Oleq Kuznetsov

Bu gecə Kəlbəcərdə baş verənləri Ermənistan tərəfinin müharibədən sonra əldə edilmiş razılaşmaların pozulmasına yönəldilmiş və əvvəlcədən planlaşdırılmış hərbi-siyasi təxribat sayıram. Bu təxribatın işirakçıları Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib və artıq onların adları da bəllidir.

Bu sözləri Axar.az-a rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

“Hesab edirəm ki, diversantları dindirəndən sonra yeni məlumatlar ortaya çıxacaq ki, bu da ümumi mənzərini görməyə yardım edəcək. Bu təxribatın təşəbbüsçüsü Ermənistanın mərkəzi hakimiyyəti və yaxud hansısa xüsusi hərbi rəisləri ola bilər. Amma mənə elə gəlir ki, bu akt Paşinyan və onun siyasi çevrəsinin təşəbbüsü deyil. Bu, Nikolun opponentlərinin daxili siyasi vəziyyəti gərginləşdirmək və bu ölkədə seçki prosesini pozmaq üçün miqyaslı təxribatıdır”, – deyə müsahibimiz bildirib.

O.Kuznetsovun sözlərinə görə, bu təxribatın tarixi də (27 may – red.) təsadüfən seçilməyib:

“Sabah, mayın 28-də Bakı və İrəvanda Respublika Günü qeyd olunur, buna görə də ələ keçirilmiş erməni diversantlar onların İrəvandakı havadarları üçün bir hədiyyə də hazırlaya bilərdi. Bu təxribat İrəvan üçün bayrama hədiyyə, Bakı üçün isə bayram günü zərbə olmalı idi…

Amma mən bu təxribatın Rusiya tərəfinə də dolayısı ilə zərbə üçün hazırlandığını istisna etmirəm, çünki mayın 28-də Rusiyada Sərhədçi Günüdür.

Digər tərəfdən, rəsmi məlumatlara inansaq, Azərbaycan və Ermənistan hərbçiləri arasında daim rusiyalı hərbçilər – sülhməramlılar və rus sərhədçilər dayanmalıdır (Ermənistanın dövlət sərhədini Rusiya Sərhəd Xidməti qoruyur – red.). Əgər belədirsə, erməni silahlı qüvvələrinin bu gecə təxribatı olmamalı idi. Deməli, Rusiya sərhədçiləri ya xidməti-döyüş fəaliyyətlərini laiqincə yerinə yetirə bilmir, daha dəqiq desək, səhlənkarlıq edir və yaxud da bilərəkdən təxribatlara göz yumur.

Ona görə də əminəm ki, bu insidentdən sonra rəsmi Bakının Kremlə də sualları olacaq”.

 

araz.az

araz.az xəbər portalı.