Xəbər verildiyi kimi, Dövlət Gömrük Komitəsində ciddi yoxlamalarla yanaşı, həm də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbslər həyata keçirilib. JAMAZ.İNFO xəbər verir ki, mart ayından bəri araşdırma aparan sözügedən idarə ilk əməliyyatını mayın 17-də reallaşdırıb.
Bildirək ki, həmin əməliyyat nəticəsində Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanov həbs olunublar.
Bundan başqa, dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində daha bir əməliyyat keçirib. Əməliyyat zamanı Komitənin şöbə müdiri, Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkəni Orxan Zöhrabov saxlanılıb.
JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, DGK-da həyata keçirilən əməliyyatlar bununla yekunlaşmayacaq. Mənbə buna səbəb kimi, həbs olunan şəxslərin verdikləri ifadələr, komitədə axtarış zamanı ələ keçirilən müxtəlif sənədlər, habelə qeydlər olan dəftərçələrdəki məlumatları göstərib. O iddia edir ki, ilkin ifadə zamanı saxlanılan şəxslər gömrükdə gördükləri qanunsuz işləri təkbaşına həyata keçirmədiklərini, yığılan pulların isə komitə rəhbərliyinə ötürüblər.
Bundan başqa, onların dediklərini bir çoxu əməliyyat-axtarış zamanı götürülən qeyd dəftərçələrində də öz əksini tapdığı məlum olub. Elə əməliyyatların davam etməsinin bir səbbəbi də bununla bağlıdır.
JAMAZ.İNFO-ya danışan mənbə hazırda əsas məsələnin bu ilin aprelində dövlət büdcəsinə köçürülən 452 milyon manatla bağlı olduğunu qeyd edib. O bildirib ki, Dövlət Gömrük Komitəsinin büdcəyə ödəniş etdiyi 452 milyon manat pulun qeyri-qanunu yolla yığıldığı, sahibkarlardan müxtəlif adlarla alındığına ciddi şübhələr yaranıb. Araşdırma zamanı məlum olub ki, həmin məbləğ birbaşa Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevin göstərişi əsasında yığılıb və büdcəyə köçürülüb. Həmin pulun qaynağı isə ayrı-ayrı şirkətlərə gömrük rüsumu və digər adlar altında yazılmış əlavə rüsumlar hesabına toplanıb. Bu azmış kimi, Mmehdiyevin göstərişinə əsasən komitədə çalışan və dolayı yolla pul qazanan gömrük işçilərindən də pullar yığılıb və “qanunləşdirilərək” büdcəyə ödənilib.
Həmin məlumatlara görə, belə pulyığma əməliyyatlarından biri də ölkəyə tütün və tütün məhsulları, ərzaq, habelə dərman pereparatları gətirən şirkətlərinə qarşı olub. Həmin şirkətlərin gətirdikləri mal və məhsulların qiymətlərinin guya, rəsmi bəyannamədə göstəriləndən baha olduğu əsas gətirilərək, əlavə gömrük rüsumu alınıb. Son günlər ölkədə bahalaşmanın bu səbəbdən baş verdiyi də üzə çıxıb.
Qeyd edək ki, gedişat Səfər Mehdiyev üçün “əcəl zəngi” hesab olunur. Bir çox mənbələrdən gələn xəbərlərdən məlum olan isə odur ki, Gömrük Komitəsinin sədri yaxın vaxtlarda həbs olunacaq və bununla bağlı yekun qərar gözlənilir. Bu məlumatların inandırıcılığı isə ondan ibarətdir ki, Mehdiyev hazırda ciddi cəhdlə gömrüyə dair məlumatların ictimailəşməməsinə çalışması, habelə xaricə çıxışının müvəqqəti dayandırılmasıdır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
araz.az
araz.az xəbər portalı.