2018-04-06-00-22-06ele.jpg

“Bir gənc telefonda məni hədələyir ki, bizim yas mərasiminə gəlmədiyiniz üçün peşman olarsız”

“Əminəm ki, bu məsələdə sənətçi həmkarlarımdan birinin əli var. İnsan durduğu yerdə ölüsünü basdırmaq əvəzinə müğənniyə zəng edib onu mərsiyə deməyə dəvət etməz”

 
 Əməkdar artist Elnarə Abdullayeva mətbuata az danışsa da, əslində hər açıqlaması maraqlı və səs-küysüz ötüşməyib. Səsinə güvənən xanəndə qalmaqallardan, şou aləmindən uzaq olsa da, media üçün maraqlı müsahib sayılır. Əməkdar artist Elnarə Abdullayeva “Şərq”ə müsahibəsində maraqlı mətləblərə toxundu. Onu həzm edə bilməyən həmkarlarına mesajlar göndərdi.
 
– Elnarə Abdullayevanın öz dünyası varmı?
 
– Bilmirəm buna dünya demək olar, ya yox. Mən Allahımı sevən, insanlığı sevən biri olmağa çalışıram. Nə qədər bunu bacarıram, onu elim bilər. Amma riyakarlıq, yalan, yaltaqlıq mənim kitabımda yoxdu. Mənim üçün insanlıq var, insana dəyər var. Əgər buna öz dünyam demək olarsa, o dünyamı yaşayıram. Qara çörəklə pendiri palazın üstündə oturub rahat yeyim. Yetər ki, ruhum rahat olsun.
 
– İfa tərziniz, repertuarınızda olan çətin muğamlar sizi bir çoxlarından fərqləndirə bilir. Bunu məqsədli edirsiz?
 
– Mən ruhumun tələb etdiyi kimi ifamı təqdim edəndə rahat oluram. Muğam elə bir dəryadır ki, o səni ağuşuna aldısa, uzaqlara apara bilir. Mən muğam ifa edəndə bu dünya ilə əlaqəm olmur. Bayaq qeyd etdiyiniz öz dünyamın sahibi oluram. Bilmirəm kim necə yanaşır, amma muğam fərqli və əslində ilahi bir musiqidir. Onu bütün ruhunla hiss etmədən ifa etmək günahdı. Düzdür, muğamın öz qaydaları var, onları mütləq nəzərə almaq lazımdır. Amma muğam həm də fəlsəfi, ilahi bir sənət növüdür. Ona yanaşma da fərqli olmalıdır.
 
– Sizin ifanız barədə müxtəlif fikirlər səslənirdi. Bəziləri deyirdi ki, Elnarə mərsiyə üslubunda muğam oxuyur. Sonralar siz bir neçə böyük layihələrinizlə, Heydər Əliyev adına sarayda 3 günlük konsertlərinizlə o fikirləri dağıda bildiniz…
 
– Mən ona görə söhbətimizin əvvəlində qeyd etdim ki, muğam ruhla bağlı bir sənətdi. Ruhun səndən tələb etdiyi kimi ifa etməlisən. Mən içimdən gələn tərzdə ifa edirəm. Solo konsertlərimdə klassik muğam ifalarım da oldu. Bu, həmin fikirləri bildirənlərə bir mesaj olmalıydı. Düşünürəm ki, mənim o mesajım ünvanına çatıb. İki ildə təqdim etdiyim solo konsertlərimdə ən çətin və az müraciət olunan muğamları da ifa etdim. Bunu təkcə kimlərəsə Elnarənin sənətini çatdırmaq məqsədi ilə də etməmişəm. Səhnədə olan bir sənətçi kimi məsuliyyətim bunu məndən tələb edib. Hər bir sənətçi üzərinə düşən missiyanın məsuliyyətini dərk etməlidir. Mən ifamla bu millətə, dövlətə xidət etməliyəm. Dində də bu belədir, Avropa düşüncəli insan da bunu dərk etməlidir ki, hər bir vətəndaş dövlətinə, xalqına xidmət etməyə borcludur. Mənim üçün kəslərin düşüncələri, fikirləri maraqlı deyil. Mən işimi görürəm, sənətimlə məşğul olmağa çalışıram. Qaldı mənim mərsiyə tərzdə ifa etdiyimi deyənlərə, bu fikri məqsədli şəkildə yayanlar var.
 
– Yəni bəzi sənətçilər, həmkarlarınız bu fikri yaymağa maraqlı olublar…
 
– Bəli. Bunu bəzi sənətçilər məqsədli şəkildə edirlər. Özləri susurlar, amma haqqımda bu fikri formalaşdırmağa çalışırlar ki, Elnarə mərsiyə oxuyur. Mən muğam ifa edirəm, bu günə qədər mərsiyə ifa etməmişəm. Mən heç öz ölülərimin üstündə ağı deyə bilməmişəm.
 
– Məqsəd nədir?
 
