Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli işğaldan azad edilmiş ərazilərdəki əkin torpaqları ilə bağlı açıqlama verib. Partiya sədri iddia edib ki, həmin ərazilərdki torpaqlar şirkətlər tərəfindən istismar edilir. Əkin üçün yararlı torpaqların xeyli hissəsi əkilib. Amma buna görə torpaqların sahiblərindən, yəni Qarabağ sakinlərindən icazə alınmayıb. Azad edilmiş ərazilərdəki torpaqların səlahiyyətinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsini qanunsuz sayan Kərimli iddia edib ki, nazirlik sonra bu torpaqları şirkətlərə icarəyə verəcək. Partiya sədri xatırladıb ki, ötən əsrin 90-cı illərində Azərbaycan əhalisinin böyük hissəsi torpaq payı alıb, amma Qarabağ rayonlarının əhalisi Ermənistanın işğalı ucbatından bundan məhrum olub. Amma indi həmin torpaqları başqaları zəbt edir.
Saxta.info partiya sədrinin bu iddialarının əsaslı olub-olmadığını araşdırıb.
AXCP sədrinin iddiaları faktlarla izlənməyən ümumi sözlərdən ibarətdir. Bununla belə, bəzi detallara aydınlıq gətirilməsi zərurəti yaranır. Öncə işğaldan azad edilmiş ərazilərdə torpaq islahatı aparılması məsələsinə nəzər yetirək. İlk növbədə qeyd edək ki, ərazilərin minalardan təmizlənməsi, ermənilərin vurduğu ziyanın qiymətləndirilməsi prosesləri, vacib infrastruktur layihələrinin (yol, elektrik enerjisi kimi) icra edilməsi fonunda belə bir iddianın gündəmə gətirilməsi yersizdir.
Digər tərəfdən Azərbaycan rəhbərliyi işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılacağını bəyan edib. Yanvar ayının 6-da, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti bu məsələnin üzərində xüsusi olaraq dayanıb: “Nəzərə alsaq ki, bu torpaqlarda torpaq islahatı aparılmayıb, bu islahatı aparmaq üçün biz, əlbəttə, yeni meyarlar işləməliyik. Çünki 1990-cı illərdə torpaq islahatı bəzi hallarda natamam aparılmışdır və ondan sonra bəzi problemlər üzə çıxmışdır. Torpaq sahələri düzgün qeydiyyata alınmamışdır. Ona görə biz indi belə bir vəziyyətlə üzləşdik. Peykdən əldə edilən məlumat yerlərdə olan məlumatla uzlaşmır. Ona görə indi Kənd Təsərrüfatı Nazirliyi bu problemin həlli ilə məşğuldur. Amma azad edilmiş torpaqlarda bu səhvlərə əlbəttə ki, yol verilə bilməz. Ona görə dəqiq bilməliyik ki, hansı torpaqlar dövlət torpaq fonduna veriləcək, hansı torpaqlar meşə fonduna veriləcək”.
Bundan başqa işğaldan azad edilmiş rayonlarda torpaq islahatının aparılması Azərbaycan hökumətinin 2021-ci il üçün prioritetləri sırasına salınıb. Bununla bağlı yanvar ayının 25-də Nazirlər Kabinetində keçirilən müşavirədə açıqlama verilib. Baş nazir Əli Əsədov qeyd edib ki, Prezidentin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır. Müşavirədə işğaldan azad edilmiş ərazilərlə bağlı 2021-ci il ərzində görüləcək vacib işlərin siyahısı açıqlanıb. Onların sırasında işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarların işlənib hazırlanması məsələsi də var.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev mətbuata açıqlamasında bununla bağlı bəzi detalları açıqlayıb. Komitə sədri bildirib ki, sənədləri olan məcburi köçkünlər həmin sənədlər əsasında torpağa sahib ola biləcəklər. Sənədləri olmayanlar isə müvafiq qurumlara müraciət edəcəklər. Torpaqlarında müəyyən müəssisələr tikilən vətəndaşlar başqa torpaq sahəsi ilə təmin ediləcək: “Çünki ermənilər tərəfindən tikilən bəzi müəssisələr dövlətimiz üçün yararlıdırsa bu zaman ondan istifadə ediləcək. Əvəzində həmin vətəndaşa onun razılığı ilə istənilən yerdə torpaq veriləcək”.
