Son günlərdəTürkiyənin dünyada artan siyasi çəkisi bir necə hegemon dövləti narahat etməyə başlayıb desək yanılmarıq. Xüsusilə Yaxın Şərqdə söz sahibi olduğunu təsdiqləyən Türkiyəyə qarşı ABŞ-ın yeni seçilən prezidenti Coi Bayden öncələri sərt çıxışlar etsə də son günlər onun geri addım atdığının şahidi oluruq.
Mövzuya münasibət bildirən politoloq Züriyyə Qarayeva Metbuat.az-a bildirdi ki, Yaxın Şərqdə söz sahibi bir güc olduğunu sərgiləyən Türkiyə F-35 təyyarəsi mövzusunda ABŞ ilə dialoqun artıq başladığını elan etdi.
– Bəs ABŞ NATO-da güclü dövlətlərdən biri olan Türkiyə ilə əməkdaşlıqda hansı addımlar ata bilər?
“ABŞ-la dialoq F-35 ilə bağlı problemə həll tapmağa aparacaq. Xatırladım ki, Amerika Birləşmiş Ştatları, F-35 istehsalı üçün Türkiyənin 2007-ci ilin yanvarında imzaladığı ortaq bir memorandumu ləğv edərək F-35 layihəsində qalan yeddi tərəfdaşla – İngiltərə, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveçlə əməkdaşlığı davam etdirir.
Memoranduma görə, Türkiyə 100 ədəd F-35 təyyarəsi almağı öhdəsinə götürmüşdü. Həm də onlar üçün 1000-dən çox komponent istehsalında iştirak etmişdir. ABŞ-ın Türkiyəni bu layihədən kənarlaşdırmasına baxmayaraq, Türkiyə bu komponentləri istehsal etməyə davam edir.
Zənnimcə, Türkiyə ilə sanksiya və hədələrlə danışmağın bir fayda verməyəcəyini anlayan ABŞ, NATO-dakı güclü və önəmli dövlət kimi Türkiyəni itirməmək üçün hərəkətə keçir”.
– Ümumiyyətlə, bir qədər keçmişə nəzər salsaq Türkiyə-ABŞ münasibətlərinin pozulması nə vaxt başladı? Bildiyimiz qədər məhz həmin hadisədən sonra F-35 qırıcıları ilə bağlı Türkiyənin planlarına mane yaradıldı.
“Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan son Rusiya S-400 hava müdafiə sistemlərinin tədarükü, 2019-cu il iyulun ortalarında başladı. Bu səbəbdən Vaşinqton, son F-35 qırıcılarının Türkiyəyə satışını təxirə salacağını və ya hətta ləğv edəcəyini, CAATSA (Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Qaydaları) qanunlarına uyğun olaraq sanksiyalar tətbiq etməsi ilə hədələyərək, Türkiyədən müqavilədən imtina etməsini, bunun müqabilində Amerikan Patriot sistemlərini almasını tələb etdi. Ankara o zaman güzəştə getməkdən imtina etdi və əlavə S-400 partiyası ilə bağlı danışıqları davam etdirdi”.
– Züriyyə xanım Ərdoğana bu yaxınlarda Vaşinqtondan önəmli bir məktub gəldi. Bu məktub ABŞ-Türkiyə arasında soyuqluğa isti münasibət gətirə biləcəkmi?
“Bildiyiniz kimi,Türkiyənin iqtisadi gücünün, hərbi potensialının və regiondakı çəkisinin artması, imperialist dövlətləri narahat edir. Qarşılıqlı razılaşmalar və ortaq rəqibə qarşı mübarizə Rusiya və Türkiyəni çox yaxınlaşdırsa da, bu iki dövlət arasındakı bağlar çat verməyə başladı. Çoxgedişli türk diplomatiyası və əks həmlələrə hazırlıqlı olan Ərdoğan siyasəti imperialist təxəyyüllü qüvvələrin arzularını könüllərində qoymaqdadır. Bu günlərdə Ankaraya Vaşinqtondan gələn ismarıc, iki ölkə arasında Türkiyənin Rusiyadan S-400 lər alması səbəbindən, F-35 qırıcılarının çatdırılmasının ABŞ tərəfindən dondurulması ilə yaranan soyuqluqdan sonra dialoqun başlanğıcı ola biləcək bir məktub idi. Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmayıl Dəmir S-400-lərin hava müdafiə sistemi olduğunu söylədi.
Türkiyə tərəfi eyni zamanda heç bir ölkənin F-35 proqramından birtərəfli qaydada kənarlaşdırıla bilməyəcəyini də bildirdi. Hesab edirəm ki, ABŞ-dan gələn son məktub da Türkiyənin günahsız olduğunu təsdiqlədi”.
Gülbəniz HÜSEYİNLİ,
METBUAT.AZ
araz.az xəbər portalı.