ramizmehdiyev123

AMEA rəhbəri Ramiz Mehdiyev: “Çox təəssüflə qeyd edim ki, bəzi institut direktorları islahat keçirməyə maneə yaradırlar. Həmin şəxsləri xəbərdar edirəm, akademiyada islahat olmalıdır. Ötən illər nöqsanların yaranmasına gətirib çıxarmış amillər arasında qüsurlu idarəçilik sistemi birinci yeri tutur. İdarəçiliyin zəif və pərakəndə olması, məsuliyyətsizlik, tələbkarlığın zəifliyi akademiyada ciddi problemlərə, özbaşınalığa səbəb olub. Aparatın şöbələrində rəhbər vəzifədə kimlərinsə ayrı-ayrı şəxslərin təsirində olması üzərlərinə düşən vəzifələri yerinə yetirmələrinə səbəb olub. Yersiz çəkişmələr, məsuliyyəti bir-birinin üstünə atmaq, dedi-qodu kimi hallar məni dərindən narahat edir. Rəhbərlikdə təmsil olunanların bəzilərində də belə hallar müşahidə olunur. Bu xəstəliyə düçar olanlar bundan əl çəksinlər”. Ramiz müəllim intriqa ustası, incə siyasi gedişlər edən şahmatçı kimi açıqlama verib, halbuki, AMEA-da daha çox nərd və domino dəbdədir, amma şahmat oynayanlar da var. Ramiz müəllim öz rəhbərliyi altında çalışan, özü tərəfindən təyin edilən, ya da özü tərəfindən işdən çıxarıla biləcək institut rəhbərlərindən şikayət edib – bu sizə nəyi xatırladır?! Bəli, Prezidentin də özü tərəfindən təyin etdiyi, özü tərəfindən işdən çıxarılma səlahiyyəti olan məmurlardan şikayəti olurdu. Mehdiyev bunamı işarə edir?!

Ramiz müəllim Akademiya timsalında sistemi tənqid edib, deyir ki, əsas məsələ idarəçilik sistemindədi – əslində düz deyir, amma doğru demir: Yaxşı, bəs ölkədə və AMEA-da sistemi kim qurub, kim moderatorluq edib, kim tənzimləyib və nəzarət edib?! Görəsən Ramiz müəllim bu məsələdə özünün məsuliyyətinin də olduğunu düşünürmü?! Sistemdə yersiz çəkişmələrin, dedi-qoduların olduğunu söyləyir, bunu “xəstəlik” adlandırır – yaxşı, uzun illərdir ölkədə çəkişmələrin, intriqaların, dedi-qoduların memarı kim olub?! Əgər sırf AMEA-nı nəzərdə tuturdusu, bu da anlaşılan deyil – Ramiz müəllim yüksək vəzifədə olanda AMEA-nın birbaşa kuratoru kim idi?! Özü deyildimi?! Hamı bilir ki, uzun illərdir AMEA-da Ramiz müəllimin icazəsi, bilgisi, razılığı olmasa heç bir qərar alınmırdı, bəs nə oldu ki, bu sistemi indi ÖZÜ tənqid edir?! Bu özünütənqiddir, ya çox incə mesaj?! Bəlkə demək istəyir ki, kənardan AMEA-nın işinə müdaxilələr var, heç olmasa bura qarışmayın?!

AMEA-nın səmərəsiz fəaliyyətin göz önündə olmasından sonra məncə ən doğru qərar AMEA-nın rəsmi dövlət qurumu kimi ləğv edilməli, ictimai əsaslarla, QHT kimi fəaliyyəti təmin edilməli, büdcədən ayrılan vəsaitlər azaldılmalı, elm Universitetlərə qaytarılmalıdır. Universitetlərin nəznində elm daha geniş yer almalı, Təhsil-Elm-İqtisadiyyat bağı yaradılmalıdır…

Natiq CƏFƏRLİ,

Ekspert

araz.az xəbər portalı.