-
“Onun koronavirus qədər güclü yoluxuculuq qabiliyyəti yoxdur”
Koronavirusa yoluxanların sayının azaldığı, karantin rejiminin ləğvinə hazırlıq getdiyi vaxtda dünyada yeni pandemiyanın olacağı haqda proqnozlar verilir. Çin alimləri yeni pandemiyanın quş qripi virusu ilə bağlı olacağını açıqlayıblar. Veyfen Şi və Corc Qao virusun yaranma və yayılmasının tarixini izləyiblər. Onlar bildiriblər ki, bu ştamm 2010-cu ildə Çində ördəklərdə aşkarlanıb. Dörd il sonra Yaponiya və Cənubi Koreyada da yoluxma halları qeydə alınıb. Virusa yoluxanlar arasında ev və vəhşi quşlar da olub. Virus 2016-cı ildə Hindistanda, Rusiyada, Monqolustanda, ABŞ-da, həmçinin Avropanın digər ərazilərində aşkarlanıb. H5N8 virusu 2020-ci ildə artıq 46 ölkədə qeydə alınıb.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın tanınmış həkimi Aleksandr Myasnikov da bildirmişdi ki, bəşəriyyəti daha təhlükəli pandemiyalar gözləyir və insanlıq qrip kimi viruslara qarşı universal, daha güclü vaksin icad etməyə tələsməlidir: “Qarşıda iki daha dəhşətli pandemiya gözlənilir. Bunu alimlər deyir. İki mutasiya olacaq. Birincisi, donuz və ya quş qripi mutasiyaya uğrayıb heyvandan insana sürətlə yayılacaq. İkincisi, bu viruslar insandan insana keçəcək. Ölümcüllüyü yüksək olacaq. Bundan xilas üçün bəşəriyyət yeni preparat və vaksinləri pandemiyaya qədər tapmalıdır”.
Aleksandr Myasnikov
Göründüyü kimi, koronavirus bitməmiş təhlükəli virus olacaq deyə proqnoz verilir, iki virusla mübarizə apara biləcəyikmi?
Bu arada iyunun 1-dən COVİD-19-la bağlı tətbiq edilən bəzi qadağaların aradan qaldırılacağı deyilir. Hazırda açıq havada maskalardan istifadə, şadlıq saraylarında toyların keçirilməsinə icazələrin verilməsi qaydaları müzakirə edilir.
Bəs görəsən, bu dəyişikliklər yoluxmaların yenidən artmasına səbəb olmayacaq ki?
Mövzu ilə bağlı bu və digər suallarımıza infeksionistlərdən cavab aldıq.
İlahə Vəliyeva
İnfeksionist-hepatoloq İlahə Vəliyeva “Yeni Müsavat”a bildirib ki, hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir: “Çünki istər yoluxma sayında, istərsə də insanların özlərini qoruması baxımından vəziyyət stabildir. O ki qaldı yeni bir pandemiyanın başlamasına, insanlar kifayət qədər təcrübəlidir. Nəyə riayət etmək lazımdır, yaxşı bilirlər. Bir sıra qadağaların aradan qaldırılması məsələsinə gəlincə isə yayda maska taxdıqda insanlar əziyyət çəkirlər. Yoluxma sayı da əvvəlki qədər deyil. Əlbəttə, müəyyən qadağaları aradan qaldırmaq olar. Toylarla bağlı da müəyyən qaydalara riayət etməklə icazə verilə bilər”.
İnfeksionist insanların vaksinasiya olunmaqda maraqlı olduqlarını deyib: “Hazırda vaksinasiya işləri uğurla davam etdirilir. Bununla bağlı insanlar arasında maarifləndirmə işləri də aparırıq. Müşahidələrimiz də onu deməyə əsas verir ki, peyvəndləmədən sonra yan təsirləri demək olar ki, yox səviyyəsindədir”.
Mərdan Əliyev
Mövzu ilə bağlı “Yeni Müsavat”a infeksionist-hepatoloq Mərdan Əliyev da danışıb: “Quş qripi də olarsa, təbii ki, çətin olacaq. Bir ümid var ki, koronavirusdan yoluxanların sayında azalma var. Vaksinasiya da davam etdirilir. Ümid edək ki, vaksinlər öz effektini çox yaxşı göstərəcək, koronavirusun sayında azalma olacaq. O ki qaldı quş qripinin yayılmasına, müəyyən qadağaların tətbiq olunması ilə bu virusdan da yan keçmək olar. Çünki onun koronavirus qədər güclü yoluxuculuq qabiliyyəti yoxdur. Əsasən quşlardan insana keçdiyinə görə bunun qarşısını almaq müəyyən qədər rahatdır. Quşlardan uzaq durmaq, yaxud da bir müddət quş əti yeməmək, müəyyən tibbi işlər virusun qarşısını almağa imkan verəcək”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyası ilə bağlı yeni açıqlama verib. Təşkilat COVID-19-un peyda olan yeni ştamlarının insanlara vurulan vaksin və qəbul etdikləri dərmanların effektivliyinə təsirini dəyərləndirib: “Koronavirusun yeni ştamları arasında hazırda mövcud olan vaksin və dərmanların effektivliyinə təsir göstərə biləcək ştam qeydə alınmayıb”, – deyə açıqlamada deyilir.
ÜST-in Baş direktoru Tedros Adanom Qebreyesus hər ölkəni sentyabradək əhalisinin 10%-ni koronavirusa qarşı peyvənd etdirməyə çağırıb. O, hər ölkənin öz əhalisinin 30%-ni ilin sonunadək koronavirusa qarşı peyvənd etdirməsinin vacibliyini də vurğulayıb.
Baş direktor bunun koronavirus pandemiyası ilə mübarizədə mühüm təsirləri ola biləcəyini qeyd edib.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
araz.az xəbər portalı.