Keçən il ölkə mətbuatının yazdığına görə bir çox məşhur mahnıların müəllifi Tural Bayraməliyev biznes
ortağı Şadiyə Salehlini məhkəməyə verib.
Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Ş.Salehli ölkə mətbuatına bildirmişdir ki, T.Bayraməliyev şərikli biznes qurmaq adı ilə onu aldadıb və 405 min ABŞ dollar məbləğində pulunu alıb.
Bu iddianı əsassız sayan və ona iftira atıldığını deyən nəğməkar şair oxu.az-a açıqlamasında şərikini məhkəməyə verdiyini bildirdi: “Heç bir əsası olmayan iddia irəli sürüb. Nüfuzuma xələl gətirməyə çalışıb. Külli miqdarda faizə pul buraxan bu xanım haqqında mənim də irəli sürəcəyim iddialarım var. Amma bunun hüquqi müstəvidə çözülməsinə çalışacağam. Onun barəmdə söylədiyi fikirlərin sübutu yoxdur. Şərikli işlədiyimiz zamanda mənim ona borcum qalmayıb. Sübut edəcəm ki, dələduz mən yox, onun özüdür. Nüfuzuma xələl gətirdiyi üçün məhkəmədə ondan 500 min manat təzminat tələb edəcəyəm”
“Qafqaz Xəbər” qəzetinin məsələ ilə bağlı apardığı araşdırmalardan məlum olub ki, gömrük polkovniki Şadiyə Salehli DGK-nin sədri Aydın Əliyevin baldızıdır.
Bəstəkar Tural Bayraməliyev isə MM-in keçmiş deputatı “Quska” ləqəbli Hüseyn Abdullayevin dayısı oğlu və Bakı Baş Gömrük idarəsinin rəisi Vüsal Novruzovun ana tərəfdən yaxın qohumudur.
Redaksiyamıza daxil olan məlumata görə bəstəkar gömrük polkovniki Ş.Salehli ilə birgə Quba rayonunda biznes quraraq ortaq olublar. Gilgilçaydan çınqıl çıxardılması və onun Bakıda satışı ilə məşğul olublar.Ancaq sonradan bəstəkar Tural Bayraməliyev çınqıl karxanasını 3 milyona sataraq Türkiyəyə köçüb və ortağı olan Ş.Salehlinin payına düşən pulu ona verməyib. Və bundan sonra Aydın Əliyevin baldızı və bir neçə nəfər şəxs, hansılar ki, bəstəkar Tural Bayraməliyevin əməllərindən ziyan çəkiblər, hüquq mühafizə orqanlarına müraciət ediblər.
“Qafqaz Xəbər” qəzetinin Türkiyədəki xüsusi müxbirinin verdiyi məlumata görə Tural Bayraməliyev hüquq mühafizə orqanları tərəfindən 8 gün əvvəl saxlanılıb və onun Azərbaycana ekstradisiya olunması məsələsinə 2 ay müddətinə baxılmalıdır.
Qəzetimizin müxbirinin apardığı araşdırmaya görə həmçinin məlum olub ki, Tural Bayraməliyevin ailəsi artıq Bakıya yola salınıb.
Araşdırmamız davam edir, bizi izləyin.
Sənan Məmmədli
“Qafqaz Xəbər” qəzeti
araz.az xəbər portalı.