Yeri gəlmişkən, Azərbaycanda torpaq bölgüsü 1996-cı ildə qəbul olunan “Torpaq islahatı haqqında” Qanun əsasında aparılıb. Sənədin 24-cü maddəsində Ermənistanın hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatının aparılması məsələsi da əksini tapıb, islahatın həmin ərazilərdə iqtisadiyyatın bərpası dövlət proqramı əsasında həyata keçiriləcəyi vurğulanıb. Göründüyü kimi, Qarabağda torpaq islahatının aparılması üçün həm qanunverici baza, həm də təcrübə var. Amma ötən əsrin 90-cı illərində aparılan torpaq islahatı zamanı yanlışlıqlara yol verildiyindən daha mükəmməl mexanizm hazılanması qərara alınıb.
İşğaldan azad edilmiş ərazilərdə əkin işlərinin aparılmasına gəlincə, Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı bu barədə ətraflı açıqlama verib. Müharibədən dərhal sonra vaxt itirmədən payızlıq əkin aparılmasına göstəriş verildiyini və qısa müddətdə 7 min hektarda əkin işləri aparıldığını deyib: “Builki mövsümdə isə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq. Yəni, biz vaxt itirmədən kənd təsərrüfatını dirçəldəcəyik”.
Təbii ki, Azərbaycan hökumətinin belə bir addım atması ölkənin iqtisadi maraqlarına tam cavab verir. Hazırda işğaldan azad edilmiş ərazilərdə obyektiv səbəblərdən, xüsusilə minalanmış sahələr ucbatından torpaq islahatı həyata keçirmək, fermer təsərrüfatlarının və ya ailə kooperativlərinin yaradılması hələlik mümkün olmadığından sözügedən ərazilərin boş saxlanılması məntiqsizdir. Bir fakta diqqət çəkək: ermənilər 30 ilə yaxın davam edən işğal dövründə Qarabağda ən azı 90 min hektar ərazidə taxıl əkib və ildə 135-150 ton taxıl tədarük edib.
Qraç Bərbəryan: Qarabağda əkin sahələrinin “itirilməsi” Ermənistana ildə 100 milyon dollara başa gələcək
Bu mənada islahata qədər vaxt itirmək iqtisadi cəhətdən itki deməkdir. Kənd təsərrüfatı naziri İnam Kərimov mətbuata açıqlamasında bildirib ki, işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə taxıl əkini balansı təqribən 10 faiz artırılacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, ümumilikdə Qarabağda 250 min hektar məhsuldar torpaq var.
İşğaldan azad edilmiş ərazilərdə naməlum şirkətlərin əkin işləri ilə məşğul olmasına gəlincə, partiya sədrinin bu iddiası təsdiqlənmir. Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işğal olunmuş ərazilərə əhali körülümədiyindən, həmin ərazilərdə fermer təsərrüfatları qurulmadığından əkin prosesi nazirlik tərəfindən aparılır.
Yeri gəlmişkən, AXCP sədrinin də bildirdiyi kimi, işğal olunmuş ərazilərdəki kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi sahəsində Kənd Təsərrüfatı Nazirliyinə bir sıra səlahiyyətlər verilib. Azərbaycan Prezidentinin imzaladığı Fərmana əsasən bura kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi, icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin həyata keçirilməsi və digər məsələlər daxildir.
Amma sənədin ilk cümləsindən aydın olur ki, bu səlahiyyətlər sözügedən nazirliyə müvəqqəti olaraq verilib. Digər tərəfdən səlahiyyətlər sırasında konkret olaraq pay torpaqlarının icarəyə veriləcəyinə dair hər hansı bənd yoxdur. Üstəlik bu tipli məsələlər təkcə qeyd edilən səlahiyyətlər çərçivəsində deyil, həm də Azərbaycanda qüvvədə olan “Torpaq icarəsi”, “Torpaq islahatı” Qanunları, Torpaq Məcəlləsi ilə tənzimlənir. Bu sənədlərdə kənd təsərrüfatı torpaqlarının idarə edilməsi və icarəyə verilməsi ilə bağlı konkret müddəalar əksini tapıb.
Saxta.info sadalananları əsas götürərək bu qənaətə gəlib ki, AXCP sədrinin açıqlamaları həqiqəti əks etdirmir.
araz.az xəbər portalı.