Ermənistan parlamenti növbədənkənar iclasını keçirdi və Nikol Paşinyan Azərbaycanla yeni bir sənədin imzalanacağını və diplomatik əlaqələr olmadığı üçün sənədin üçtərəfli olacağını qeyd edib. Sərhədlərin demarkasiya və delimitasiya məsələlərinə toxunan Paşinyan hər iki tərəfdən anklav torpaqların işğalda qaldığını söyləyib və xüsusi olaraq vurğulayıb ki, Ermənistanın cəmi 70 kvadrat kilometr ərazisi anklav olaraq Azərbaycanın nəzarətindədir. Yəqin ki, bu ərazi Gədəbəyin Başkəndidir. Ermənistanın nəzarətində olan anklavların da olduğunu qeyd edən Paşinyan konkret olaraq nə qədər ərazinin “Sovet Azərbaycanın torpaqları” olduğunu deməyib. Amma, bu anklavların faktiki olaraq Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndi olduğunu Paşinyan da, bütün Ermənistan da, ən əsası, üçtərəfli sənədə qol çəkən üçüncü tərəf-Rusiya da bunu yaxşı bilir.Yol-nəqliyyat infrastrukturunun açılmasının da zəruriliyini deyən Ermənistan rəhbəri əsil məsələnin -Qarabağ probleminin də üstünə gəlib.
“Bəli, biz həm də Qarabağ məsələsinin həllinə doğru getməliyik”- deyib. O, xatırladıb ki, “bu gün beynəlxalq oyunçular problemin həll olunmadığını qeyd edirlər. Hansı prinsiplər əsasında və necə həll olunacağı isə.., müzakirə edilməlidir”. Və elə dilinin altındakı paxlanı da çıxarıb, deyə bilərik. Müzakirənin yenə xarici qüvvələrlə aparılacağına işarə vuraraq -” bu gün Avropa Parlamenti bu məsələnin həlli kontekstində xalqların öz müqəddəratını təyinetmə prinsipini göstərmişdir”- deyib.
İlk baxışdan sərhəd və nəqliyat infrastrukturu məsələsində konstruktiv görünən Paşinyan “bu gün beynəlxalq oyunçular problemin həll olunmadığını” vurğulayıb və Avropa Parlamentinin də problemi “xalqların öz müqəddaratını təyinetmə prinsipi” ilə həll olunacağına işarə etməklə köhnə havanı çalıb. Bu, böhran içində boğulan Ermənistanın növbəti çabalarıdır. Hətta, indidən baxanda bu daxili ziddiyyətlərin Ermənistanda seçkilərdən sonra da davam edəcəyinin göstəriciləridir. Amma, yenə də…
Göründüyü kimi, İkinci Qarabağ müharibəsi bitib, Qarabağ problemi isə hələ davam edir. Sərhədlərin demarkasiyası da olacaq, üçtərəfli komissiya anklav problemlərini də çözəcək, dəhlizlər də açılacaq. Bunları inamla demək indi asandır, çünki düşmənin əsas hədəfi sərhədlərdən çox Qarabağdır. Düşməni üç metr o yana, üç metr bu yana ərazi yox, tutduğu üç min kvadrat kilometrlik Qarabağ torpaqları maraqlandırır. Onu da təkcə üçtərəfli komissiyaya deyil, həm də Avropa Parlamentinə, onun “millətlərin müqəddaratını təyinetmə prinsipinə” həvalə edir. Avropa Parlamentinin nə deməsi, açığını deyək ki, heç önəmli deyil. Düşmən həm üçüncü tərəfi- Rusiyanı , həm də Qərbi maraqlarına xidmət etmək siyasəti yürüdür və iki masada oturmağın məhz Rusiya tərəfindən qəbul olunmayacağını bilsə də, diasporanın təzyiqi ilə yenə də bir gözü günbatandadır.
Bu arada İranın Ermənistana açıq hərbi dəstək vermə təşəbbüsü və generalların görüşlər keçirməsi də situasiyanın ziqzaqlı şəkil aldığını göstərir və bu ayrıca mövzu olduğu üçün hələlik bir təsirli detal kimi qeyd edirik. İsrail-Fələstin münasibətlərindəki son gərginlik isə bizdən yan keçməyib. Fələstini həmişəki kimi müdafiə edən Türkiyənin son bir həftədə Ermənistan – Azərbaycan sərhədlərində baş verənlərə heç bir səviyyədə münasibət bildirməməsi diqqətdən yayınmayıb. Bütün dünya az qala Qaragöl ətrafında baş verənlərə münasibət bildirir və hədəf də biz seçilirik, amma qardaş Türkiyə səssiz qalıb. Səbəblərin nə olduğu təxminən məlum olsa da, onu deyə bilərik ki, Yaxın Şərqdə baş verənlərə bizim indiki neytrallığımız doğru mövqedir.
Müharibədən sonra baş verənlərin, xüsusilə son sərhəd hadisələrinin birbaşa və dolayısı yolla Qarabağ məsələsinə təsiri olduğunu görürük. Bundan sonra nələr olacağını və bizim maraqlara cavab verib-verməyəcəyini dəqiq söyləmək çətindir. Amma, nəzarət etmədiyimiz ərazilərlə bağlı siyasətimizi fəal fazaya keçirmək zamanı yetişib. Danışıqlara başlamaq, 10 noyabr bəyanatından irəli gələn maddələrin həyata keçirilməsini sürətləndirmək istiqamətində Rusiya qarşısında konkret vaxt qoymaq lazımdır. Statusla bağlı konkret mövqe qoyulduğu kimi, qaçqınlarımızın Xankəndi və ətrafına geri dönməsini, erməni silahlı birləşmələrinin isə tamamilə Azərbaycan torpaqlarından çıxarılmasını da yüksək səviyyədə bildirib, tezliklə yerli idarəetmənin Xankəndi və ətrafında reallaşacağı mesajını da maraqlı tərəflərin nəzərinə çatdırmaq lazımdır. O zaman dünyada baş verən hadisələrin bizim hələ ki, bitməyən məsələyə təsiri də xüsusi önəm daşımayacaq. Dəyirman, yəni biz, Xankəndiyə nəzarət üçün bildiyimizi edək, çax-çax, yəni düşmən, başını ağrıtsın…
İlham İSMAYIL.
araz.az xəbər portalı.