ilaqr_alyatAA.jpg
” “YouTube” baş ofisində ağır kriminal əməli hər kəs törədə bilməz”.
Bunu “Sherg.az”a azərbaycanlı qadının törətdiyi hadisə haqqında fikirlərini bildirərkən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay deyib. Kriminalist vurğulayıb ki, ilkin təəssürata görə, bu cinayətin arxasında böyük səbəb dayanır:

 
“Əgər şəxs bu əməli illərlə mütəmadi törədibsə və bu da onun növbəti cinayətidirsə, demək səbəb onun öz maddi kriminal mahiyyəti və həyat tərzindədir. Yəni peşəsi budur. İnsan bunu uzun illər etməyib, birdən-birə reallaşdırırsa, artıq səbəb başqadır. Səbəb həyatın onu özü də istəməyərəkdən gətirib bu vəziyyətə salmasıdır ki, bunu etməyə məcbur qalıb. Əvvəl niyə həmin şəxs belə cinayət törətməyib?
 
Bu məcburiyyətin iki səbəbi ola bilər. Ya bu insan müflisləşdirilib, maddi imkansızlıqdan bunu edir, ya da həyatda o qədər incidilib, küsdürülüb ki, cinayəti törətməklə zərər vurub ürəyini soyudur. Artıq müəyyən psixoloji baryeri keçib, onun haqqında mənfi fikir yaranacağına da məhəl qoymur. Əslində isə cinayəti törədən şəxs həyatın, cəmiyyətin ona qarşı etdiyinə adekvat addım atır. Bu isə qəribə görünür və mənfi qarşılanır”.
 
Cinayətkarın azərbaycanlı olmasının Azərbaycan cəmiyyətində yaratdığı təəssürata gəlincə, İ.Altay söyləyib ki, cəmiyyət bu cinayətin kökünü düşünmədən fikir formalaşdırır:
 
“Niyə bu insan belə kriminal həddə çatdırılıb. Xaricdəki azərbaycanlının bunu etməsi isə, təəccüblü deyil. Ola bilsin, yeni mühitdə yeni düşüncə ilə ona qarşı çevrilən ədalətsiz həyatı yada salır və oyanır ki, şok vəziyyətində buna dözüb. Nəhayət, gec də olsa, həmin əzilən şəxs heyfini çıxmağa başlayır. Cinayətin ilkin səbəbi maddiyyat olsa da, ikinci variant sırf psixoloji məqamdır.
 
Düzdür, kriminal addım atılmamalıdır. Amma cəmiyyət də gərək vaxtında müdrik olub, insanı sıxıb bu hala salmasın. Və o da cəmiyyətə adekvat cavab verəndə problemlər yaranmasın. Bəzi hallarda hətta qeyri-düzgün, ədalətsiz cəmiyyətlər öz savadlı, bacarıqlı insanını belə kriminal yola salır. Nəticədə, cəmiyyətin özü üçün çox təhlükəli rəqibə baş ağrısına çevirir. Yaxşı deyiblər, mərdi qova-qova namərd edirlər. Bütün bunlar kriminologiya elmi nəzəriyyəsində var, cinayətlərin motivini, başvermə səbəblərinin dərin köklərini öyrənir”.
 
Qeyd edək ki, cinayəti törədən Nasim Ağdam adlı qadının yerli sakin olduğu və şirkətlə heç bir əlaqəsi olmadığı bildirilir. Kaliforniya yerli KİV-in polisə istinadən yaydığı məlumata görə, insidentin terrorla əlaqəsi yoxdur. İlkin ehtimala görə, atışmaya səbəb məişət davası olub. Ölmüş halda tapılan qadının isə intihar etdiyi güman edilir. Məlumat üçün bildirək ki, xarici media Nasim Ağdam adlı qadının Cənubi Azərbaycandan olduğu və YouTube-da blogger fəaliyyəti ilə məşğul olduğunu yazır. Adıçəkilən sosial şəbəkədə qadının çoxsaylı ingilis və Azərbaycan dillərində yayımlanan videoları var. Qadının atası İsmayıl Ağdam bildirib ki, şirkət YouTube-dakı videolarına görə pul ödəməkdən imtina etdiyi üçün qızı şirkətə qarşı aqressiv olub.
Aysel Aslan

araz.az xəbər portalı.