“Avroviziya” siyasi yarışmadır, dövlətlərin bir-birinə münasibətinin əks olunduğu və bir çox hallarda siyasilərin addımlarına təsir edən müsabiqədir. Ona görə bu yarışmada qalib gəlmək yox, kimin sənə neçə və necə səs verməsi müzakirə predmeti olur.
22 mayda finalı olan Avroviziya-2021-in səsverməsində bizə İsrailin 2 bal verməsi sosial şəbəkələrdə müzakirəyə çevrildi, bir az inciklik də, küskünlük də vardı. Deyəsən, mollabaşların da əlinə fürsət düşmüşdü.
Təbii ki, qarşılıqlı sual yaranır: Bəs, Azərbaycan kimə nə qədər bal verib?
Baxın statistikaya: Rusiyaya 12, Yunanıstana 10, Moldovaya 8, Maltaya 7, Ukraynaya 6, İsveçrəyə 5, Fransaya 4, Belçikaya 3, Portuqaliyaya 2, Bolqariyaya 1.
Bu Azərbaycan jürisinin tərkibi kimlərdən ibarətdir? Bunlar nəyi harda yeyirlər, bu yedikləri hansı zəhərlənmə verir ki, beyinləri düşünmə qabiliyyətini itirir?
Azərbaycan Yunanıstana 10 balı necə verə bilər? Sən Fransaya hansı siyasi-müzik düşüncə ilə xal verirsən? Ümumiyyətlə, siz başınızla düşünürsünüz? İsraili siyahıya salmayıb, Yunanıstana 10 bal vermək nə deməkdir?!
Böyük Britaniya! Əlbəttə, AB-dən çıxıb öz oyununu oynayan Britaniya Fransanın Qafqazda barmaqlarını qırmaqla məşğuldur, ya nə edir – özü bilər! Fakt odur ki, BMT TŞ-nin 5 daimi üzvündən biri kimi Britaniya 44 günlük savaşda sonadək yanımızda oldu, indi də Qarabağın bərpasında öndədir!
Britaniya 0 xalla yarışmanı başa vurdu. Bax, ay jüri statusu alıb, dövlətimizin siyasətini məhv edənlər, bircə xal versəniz, indi bütün dünya yazacaqdı ki, Britaniyanın cəmi 1 xalı oldu, onu da Azərbaycan verdi!
Düşünürdünüzmü bunu? Bilirsinizmi bu, nə demək olardı?
İtaliya! İtaliya sənsiz də çempion oldu və demək, mahnısı da gözəlmiş. Mahnısı gözəlmiş, özü dostmuş, 100 illik milli problemimizin həllində güclü Avropa ölkəsi kimi yanımızda olarmış, indi Qarabağın bərpasında iştirak edərmiş… Bəs, İtaliyaya bircə xal vermək üçün daha nə lazımdır Azərbaycan jürisinə?
Parlamentində əleyhimizə qərar verən Belçikaya səs verməkdən absurd qərar ola bilməz! Xalqı bundan artıq aşağılamaq olmaz!
Yoxsa elə düşünürsünüz ki, bu da bir siyasətdir, guya “gediş” edirsiniz, jest edirsiniz?
Sizin bu gedişlərinizin Fransanın, Belçikanın, Yunanıstanın heç nəyinə lazım deyil! Əksinə, özümüzü alçaldırsınız!
Baxın da, Prezidentdən nümunə götürsəniz dünyamı dağılar? Məğrur, ləyaqətli, güclü, sözü üzə deyən bir siyasət! Açıq, səmimi bir mövqe!
Azərbaycanın hörməti məhz bu mövqeyinə, Prezidentinin bu cəsarətinə görədir!
Bunlara baxıb-görüb nəticə çıxarmırsınızmı?
Nə qədər siyasi yaltaq olmalısan ki, Rusiyaya 12 bal verəsən. Rusiya qonşumuzdur, hesablaşmalıyıq, sülhməramlıları torpağımızdadır, savaşda göstərdiyi mövqe də pis deyildi. Amma heç olmasa Şuşadakı “İsgəndər” qalığına görə 2, Ermənistana müharibə vaxtı silah daşıyan mülki təyyarələrə görə 2 bal çıxardınız da!
Bu, əlbəttə, Azərbaycan münsiflərinin münasibətidir, sağ olsun tamaşaçılar – yəni xalq, heç olmasa, 12 xalı İsrailə verməklə əslində xalq olaraq nə düşündüyümüzü göstərdilər…
Heç olmasa, İsrail Azərbaycan xalqının qardaş olduğunu bildi!..
Yeri gəlmişkən, bir də soruşaq: jürilərimiz kimlərdir?
araz.az
araz.az xəbər portalı.