılıb, lakin özündən 4 yaş böyük qondarma “soyqırım” keçmişindən çıxa bilmir. Bilməyəcək də. Qaramatla Qarabağı deyil, heç Qaragölü saxlaya bilməyən Ermənistan, hər gün qaranlığa yaxınlaşır.

ERMƏNİSTANIN GƏLƏCƏYİ NƏ ÜÇÜN OLA BİLMƏZ?

Azərbaycanda yaşayan bütün xalqların musiqi qruplarının iştirakı ilə keçirilən “Xarı bülbül” tərəqqipərvər dünyaya hansı ismarıcı verir? – Prezidentin sözlərinə diqqət edək: “Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”. Fikir verin, monoetnik dövlətin işğalından azad edilmiş şəhərdə bütün etnik rupların iştirakı ilə festival keçirilir. Təkcə bu faktın özü hər şeyi ifadə edir. Ozan Arif demiş, “Dünya duysun bu səsi, bu səs Şərqin səsidir”! Və “Peyğəmbərin öydüyü, nəcib irqin səsidir”!

MÜSTƏSNA MƏNƏVİ DƏYƏR

Bəs “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Prezident Sərəncamında nə yazılıb? – “Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır”.
Bu Sərəncam, Sərəncamdan irəli gələn işlər, Şuşa şəhərinin tarixi görkəminin bərpası, öncəki şöhrətinin özünə qaytarılması, ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədinə xidmət edəcək. “Xarı bülbül” musiqi festivalı bu xidmətdə özünəxas yerə sahibdir. Ardınca Vaqif Poeziya Günləri gələcək. Ondan sonra digər mədəni layihələr və hər keçən gün bizi Şuşanın parlaq keçmişindən daha parlaq gələcəyinə aparacaq…

“KÖNLÜMÜN SEVGİLİ MƏHBUBU MƏNİM”…

“Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, ilk növbədə Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir. Mənə elə gəlir, indi-indi Şuşanın göyünə quş, çəməninə yaşıllıq, torpağına bərəkət, qurumuş bulağına su… qayıdır. Xan qızı bulağının musluqlarından yenidən su axması da bunun simgəsi olsa gərək…

Və əlbəttə, “Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq” – “Xarı bülbül” festivalı əziz şəhidlərin ruhuna ithaf edilmişdi.

“Xarıbülbül” festivalında gənc muğam ifaçısı tərəfindən “Bayatı Şiraz” muğamı üstündə Abbas Səhhətin “Vətən” şeiri ifa olundu; bu parça illər öncə “Qarabağ bülbülləri” ansamblı tərəfindən hazırlanaraq ifa edilib və işğal illərində bizlər üçün özəl rəmzi məna daşıyıb. Beləliklə, həmin ifa Şuşaya Azərbaycan ruhunun, Azərbaycan mədəniyyətinin böyük qaydışının ilk notu da sayıla bilər. “Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.
Bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar”.

BAYRAM O BAYRAM OLA…

“Xarı bülbül” bir bayramdı. Bayram bayrama qarışmışdı – Gövhər Ağa Məscidində də bayram namazı qılındığı o gözəl günlərdə, Ramazan Bayramı günlərinə təvafüq edən festivalda, Şuşanın Bakıdakı icra hakimi, 70 yaşlı Bayram Səfərovun yuxuya getməsi də gözəldir deyəcəkdim, ancaq deməsəm də olur…

Gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
 
 
araz.az

araz.az xəbər portalı.