1523086520-409.jpg

Bir ölkəyə hansı ölkədən turist çox gəlirsə, həmin ölkənin investorları daha çox sərmayə yatırır. Başqa sözlə, investorlar öz turistlərini götürüb burada birləşdirirlər.

Araz.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Omanın Bakıda daşınmaz əmlak üçün investisiyaları artırması ilə bağlı Oman Sultanlığının Türkiyədə və Azərbaycandakı səfiri Qasım bin Məhəmmədi bin Salem əl-Salhinin səsləndirdiyi fikirləri şərh edərkən deyib. Ekspertin fikrincə, investorların məqsədi riskləri azaltmaq və gəlirlərin bir hissəsini özlərinə götürməkdir:

“Buna görə də investorlar otel, hostel və qonaq evlərini alıb, özləri idarə edirlər. Həmin məkanlarda öz turistlərini yerləşdirirlər. Çünki yerli turizm agentliklərinə bir o qədər də etibar etmirlər. Bəzən turistlər üçün yer olur, ya olmur, qiymətlərdə artım və ya azalma müşahidə edilir. Azərbaycanın iş adamları da vaxtilə Türkiyədə otellər, hostellər alıb turistləri yerləşdirirdilər. Bu, dünyada qəbul edilmiş qaydadır”.

Ekspert hesab edir ki, investorların sərmayə yatırması turizm sektorunda xidmət səviyyəsinin qalxmasına səbəb olacaq:

“Bu həm turizm sektorunun inkişafına səbəb olacaq, həm də kadr potensialı yetişəcək. Gələcəkdə həmin kadrlar başqa ölkələrdə də xidmət göstərə bilər. Lakin Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin artması və ya azalması barədə nə isə demək olmaz”.

Qeyd edək ki, Oman Sultanlığının Türkiyədə və Azərbaycandakı səfiri Qasım bin Məhəmmədi bin Salem əl-Salhi Virtualaz.org-a açıqlamasında Omanın Azərbaycan paytaxtının daşınmaz əmlak bazarına milyon dollarla ölçülən həcmdə investisiya yatırdığını bildirib. Onun sözlərinə görə, Oman investorları Bakıda artıq beş bina əldə ediblər və onları mehmanxanaya çevirəcəklər.

araz.az xəbər portalı.