60a533a6b462a60a533a6b462b162143939860a533a6b462760a533a6b4629jpg 1621439726

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün sonuncu – XXVIII turunun 3 oyunu keçirilib.

Bununla da avrokuboklara 3-cü vəsiqə və bürünc medalın sahibi müəyyənləşib.

Səfərdə “Səbail”i minimal hesabla məğlub edən “Sumqayıt” xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə bitirib. Qonaqlara qələbə qazandıran yeganə qola 43-cü dəqiqədə Murad Xaçayev imza atıb. “Gənclik şəhəri” təmsilçisi 2021/2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

“Zirə” isə səfərdə “Sabah”a 1:2 hesabı ilə uduzub. Matçda ilk qolu 21-ci dəqiqədə meydan sahiblərinin heyətində Ramil Şeydayev vurub. “Qartallar” 72-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Penaltidən fərqlənən Qismət Alıyev tarazlığı bərpa edib. Lakin 89-cu dəqiqədə meydan Masazır təmsilçisi 2-ci topu rəqibin qapısından keçirib. Bu dəfə Xulio Sezar Rodriges keçmiş komandasını cəzalandırıb. Bu nəticə ilə 38 xalda qalan “Zirə” 4-cü olub. “Sabah” isə 29 xalla 5-ci pillədəki mövqeyini qoruyub.

Son tur autsayderin də adına aydınlıq gətirib. Evdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gələn “Keşlə” sonuncu pillədən xilas olub. Qarşılaşmada hər 3 qol ilk hissədə vurulub. “Keşlə”nin heyətində 15-ci dəqiqədə Şəhriyar Əliyev, 1 dəqiqə sonra isə Silvio Rodriges fərqlənib. 26-cı dəqiqədə qonaqlardan Ceyms Adeniyi fərqi azaltsa da, “qırmızı-qaralar”ın bundan artığına gücü çatmayıb. Bu qələbədən sonra xallarını 26-ya çatdıran paytaxt təmsilçisi autsayder mövqeyini tərk edib. Əvəzində 24 xalı olan “Səbail” mövsümü son sırada başa vurub.

Qeyd edək ki, Premyer Liqada cari mövsümə saat 20:30-da başlayacaq “Neftçi” – “Qarabağ” matçı ilə yekun vurulacaq. “Dalğa Arena”dakı görüş çempionun adına aydınlıq gətirəcək

 

 

araz.az

araz.az xəbər portalı.