“Hesab edirəm ki, Azərbaycan-Ermənistan dövlət sərhəddində erməni tərəfinin təxribatları iyunun 20-nə qədər davam edəcək. Fikrimcə, bu, hansısa planın tərkib hissəsidir”.
Bu sözləri Reyting.az-a politoloq Cümşüd Nuriyev Ermənistan tərəfinin Azərbaycanla sərhəddəki təxribatlarını şərh edərkən deyib.
Politoloqun iddiasına görə, əslində bu prosesin arxasında Rusiya dayanır: “Daha doğrusu, rus kəşfiyyatı. Rusiya maraqlıdır ki, Azərbaycandan Ermənistana atəş açılsın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dördüncü bəndinin işə düşməsi üçün əsas yaransın.
Sərhəddə bu qədər təxribatların baş verməsinə baxmayaraq, Azərbaycan tərəfi çox peşəkarlıqla davranır, düşmənə bunun üçün əsas vermir.
Düşmən çox söz deyə bilər, amma sərhəddəki hadisələr yəqin ki, izlənilir. Bu o deməkdir ki, düşmən dediyi yalan sözləri, iftiraları reallıqda sübut etmək imkanında deyil”.
C. Nuriyev bildirib ki, Rusiya Ermənistanda hakimiyyəti ələ keçirmək, öz məqsədinə çatmaq niyyətindədir: “Proseslərə diqqətlə baxdıqda görürük ki, Nikol Paşinyana qarşı əsasən üç qüvvə mübarizə aparır. Bunlar Robert Köçəryan, Serj Sarksiyan və Ara Abramyandır. Ara Abramyan prosesə sonda qoşulub. Bu adamların məqsədi Paşinyanın mümkün qədər az səs toplaması, təkbaşına hakimiyyət qura bilməməsidir. Və imkan olacağı təqdirdə bu üç qüvvənin koalisiya hökumətini qurmaqdır”.
Politoloq təklif edir ki, Azərbaycan hərbi doktrinasında dəyişiklik etsin:
“Azərbaycan ərazisində Türkiyənin hərbi hissələrinin yerləşdirilməsi qanunda öz əksini tapmalıdır. Ermənistan Zəngəzur istiqamətində Rusiyanın Gümrüdəki 102-ci bazasının hərbi hissələrini yerləşdirir. Biz də anoloji addım ata bilərik. Hər halda Türkiyə hərbçilərinin burada yerləşdirilməsi qanunda öz əksini tapmalıdır. Sonra ehtiyac olarsa, hərbi qüvvələr həmin ərazidə yerləşdirilə bilər”.
araz.az xəbər portalı.