ilham2

“Müasir dünyamızda informasiya cəbhəsində qazanılan qələbə hərbi cəbhədə qazanılan qələbə üçün çox mühüm baza rolunu oynayır. Yəni informasiya müharibəsində qələbə qazanan tərəfin bütövlükdə hərbi cəbhədə qələbə qazanması labüdləşir. Məsələyə bu kontekstdə yanaşdıqda ölkə Prezidenti cənab İlham Əliyevin nüfuzlu siyasi xadim, həm mahir diplomat, həm də müzəffər Ali Baş Komandan olduğunu bir daha əminliklə deyə bilərik”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, Prezidentin mahir diplomat olaraq müharibə dövründə və müharibədən sonra dünyanın ən nüfuzlu mətbuat orqanlarına verdiyi müsahibələr bir daha göstərir ki, dövlət başçısı Azərbaycanın üzləşdiyi problemlərin anatomiyasını  beynəlxalq ictimaiyyətə məharətlə təqdim edə bilir, onun bütün fəlsəfəsini açmağı bacarır: “Hətta bəzən İlham Əliyevə qərəzli, təxribatçı suallar verildikdə də sual verən tərəf Prezidentin arqumentlərə söykənən mövqeyi fonunda çıxılmaz vəziyyətə düşür, “tərksilah” olur. Bu, həqiqətdir, bunu artıq bütün dünya qəbul edir. Mən tez-tez müxalifət nümayəndələri ilə debatlarda olanda veriliş başa çatdıqdan sonra mənə söyləyirlər ki, biz Prezident İlham Əliyevi müharibə dövründə həm Ali Baş Komandan, həm də mahir diplomat kimi yenidən kəşf etdik. Deyirlər ki, bəzən bunları söyləmək düzgün gəlmir, çünki hesab edilər ki, müxalifət iqtidarı tərifləyir, amma bütün hallarda bu həqiqətdir ki, Prezident savadlı, məntiqli və uzaqgörən siyasətçidir”.

Elman Nəsirovun qeyd edib ki, cənab Prezident informasiya siyasətini, doğrudan da, müharibə dövrünün tələblərinə uyğun həyata keçirib: “Müharibə başa çatdıqdan sonra isə informasiya cəbhəsində işlər təkcə davam etməklə qalmır, yeni mərhələyə keçid edib. Ermənistan Azərbaycana qarşı dezinformasiya müharibəsi aparmaqdadır. Xüsusilə, Ermənistan-Azərbaycan sərhədi ilə bağlı  beynəlxalq ictimaiyyətə gecə-gündüz yalan məlumatlar yaymaqla məşğuldur. Sözsüz ki, bütün bu reallıqlar fonunda Azərbaycan Prezidentinin qətiyyətli və prinsipial siyasəti, Azərbaycanın maraqlarını sona qədər müdafiə etmək bacarığı heç bir halda diqqətdən yayınmır. İlham Əliyevə bu gün bütün dünyada etimad göstərirlər və onu qısqananlar da hər kəsdən yaxşı bilirlər ki, o, çox güclü siyasi liderdir”.

Milli Məclisin üzvü həmçinin Prezidentin ötən gün keçirilən tədbirdəki çıxışı barədə də münasibət bildirib. Onun sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən müzakirələrdə Azərbaycan Prezidentinin çıxışı bir daha göstərdi ki, İlham Əliyev yeni tarixi reallıqda yeni vəzifələrlə çıxış edir: “Həmin yeni vəzifələr özündə regionda sülh və təhlükəsizliyin müdafiəsi və əməkdaşlıq mühitinin yaradılması mənafeyini ehtiva edir. Göründüyü kimi, Prezident İlham Əliyev yalnız və yalnız əməkdaşlıqla bağlı təkliflər irəli sürür. Bu çox unikal hadisədir ki, qalib tərəf regional sülhün və təhlükəsizliyin təminatının xatirinə məğluba əməkdaşlıq təklif edir. Çünki biz əbədi qonşularıq və belə olan halda, qonşular daimi gərginlikdə olmamalıdır. Bizim əməkdaşlıq təklif etməyimizə baxmayaraq, qarşı tərəf hələ də oyun oynamaqda davam edir və parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda dezinformasiya məsələləri ön plana keçir. Lakin bunlar heç biri nəticə verməyəcək, çünki xalq Prezident İlham Əliyevin arxasındadır və onun güclü ordusu, həmçinin güclü iqtisadiyyatı var”.

Nəzrin CAVİD.

araz.az xəbər portalı.