Sabir

“Ermənistanda seçkiqabağı hakimiyyətsizliyin  təsirləri açıq-aydın hiss olunur. Görünür ki, dərəbəylikdir, sərhəd boyu hərbi hissələrdə kim nə istəsə, onu edir. Həmçinin bəzi məsələlərin həlli uzadılır, sərhədlərin müəyyənləşdirilməsi gecikdirilir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı son günlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları intensivləşdirməsi ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, Ermənistanda özbaşınalıq hökm sürür: “Bizim işğaldan azad olunmuş torpaqların minalardan təmizləmə prosesi uzandıqca, məskunlaşmağımız hələki mümkün olmadıqca ermənilər bunu başqa amillərlə əlaqələndirirlər. Bir sıra ölkələrin təzyiqləri, Rusiyanın qeyri-müəyyən mövqeyi də Ermənistana müəyyən mənada təsir edir. Amma onlar hər nə qədər fəallaşsalar da, lazım olan qaydada cavablarını alırlar. Ümumiyyətlə isə, istər bu məsələdə, istərsə də digər məsələlərlə bağlı Moskva ilə danışıqlar prosesi davam edir. Lakin Ermənistan 30 il ərzində də nə Rusiya ilə, nə də beynəlxalq qurumlarla danışıqları ciddi qəbul etməyib, elə bilib ki, ərkəsöyün uşaq kimi istədiyi hər şeyi edəcək. Ermənilər düşünürlərsə ki, əvvəlki mövqelərinə qayıda bilərlər, yanılırlar. Onlar mütləq cavablarını alacaqlar”.

Nəzrin CAVİD

araz.az xəbər portalı.