vuqariskenderov

Ermənistan tərəfinin son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu törətdiyi təxribatlar bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Sərhəddəki təxribatlardan sonra isə Ermənistan özünü növbəti dəfə rəzil vəziyyətə saldı

araz.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, artıq bir neçə gündür ermənilərin sərhəd boyunca törətdiyi təxribatlar, həmçinin Naxçıvanda baş vermiş hadisə, Laçında cərəyan edən proses onu göstərir ki, işğalçılar boş dayanmaq niyyətində deyillər:

“Digər tərəfdən Ermənistanın törətdiyi təxribatların bir neçə səbəbi var. Əvvəla Ermənistan bu cür təxribatları növbəti çirkin niyyətini həyata keçirmək üçün törədir. Yəni, Ermənistan öz əməllərini Azərbaycanın adına yazmaq, Azərbaycanı təcavüzkar ölkə kimi qələmə vermək üçün dünyaya yalan məlumatlar təqdim edir. Digər tərəfdən düşmən ölkə ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə düçar olduğu acınacaqlı məğlubiyyəti unutdurmaq niyyəti güdür. Üçüncü bir səbəb də odur ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfəli Bəyanatda əks olunan digər tələblərin yerinə yetirilməsini ləngitmək və seçkiqabağı dövrdə daxili siyasətdə manipuliyasiya etmək istəyir. Təbii ki, son təxribatlarda revanşizm meyilləri xüsusi olaraq qabarır”.

Vüqar İskəndərov bildirib ki, baş verənlərin arxasında kimin, hansı qüvvənin, yəni Paşınyan komandasının, yaxud revanşist əhval-ruhiyyə ilə yaşayan müxalif qüvvələrin durmasından aslı olmayaraq bu birbaşa erməni xalqının və cəmiyyətinin əleyhinə olan addımdır:

“Hər kəsə bəllidir ki, ötənilki müharibədən sonra düşmən ölkədə bütün sahələrdə xaos və anarxiya hökm sürür. Ermənistan aclıq və səfalət girdabındadır. Sərhəddəki təxribatlardan sonra Ermənistan özünü növbəti dəfə rəzil vəziyyətə saldı. Belə ki, təxribat törədilib, amma Ermənistan rəhbər şəxslərinin açıqlamaları bir-birini təkzib edir. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya səsləndirir. Hər iksi də yalan danışır. Erməni generallarının da etiraf etdiyi kimi Ermənistan ordusunun onurğa sütunu qırılıb. Həmin generallar açıq şəkildə bəyan edirlər ki, ötənilki müharibədən sonra Ermənistanda ordu deyilən bir struktur qalmayıb. Ermənistan bütün təxribatlarının cavabını alır və alacaq. Beləliklə, bütün bunlar hazırda Ermənistanın hansı durumda olduğunu ortaya qoyur. Və o da məlumdur ki, Ermənistanın bir dövlət kimi xilası ancaq Azərbaycanın müharibədən sonra regionda yaratdığı reallıqdan yararlanmaqdır”.

“Prezident İlham Əliyevin bu gün Ağdama səfər zamanı bildirdiyi kimi təəssüflər olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Xəmirləri necə deyərlər işğal, terror və təxribatçılıqla yoğrulan bədnam qonşularımız baş verənlərdən lazımi nəticə çıxara bilmirlər. Bu günə kimi törətdikləri bütün cinayərtlərə rəğmən Azərbaycanın onların da regiondakı yeni layihələrdə yer almasına razılıq verib. Bölgədə əbədi sülhün yaranması üçün həyata keçiriləcək layihələr Ermənistanı da məhv olmaqdan xilas edə bilər. Onlar bir daha yaxşı-yaxşı düşünməli və ağıllarını başlarına toplamalıdırlar. Əks təqdirdə onlar yenə də başları üzərində Azərbaycanın “dəmir yumruğu”nu görəcəklər. Bu dəfəki yumuruq isə Ermənsitan üçün ölümcül ola bilər” deyə, depuatat sonda bildirib.

 

 

araz.az

araz.az xəbər portalı.