Düzənlik Qarabağın ərazisində Tərtər, Bərdə, Ağcabədi, Füzuli, Ağdam və Cəbrayıl rayonları yerləşir. Cəbrayıl, Ağdam və Füzuli həm Dağlıq, həm də düzən Qarabağa düşür. Bu səbəbdən də inzibati rayonlar baxımından sayanda bir qədər ehtiyatlı olmalıyıq. Sırf olaraq, düzənlik Qarabağ ərazisi Ağcabədidir. Burada Ağcabədinin də bir hissəsi Mil düzünə düşür.
Bu fikirləri hafta.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq, Landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnur İsmayılov deyib.
Onun sözlərinə görə, bu səbəbdən inzibati bölgü ilə bizim apardığımız fiziki-coğrafi şəraitə uyğun olan rayonlaşma bəzən bir-birinə uyğun gəlmir: “Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası Kəlbəcərin ərazisindədir. Bunlar əslində Dağlıq Qarabağdır. Burada bir qədər müqayisəli məsələ var. Məsələn, zəngilanlılar, qubadlılılar özlərini zəngəzurlu bilirlər. Əslində, onlar tarixən zəngəzurludurlar. İşğal psixologiyamızı dəyişdi. Qarabağ işğal olundu deyəndə, orada Zəngilan da getdi, Qubadlı da getdi. Bir növ, həmin ərazidə yaşayanlar da Qarabağa kökləndilər. Hansısa məqalələr yazılarkən, süjetlər çəkilərkən, “Qarabağ işğal olundu” yazdılar və Zəngəzur yaddan çıxdı”. Alimin sözlərinə görə, Laçın, Qubadlı və Zəngilan əslində Zəngəzur ərazisidir.
araz.az
araz.az xəbər portalı.