Azərbaycan-Ermənistan sərhədinin Qaragöl istiqamətində delimitasiyası və demarkasiyası ilə bağlı bağlı danışıqlar mayın 19-da davam etdiriləcək.
araz.az verdiyi xəbərə görə, məsələ ilə bağlı cəbhə.info yazır ki, buna baxmayaraq, tərəflər arasında ilkin razılaşmanın əldə olunması barədə məlumatlar yayılıb. Məlumata görə, Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rüstəm Muradovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan nümayəndələri bir neçə gün davam edən danışıqlardan sonra yalnız Qaragöl ərazisi ilə bağlı deyil, daha geniş məsələlərlə bağlı ortaq məxrəcə gəlib.
Şifahi razılaşmanın ilk bəndləri Azərbaycan üçün kifayət qədər əlverişlidir. Sünik vilayətinin (Zəngəzur) keçmiş qubernatoru, Dirçəliş Ermənistan Partiyasının lideri Vahe Hakobyanın Ermənistan mətbuatına açıqlamasına görə, Qaragöl ətrafında hər biri 15 əsgər olmaqla dörd Azərbaycan postu olacaq.
“Müzakirələr nəticəsində Qara göl ərazisində bərabər qüvvələrin olması barədə razılıq əldə edildi- azərbaycanlıların dörd postu, Ermənistan tərəfdən də eyni olacaq. Öz torpaqlarımızda nə qədər əsgərimizin və postumuzun olmasını onların diktə etməsi absurddur. Yeri gəlmişkən, yaxşı və ya pis bu razılaşma Muradovun səyi ilə əldə edildi”,-Hakopyan belə deyib.
Bundan başqa mediada və sosial şəbəkələrdə yayılan xəbərlərdə qeyd edilir ki, şifahi razılaşmaya əsasən, Qarabağdakı bütün erməni silahlıları çıxarılır, eyni zamanda, Qırmızıbazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir.
Həmçinin, Qazağın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndi azad edilir. Razılaşmaya görə, Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir, erməni tərəfi isə bu öhdəlikləri 2 həftə ərzində yerinə yetirməlidir.
Lakin bu iddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib. Vahe Hakopyan bu razılaşmanı Ermənistan tarixi üçün “növbəti biabırçılıq” adlandırıb. Yayılan məlumatı Cebhe.info-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, sərhədlərin delimitasitasiyası və demarkasiyası texniki məsələdir.
Diplomat hesab edir ki, Azərbaycan bu prosesi siyasiləşdirməlidir:
“Çünki hər iki tərəf eyni xəritələrdən istifadə edir. Tərəflər texniki vasitələrin köməyi ilə lokasiyanı müəyyən edə bilərlər. Amma mən hesab edirəm ki, əsas məsələ bu yaxınlarda Ermənistanda keçiriləcək seçkilərdir. Hamı bilir ki, bu seçkilərin əsas sualı Ermənistanın gələcəkdə hansı siyasəti həyata keçirəcəyi ilə bağlıdır. İki əsr olduğu kimi Rusiyapərəst, yoxsa Qərbyönlü siyasət? Bu baxımdan, Paşinyan bir sıra ölkələr zəng etməklə kömək istəyir. Əslində, dostların məsələsi Paşinyana o qədər vacib deyil. Paşinyan bununla sübut etmək istəyir ki, post-konflikt dövründə Rusiya və Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı onun köməyinə gələn deyil. Bu baxımdan, ABŞ-ın, Fransanın reaksiyası göstərir ki, onların tərəfindən siyasi dəstək gəldi. Yəni Ermənistana mesaj göndərirlər ki, Rusiyadan imtina etsəniz, siyasi dəstək daha güclü olacaq. Paşinyanın Rusiyanın bu məsələyə cəlb etməsi ikinci məqsəddir.
Çünki 10 noyabr sənədində sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı bənd yoxdur. Paşinyan istəyir ki, bu məsələdə köhnə taktikadan istifadə edərək Rusiyanı və Qərbi üz-üzə qoysun. Ona görə də seçkilərə qədər bu məsələ aktual olacaq və hansısa mövzunun ortaya atılacağını istisna etmirəm”.
