Azərbaycan televiziyaları bir-birinə bənzəyir; böyük bir kollektiv arı kimi çalışır, yazıb-yaradır, üç-dörd nəfər isə bəy kimi dolanır. Buna görə də fürsət düşən kimi peşəkarlar sivişib bir-bir aradan çıxır, öz təbirlərincə desək, “bataqlıqdan” qurtulduqları üçün nəzir-niyaz paylayırlar…
Bu baxımdan, KİV də televiziyalardan “geri qalmır”. Özlərini Zərdabinin davamçıları sayan adamlar cəmiyyəti aydınlığa çıxara bilməsələr də, özləri çoxdan “ağ gün”ə çıxıblar. Bəzi acgöz, tamahkar, qarınqulu KİV rəhbərlərinin üzündən jurnalist deyəndə insanların çöhrəsində ironik ifadə yaranır. Dərisinin 2 qəpiklik qiyməti olmayan ayrı-ayrı məmurlar pulun hesabına bir çox media mənsubunu özlərinə yaltaqlanmağa vadar edə biliblər. Kənddə yaşayan valideynlərini ziyarət etməyə gedən neçə həmkarımın “reket” jurnalistlərin üzündən öz peşəsini gizlətmək məcburiyyətində qaldığının dəfələrlə şahidi olmuşam.
Yeddi-səkkiz il əvvəlin söhbətidir, Bakıdakı dəbdəbəli otellərin birində tələbə jurnalistlərin “media kapitanları” ilə görüşü keçirilirdi. Kim kürsüyə çıxırdısa, eyni sözü deyirdi: “Mətbuatda pul yoxdur”.
Bu sözün mənası o idi ki, sabah işə başlayanda bizdən pul istəməyin. Elə bilirsiniz, ancaq fiziki əməklə məşğul olan adamları istismar edirlər? Yox, canım! Azərbaycanda elə “media kapitanları” var ki, onlar ingilis müstəmləkəçilərinin qarnına iki təpik vurarlar. Anar Yusifoğlu sözlərimi təsdiqləyər, çıxış etmək növbəsi mənə çatanda üzümü auditoriyaya tutub belə dedim: “Onlara inanmayın! Onlar fırıldaqçıdırlar!”
Gələcəyin jurnalistlərinin heyrətlə üzümə baxdığını görəndə fikrimi bir qədər də inkişaf etdirdim: “Əgər mətbuatda pul yoxdursa, bu adamlar “Jeep”ləri, “Porsche”ləri hansı pulla alıblar?”
“Space”in keçmiş rəhbəri Vaqif Mustafayevin adı ətrafında məlum qalmaqal yaranmasaydı, bəlkə də 7-8 il əvvəl baş vermiş bu hadisəni xatırlamayacaqdım. Mən ingilis müstəmləkəçilərinin qarnına iki təpik vuran adamlardan danışanda, ilk növbədə Vaqif Mustafayevi nəzərdə tuturdum. Özünün ziyalı obrazını yaratmış bu adam tabeliyində olan şəxslərlə orta əsr feodalları kimi davranırdı. “Space” maddi-texniki bazasının kasadlığına görə ölkənin ən kasıb televiziyasıdır. Rəhbər-rejissor bu telekanalın əməkdaşlarını 15 il qul kimi işlədib. TV-nin əməkdaşları xəstə uşaqlarına dərman almağa pul tapmayanda, Vaqif Mustafayev Bakıda dəbdəbəli mülklər alırdı. Beş il “Space”in ən baxımlı verilişlərinin eksperti olduğum üçün bu telekanalın mətbəxinə yaxşı bələdəm. Yazdıqca yadıma düşür, bu televiziyanın mətbəxində antisanitariya şəraiti hökm sürürdü. Vaqif Mustafayevin pulu başından aşırdı, amma “Space”in tualetində heç vaxt sabun, “salfetka” olmurdu. Vaqif müəllimin əlacı olsaydı, hətta dəhlizdəki işıqları da söndürərdi ki, pul yazmasın.
Dünən eşitdim ki, “Space”in əməkdaşları Vaqif Mustafayevdən mülklərini satıb onların borcunu qaytarmağı tələb edirlər. Mən bolşevik təfəkküründən çox-çox uzaq adam olsam da, bu təklifi ikiəlli dəstəkləyirəm. Haram yolla qazandıqları pulları bu adamların əlindən almaq lazımdır ki, başqalarına da görk olsun…
araz.az
araz.az xəbər portalı.