ekrem1

NİYƏ HÜQUQİ DÖVLƏT QURA BİLMİRİK? (İsrail-Fələstin qarşıdurmasına münasibətimiz hüquqi şüurumuzun güzgüsü kimi)

İsrail-Fələstin müharibəsində atəşkəsdir. Buna görə də mövzu ilə bağlı yerli yazıların da sayı azaldı. İlkin nəticələri elan etmək olar. Müharibə edənlər üçün yox. Bizim üçün.
Nədir nəticə? Bizim hüquqi dövlət olmağımıza hələ çox var! Çünki hüquqi şüurumuzun səviyyəsi çox aşağıdır. Əksəriyyətimiz ədaləti deyil, sırf öz maraqlarını güdür. Bizdə ikili standartlar hökm sürür! “Özünə rəva bilmədiyini başqasına rəva bilmə!” prinsipi bizdə əsasən işləmir. Biri deyir ki, fələstinlilər müsəlmandır, mən onlara dəstək verirəm. Digəri deyir ki, İsrail bizə silah satıb, onun tərəfindəyəm. Kimin haqlı, kimin haqsız olmasını araşdıran çox azdır. Məhkəmələrimiz də işlərə belə yanaşır. Çünki hakimlərimiz də xalqın içindən çıxır.
Bəs hüquqi şüuru daha yüksək olan cəmiyyətlər məsələyə necə yanaşır? Onlar (o cümlədən Qərb ölkələrində: əqidələrindən, dinlərindən asılı olmayaraq) deyir ki, İsrail işğalçıdır və işğal etdiyi ərazilərdən çıxmalıdır. Onlar deyir ki, məsələyə hüquqi cəhətdən yanaşmaq lazımdır: BMT-nin qətnamələrinə uyğun olaraq İsrail kimi Fələstinin də öz dövləti olmalıdır. Onlar deyir ki, hazırkı gərginləşmə də İsrailin təqsiri ucbatından başlayıb: fələstinliləri evlərindən qovurlar. Nədir-nədir, həmin evlər 1948-ci ilədək yəhudilərə məxsus olub. Amma həmin dövrədək fələstinlilərə məxsus olan evləri İsrail qaytarmaq istəmir. Halbuki, yəhudilərin evlərində məskunlaşanlar elə öz evlərindən qaçqın düşən fələstinlilərdir. Təbii, sivil dünya bu ikili standartlı yanaşma ilə barışa bilməz.
Əlbəttə, fələstinliləri mələk kimi təqdim etmək də düzgün deyil. Aralarında cahili də var, terrorçusu da var təbii. Lakin o da düzdür ki, həmin ərazilərdə ilk terrorçu dəstələri yəhudilər yaradıb və məhz onların hesabına da dövlət qurublar. Elə HƏMAS da əslində İsrail xüsusi xidmət orqanlarının layihəsidir.
Ən əsası bizdə İsrailin haqsız mövqeyinə haqq qazandırmağa çalışanların sayının az olmamasıdır. Özü də rəsmi mövqeyimizin (Fələstin dövlətinə dəstək veririk) bəlli olduğu şəraitdə. Hüquqi şüurun aşağı olması, bir qayda olaraq, o cümlədən insanın haqqa-ədalətə deyil, gücə, var-dövlətlə ehtiram etməsi ilə bağlıdır. Bizdə də bu tendensiya güclüdür. Necə ki, rüşvətxorlara hörmət edirik (“Bacarana can qurban!”), övladlarımız onların övladları ilə dostlaşmaq istəyir, İsraili də güclü və zəngin kimi qəbul edərək onun dostuluğunu axtarırıq. Halbuki, İsrailin dostu yoxdur (söhbət yəhudi xalqından getmir!). Onu hamı işğalçı hesab edir. Əlbəttə, əməkdaşlıq edirlər. Lakin münasibətin mahiyyətini dəyişmir. İsrailin dostu yoxdur!
Özümüzü zəif Fələstinin yanında görmək istəmirik. Bunun üçün min bir bəhanə də tapırıq. Ay nə bilim, guya Fələstin Ermənistana dəstək verir. Ay nə bilim, guya iki Fələstin var, biri yaxşıdır, digəri isə terrorçu. Ay nə bilim, müsəlmanların bəlası elə dinləridir. Ay nə bilim, İsraildə ərəblərə hüquqlar verilib, şərait yaradılıb, sakit yaşasınlar da. Halbuki, SSRİ bizə ondan da yüksək hüquqlar vermiş və şərait yaratmışdı, amma müstəqil olmaq istədik yenə də. Ümumiyyətlə, gəlin etiraf edək ki, həm 1918-ci, həm də 1991-ci ildə müstəqillik əldə etməyimizin əsas səbəbi Rusiyanın parçalanması olduğu üçün istiqlaliyyət uğrunda uzunmüddətli və hərbi mübarizənin mahiyyətini tam başa düşmürük (Babək, Koroğlu, Qaçaq Nəbi və s. isə bizim üçün nağıl kimi bir şeydir artıq). Yalnız son 6 aydır ki, torpaqlarımızın öz gücümüzlə işğaldan azad olunması nədir dadmışıq! Amma eyni (hətta daha ağır vəziyyətdə) olan fələstinlilərin bu hüququnu tanımaq istəmirik. Əsl ikili standartdır!
Əlqərəz, sözümün canı odur ki, elə məmurlarımız və hakimlərimiz də işlərə əsasən bu cür yanaşır. Güclüyə hörmət edirlər, zəifə yuxarıdan aşağı baxırlar (günahı onda axtarırlar hətta). Haqsız qərarları üçün də min bir bəhanə tapırlar. Bizlərə də məmurdan, hakimdən ədalət lazım deyil, sadəcə işimizin xeyrimizə həll olunmasını istəyirik.

P.S. Odur ki, problem İsrail-Fələstin münaqişəsi deyil. Problem özümüzdədir. Mənim bir nəfər də olsun ərəb tanışım yoxdur. Amma yəhudi tanışlarım var. Hətta hüquqi xidmət göstərdiyim yəhudilər də var. Bununla belə, məsələyə qiymət verəndə yeganə meyarım HÜQUQDUR! Dinin də bura dəxli yoxdur (əks halda Kosovo məsələsində Serbiyanı dəstəkləməzdim). Zalımın deyil, məzlumun yanında olmaq lazımdır. Zalımın yanında olmağa nə var ki?!
Təsəvvür edin ki, bir korrupsioner zorla, hədə ilə, rüşvətlə hər hansı əraziyə sahib olub, oranın əhalisini rüşvətxor məhkəmələrin vasitəsilə əmlaksız qoyub, evlərindən didərgin salıb, bizneslərini əlindən alıb. Azdırmı bizdə belə hallar? Həmin korrupsioner övladlrına yüksək səviyyəli təhsil verib, sivil həyat tərzi yaşayırlar. Əmlaklarını itirənlər isə illər boyu məmur və məhkəmə qapılarında ədalət axtarırlar. Sağlamlıqlarını itiriblər, övladlarına gün ağlaya bilməyiblər, dilənçi kökündə yaşayırlar və s. Kimin tərəfində olacaqsız? Məmurlarımız və məhkəmələrimiz adətən korrupsionerlərin tərəfində olur. Bu düzdür? Bunu düzgün hesab etmirsinizsə, ilk növbədə İsrail-Fələstin qarşıdurmasında zalımla məzlumu fərqləndirin…

Əkrəm Həsənov

Vəkil

araz.az xəbər portalı.