Ermənistan son 30 ildə zəbt elədiyi irili-xırdalı bütün digər əraziləri də Azərbaycana qaytarmalı olacaq. Zor, ya xoş. Hansı siyasi hoqqadan çıxır-çıxsınlar, 10 noyabr 3-tərəfli kapitulyasiya sənədini imzaladıqdan sonra bu prosesi durdurmaq gücündə deyillər. Çünki artıq Ermənistan adlı saxta dövlət bu məsələdə hər hansı söz sahibi deyil. İndi yalnız iki əsas oyunçu var – Azərbaycan və məğlub Ermənistanın sahibi kimi Rusiya.
Qaragöl ətrafında qaldırılan hay-küy bunu bir daha təsdiqlədi. Moskva İrəvana yerini göstərdi. Kreml Mesaj verdi ki, “stəkanda fırtına” yaratmaqdansa, 10 noyabr anlaşmasına uyğun surətdə öhdəliklərinizi yerinə yetirin. Zatən, belə bir mesajı az öncə Rusiya XİN başçısı Sergey Lavrov Ermənistanda olarkən də Paşinyan hökumətinə çatdırmışdı.
Əfsus ki, Lavrov İrəvanı tərk edər-eləməz, Rusiyaya gərək olmayan, onu erməni cəmiyyətinin gözündən daha da salmağa yönəlik yeni bir qalmaqal yaradıldı. Vəziyyətə ciddilik görkəmi vermək üçün isə KTMT-yə rəsmən müraciət olundu – halbuki Azərbaycan XİN-in bəyanatında vurğulandığı kimi, Qaragöl ətrafında Azərbaycan hərbçiləri sırf öz sərhədlərimiz daxilində mövqe tutublar. Təbii ki, bunu Moskvada da yaxşı bilirlər. Odur ki, Paşinyanın KTMT-yə müraciəti faktiki ciddiyə alınmadı.
“Mən şəxsən Ermənistanın KTMT-yə Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı rəsmi müraciətini Rusiyanın özünə müraciət kimi qəbul edirəm”.
Musavat.com-un məlumatına görə, bu sözləri İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan Arminfo-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, İrəvanda heç kim KTMT-nin digər ölkələrinin öz qoşunlarını Ermənistana göndərəcəyini gözləmir.
“Bütövlükdə KTMT-yə müraciət sərhəddəki vəziyyəti sabitləşdirmək üçün Moskvanın görəcəyi tədbirlərdən yana gözləntilərlə bağlıdır. Şübhəsiz ki, Moskvanın Bakıya birbaşa təzyiq imkanları var. Ancaq eyni zamanda, o da aydındır ki, Rusiya azərbaycanlıların Ermənistandan çıxarılmasına nail olmaq üçün bütün rıçaqlarından istifadə etməyəcək. Yalnız diplomatiya, danışıqlar, söhbətlər olacaq, Moskvanın Bakıya qarşı sərt təzyiqi isə olmayacaq” – deyə erməni politoloq qeyd edib.
Üstəlik, İsgəndəryana görə, Rusiya üçün ümumiyyətlə, gölün Ermənistanın, yoxsa Azərbaycanın nəzarətində olmasının heç bir fərqi yoxdur. “Amma siz Ermənistan rəhbərliyinin, siyasətçilərin, jurnalistlərin açıqlamalarına qulaq verin və sizə aydın olacaq ki, biz artıq çoxdan “artsax ”ı yox, Süniki (Zəngəzuru – red.) müdafiə edirik. Bakı beləcə Ermənistanın içərisində gündəmi diktə edir – bu məhz belədir! Və biz dəfədən dəfəyə bizə sırınan gündəliyə cəlb olunuruq. Bakının daha bir siyasi hədəfi Ermənistanda davamlı daxili siyasi qeyri-sabitliyi və gərginliyi qoruyub saxlamaqdır. Bütün bunların gələcəkdə də davam edəcəyini düşünürəm”, – deyə erməni ekspert bədbinliklə əlavə edib.
Rusiyalı tanınmış analitik Andrey Petrov isə hesab edir ki, Moskva və Bakı indi eyni mövqedə dayanıb: “Əsla təəccüblü deyil ki, 10 mayda Bakıda iki tərəf arasında keçirilən görüşlərdə 9 noyabr və 11 yanvar 3-tərəfli bəyanatlarını həyata keçirmək üçün Azərbaycanın Rusiya ilə daha yaxın təmasda olmasının zəruriliyi məxsusi vurğulandı. Rusiya həmçinin Sergey Lavrovun dili ilə Ermənistanda yaşanan anti-Azərbaycan ovqatının neqativ mahiyyətini etiraf elədi. Əslində keçən ilin 10 noyabrından üzü bəri Cənubi Qafqazda sabitləşmə üzrə yalnız iki oyunçu var – Rusiya və Azərbaycan. Ermənistan artıq Moskvanın tam nəzarətinə keçib. Altı aydan sonra da heç nə dəyişməyib: Rusiya rəsmiləri öhdəliklərin yerinə yetirilməsini izləmək və Ermənistan rəhbərliyinin bundan sonra nə etməli olduğunu ona diktə eləmək üçün İrəvana gedir, Bakıya isə artıq nələrin edildiyini və iki ölkənin bundan sonra nəyin üzərində birgə işləməli olduğunu danışmaq üçün gəlirlər”.
Beləcə, Azərbaycan və Rusiyadan fərqli olaraq, Ermənistan diktə edən tərəf yox, sırf icraçı tərəf rolundadır. Bu da təbiidir.
Kapitulyasiyaya imza atmış ölkə özünü kapitulyant kimi aparmalı, sağa-sola burcutmamalıdır. Əks halda, bədəli daha ağır olacaq…
Siyasət şöbəsi,
Musavat.com
araz.az xəbər portalı.