Sabiq nazir deyib ki, Ermənistan hazırda siyasi böhran içərisindədir:
“Onların Qərbdən investisiya almaq istəyi ilə iddiaları ziddiyyət təşkil edir. Ermənistanın təhlükəsizliyini Rusiya təmin edəcək, yoxsa Qərb? Biz görürük ki, Rusiyanın bu məsələdə fəal rol oynamaq üçün real istəyi yoxdur. Ona görə də hesab edirəm ki, Ermənistana ərazi iddiaları irəli sürmək Azərbaycana çox faydalı olar. Çünki belə hal olarsa, biz Ermənistanın 30 il bizə qarşı yürütdüyü siyasətə adekvat cavab verməklə onları ifşa edəcəyik. Ermənistanın hücum taktikasına Azərbaycan da hücum taktikası ilə cavab verməlidir. Bununla da ermənilərin Qarabağdakı cəhdlərinin qarşısını alacağıq. Bu, bəlkə də bizim xeyrimizə olacaq. ABŞ Dövlət Departamentinin bəyanatında qeyd edilir ki, Azərbaycan əsgərləri ərazini tərk etsinlər. Amma iki ay bundan qabaq Ermənistanın Xarici İşlər naziri Dağlıq Qarabağa gəlmişdi. Bəs Ayvazyanın səfərinə nə üçün belə reaksiya yoxdur? Yəni bu məsələlərdən biz kontrast şəkildə istifadə etsək, xeyrimizə olar. Bizim tarixi və mənəvi əsaslarımız daha çoxdur. Azərbaycan ərazilərində etnik təmizləmələr baş verib. Ermənistandan qovulmuş azərbaycanlıların statusunu qaldırmalıyıq. Mən demirəm ki, Azərbaycan Ermənistana qarşı hərbi əməliyyatlara başlamalıdır. Ancaq Azərbaycan siyasi müstəvidə Ermənistana qarşı ərazi iddiaları irəli sürməlidir. Ən azı, bölgədə geosiyasi vəziyyət bizim xeyrimizədir. Türkiyəyə qarşı ərazi iddiaları Ermənistanın müstəqillik bəyannaməsində və az qala konstitusiyasında təsbit olunub. Azərbaycanın da Zəngəzur barəsində belə siyasi iddialar ortaya qoyması Qarabağ məsələsində bizim xeyrimizə olacaq. Bu prosesdə Qərb və Rusiyanın rəqabət apardığını görürük. Rusiya həmişə Ermənistana lazım olduğunu sübut etməyə çalışır. Bunu təsdiq etmək üçün əvvəllər “Qarabağ kartı” istifadə olunub. Azərbaycan ərazi iddiaları ilə çıxış etsə, ola bilsin ki, Rusiya bu kartı da istifadə edəcək. Demək olar ki, Ermənistanın bizə qarşı yürütdüyü siyasəti indi biz onlara qarşı istifadə edə bilərik. Bununla da onların Qarabağa olan iddialarını neytrallaşdırmaq mümkün olacaq”.
Tofiq Zülfüqarov hesab edir ki, ilkin delimitasiya və demarkasiya işləri vacibdir. Amma hazırkı mərhələdə ermənilər bu məsələdən geosiyasi rəqabəti qızışdırmaq məqsədilə faydalanmağa çalışır. Sabiq nazir bildirib ki, sərhədlərin müəyyənləşməsinin siyasi həllinə üstünlük verməlidir:
“Bu məsələlərin hansı səviyyədə müzakirə olunduğu bilinmir. Çünki həmin öhdəlikləri dövlət başçıları götürə bilər. O ki qaldı Dağlıq Qarabağdan Ermənistan qoşunlarının çıxarılmasına, bu öhdəlik 10 noyabr bəyanatında öz əksini tapmalı idi. Amma qeyd edilməyib. Zəngəzur dəlizinin açılması isə 10 noyabr bəyanatında var. Ona görə də bu, danışıqlar mövzusu ola bilməz. Bir daha bildirmək istəyirəm ki, Azərbaycan siyasi məsələyə önəm verməlidir. İctimaiyyətin dəstəklədiyi ərazi iddialarımızı rəsmən elan etməli, yüz il bundan əvvəl verilmiş ərazilərimizin qaytarılmasını tələb etməliyik. Ermənistan əvvəl insanların öz müqəddaratını təyinetmə hüququ barədə danışmağa başladı. Sonra keçdilər ərazilərin işğalına. İkinci erməni dövləti yaratmaq istədilər. İndiyə qədər də ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Müharibədən sonra da davamlı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımırlar və pozurlar. Onlar indiyə qədər öz iddialarından əl çəkmirlər. Bütün bunların fonunda biz sakit dayanmamlıyıq. Sərhədin bərpası texniki prosesdir. Biz siyasi iradəı nümayiş etdirməliyik”.
araz.az
araz.az xəbər portalı.