– Bilirsiz, qeyd etdim ki, muğam ruha bağlı bir sənətdir. Görünür, Elnarənin varlığı, bu gün səhnədə əldə etdikləri bəzilərini narahat edir. Sənətə başlayan ilk vaxtlarda məni qəbul edə bilməyənlər, sonradan mənim barəmdə bəh-bəhlə də danışıblar. Maraqlısı odur ki, mən təzə-təzə tanınan vaxt bu mərsiyə söhbətini ortaya atanlar oldu. Sonralar sakitləşdi. Bir də bu günlərdə bu söhbəti yenidən qaldırmağa maraqlı olanlar tapılıb. Ötən gün telefonuma gələn bir zəng məni tamamilə özümdən çıxartdı. İnsan zəng edib ki, bəs rəhmətə gedənimiz var, vəsiyyət edib ki, məni Elnarənin “Segah”ı ilə dəfn edin. Bəs yas mərasiminə neçəyə gəlirsiz? Dedim ay bacı, mən yas mərasimlərinə getmirəm, Allah öləninizə rəhmət etsin. Amma bu sözü sizə kim deyib, susdular. Çəkilişdə olduğum üçün də çox danışa bilmədim. Telefonu söndürdüm. Üstündən bir neçə dəqiqə sonra bir telefondan yenə zəng gəldi. Çox normal, mədəni şəkildə bildirdim ki, mən yas mərasimlərinə getmirəm, qardaş. Mənim imtina etdiyimi görən insan məni təhqir etməyə başladı. Sonra da vatsapa yazmağa başladı ki, bəs deputatın məclisinə gedib yasda mərsiyə deyirsən, bizim pulumuz ondan az deyil. Yenə də mədəni şəkildə yazdım ki, əgər hansısa məmurun yas mərasimində olan görüntüm varsa, göndər görüm mərsiyəni kim oxuyur. İnsan dayanmadı, məni hədələməyə başladı ki, mən “Monopoliya Bəxtiyar”ın oğluyam. Dedim sən nazir olsan belə bu təhqirlərə görə qanun qarşısında cavab verərsən. Mətbuat əlaqələndiricim də o insanın kimliyini öyrənməyə çalışdı. Arzu adlı bir gənc telefonda hədələrinə davam etdi ki, bizim yas mərasiminə gəlmədiyiniz üçün peşman olarsız. Bəs siz bilmirsiz mən kiməm. İndi mən də mətbuat vasitəsilə soruşuram ki, “Monopoliya Bəxtiyar” adlı şəxs kimdir, üzə çıxsın və oğlunun etdiyi tərbiyəsizliyin açıqlamasını versin. İnsan kimi, bir Azərbaycan xanımı kimi mədəni o uşağa cavab verməyə çalışdım, sakit olmadı, təhqirlərini davam etdi. İnşallah, sabah hüquq-mühafizə orqanlarına müraciət edib bu məsələnin hüquqi müstəvidə həllinə çalışacam. Yəqin ki, polisə müraciətimdən sonra telefonda məni yas yerinə molla kimi dəvət edən, təhqirlərini rahatlıqla dilə gətirən şəxsin kimliyi bəlli olacaq. Biz soruşduq ki, sizə kim deyib ki, mən yas mərasimlərinə gedib qonorar alıram. Dedi dostlarınızdan biri telefonunuzu verib. Əminəm ki, bu məsələdə də sənətçi həmkarlarımdan birinin əli var. İnsan durduğu yerdə ölüsünü basdırmaq əvəzinə müğənniyə zəng edib onu mərsiyə deməyə dəvət etməz. Görünür ki, bu söhbəti yaymaq kimlərinsə maraqlarına xidmət edir. Vallah, ayıbdı. Biz müsəlmanıq, azərbaycanlıyıq. Mənim də ölüm olur, mənim də ölümün üstünə gələnlər olduğu kimi mən də kimlərinsə hüzr qapısını döyüb başsağlığı verirəm. Mən də dost-tanışımın qapısını döyüb başsağlığına gedə bilərəm. Amma mənim hansısa hüzr yerində görünməyim orda mərsiyə deməyim demək deyil. Ayıb olsun bunu edən insanlara. İnanın, dünəndən şokdayam. Sadəcə bu günlər Prezident seçkiləri ilə bağlı təbliğat konsertlərində iştirak etdiyim üçün bu gün polisə müraciət edə bilməmişəm. Amma mətbuat vasitəsilə bir də rəsmi şəkildə bildirirəm ki, o insan kim olur olsun, hansı məmurun doğması olur olsun, cəzasını qanun çərçivəsində çəkəcək. Mənim üçün mesaj yazan insan əslində maraqlı deyil, mənim məclislərə mərsiyə oxumağa getdiyimi ona məsləhət edən insanın kimliyi maraqlıdır. Bilirəm ki, son vaxtlar Elnarənin səhnədə uğurları kimlərinsə yuxusuna haram qatıb. Allahdan o xəstə düşüncəli insanlara şəfqət istəyirəm. Allah o insanların xəstə ruhlarına şəfa versin. Bəzi sənətçilər yəqin ki, mənim bu müsahibəmi oxuyanda onlara ünvanlanmış mesajları başa düşəcəklər. Məni başqaları ilə səhv salmayın. Mən şou adamı deyiləm. Atdığım hər bir addımı ölçən insanam. Mənim üçün insanın əqidəsi, əxlaqı önəmlidir. Sən hansı səviyyədə olursan ol, əxlaqın yerində deyilsə, mənim üçün dəyərin qalmaz. Qadını gözəl göstərən onun əxlaqıdır. Elnarə kimsənin yanında gözü kölgəli olmayıb. Məni vurmaq istəyənlər nə desinlər, nə danışsınlar? Sadəcə bir məqamı unudurlar, mən kənd qızıyam, kökümə bağlı sadə insanam, amma cahil deyiləm. Bir az adımı hallandıranlar ehtiyatlı olsunlar. Mən zarafatı, şitliyi, qalmaqalı sevən, onu qəbul edən insan deyiləm. Bu məsələnin arxasında duran sənətçilərin də kimliyini gec-tez öyrənəcəm. Amma kimliyini biləndə çox acımasız olacam. Çünki mən ikiüzlü insanları bağışlamağı bacarmıram. Adıma hörmət etməyi bacarıram.
 
Tahirə Məmmədqızı
(sherg.az)

araz.az xəbər portalı.