Levon Ter-Petrosyan Azərbaycanın uzaqgörən,düşünülmüş siyasət yürütdüyünü etiraf edib
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan mayın 27-də verdiyi bu ölkənin İctimai Televiziyasına müsahibəsində regiondakı mövcud reallığı dilə gətirib. Nədir bu reallıq?
Ter-Petrosyan real geosiyasi vəziyyətin, eyni zamanda, iqtisadi və hərbi gücün Azərbaycan tərəfində olduğunu bildirib. Mövcud durumun ölkəsi üçün yaxşı heç nə vəd etmədiyini proqnozlaşdıran sabiq prezidentin dedikləri heç də Ermənistanda seçkiqabağı mübarizənin nəticəsi kimi anlaşılmamalıdır. Ter-Petrosyan sadəcə həqiqətləri söyləyib. Həqiqət isə budur ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun gerçəkləşdirdiyi uzaqgörən, düşünülmüş siyasət öz uğurlu nəticəsini verib, Qarabağ Ermənistan işğalçılarından azad olunub. Ermənistan isə ordusu məhv olmuş, səfil ölkə gününə düşüb. Hər hansı şərt irəli sürmək, Qarabağda üstünlüyə malik olmaq imkanlarını həmişəlik itirib.
Ermənistanın ilk prezidenti da məhz bu reallığı etiraf edib. Jurnalistin “nəyə görə biz məğlub olduq” sualına cavabında sabiq prezident bunları bildirib: “Biz ona görə məğlub olduq ki, zamanın axışını dərk edə bilmədik. Zaman siyasətdə ən vacib faktordur. Bir anda edəcəyimiz bir hərəkəti, digər bir anda etməyə zəmanət yoxdur. Biz bu anı dərk etdik, lakin hakimiyyət başa düşə bilmədi. Yəni, bu yığılmış strateji problemdir və bunu sən qalib tərəf olanda həll etməliydin. Yəni, qalib olduğumuz müddətdə bizə təklif edilən güzəştlərlə çox şey qazanmaq olardı. Əgər 90-cı illərdə təklif edilən mərhələli həll varinatına belə getsəydik, indi bizim xalq xöşbəxt olardı”.
Ter-Petrosyan mərhələli həll varinatına razı olduğunu vurğulayıb. Bu varianta əsasən, Laçın və Kəlbəcər Azərbaycan tərəfinə qaytarılırmış, Laçın dəhlizi isə Ermənistanda qalırmış və s. Onun iddiasına əsasən mərhələli həll variantında Qarabağın Azərbaycanın tərkibində qalmasından heç bir söz olmayıb.
Ter-Petrosyanın bu fikirləri Azərbaycanın 44 günlük Vətən müharibəsində necə bir Zəfər qazanmasına, əzəli torpaqlarımızla bağlı bu və digər planları birdəfəlik arxivə gömdüyünü isbat edir.
Jurnalistin “Serj Sarqsyan bildirdi ki, ən sakit dönəm onun hakimiyyəti dövründə olub” sualına cavabında Petrosyan zamanın Azərbaycanın xeyrinə işlədiyini söyləyib: “O, deyir ki, bütün təklifləri Azərbaycan tərəfi rədd edib. Robert Koçaryan fikirləşməli idi ki, nəyə görə Azərbaycan tərəfi rədd edirdi. Deməli, Azərbaycan əmin idi ki, zaman onun xeyrinə işləyir. Həmin insan bu adi məsələni dərk edə bilmədi. Burada siyasi fikir yoxdur. Əgər problemin varsa gərək qarşındakının fikirlərini biləsən. Gördünüz ki, zaman Azərbaycanın xeyrinə işlədi. İqtisadi baxımdan Azərbaycan gücləndi, Ermənistan isə zəiflədi, müasir ordu yaratdı, bizim ordu isə miqrasiya səbəbindən kiçildi. Gizli olan məsələlər var ki, onlardan danışmıram, indi bizim ordunun sayı 90-cı illərdəkindən azdır. İndi nəyə ümid edirlər?”
Ter-Petrosyan əlavə edib ki, Koçaryan və Sarqsyan, hətta Vazqen Sarqsyan bunu dərk edə bilmədilər ki, zaman məfhumu var: “Hitlerin ən böyük səhvi o idi ki, o, Sovet İttifaqının üstünə mayda hücum etmək planlaşdırırdı, lakin Yuqoslaviyada yaranan vəziyyət onu bir ay gecikdirdi. Noyabrda güclü qar olduğundan, Moskvaya çata bilmədi. Zaman faktoru dünyaların dəyişməsinə səbəb ola bilər”.
Müsahibəsində Ter-Petrosyan vaxtilə siyasətdən uzaqlaşmasaydı Ermənistanda vətəndaş müharibəsinin başlayacağını deyib. Həmçinin, “Azərbaycan və Ermənistan arasında balans pozulduqda, nəyə görə dərk edə bilmədik” sualına cavabında bir daha ötən zaman kəsiyində Azərbaycanın gücləndiyini bildirib: “Çox sadə vəziyyətdə dəyişdi, özü də Azərbaycanın xeyrinə. Balans 97-98-ci illərdə pozuldu, Azərbaycanda beynəlxalq neft konsorsiumu yarananda. Bundan sonra Əliyevin sözü dəyişdi. Lissabon sammitindən sonra masada Qarabağ haqqında adi bir sənəd qoyulmuşdu. Yəni, ATƏT Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində əsas rola malik idi. Həmin bəyənnamə müzakirə olunan zaman, Vardan Voskanyan da orda idi, o bizi əmin etdi ki, hər şey öz qaydasındadır. Biz Lissabona çatanda, Voskanyan bizi qarşıladı, onun rəngi qaçmışdı, kəkələyərək bildirdi ki, cənab prezident ötən gün Amerika yeni qətnamə təklif edib və bunu bizdən başqa hamı ilə razılaşdırıb. Mən veto qoydum. Həmin qətnamənin Klintonun masasına necə çatması haqqında da məlumatlı idim. Bunu Texasın neft lobbisi etmişdi. Yəni, onlar bildirmişdi ki, Əliyev bizə xahiş edib, belə sənəd Lissabonda təsdiq edilməlidir. Həmin vaxtdan Azərbaycan tərəfi müəyyən dərəcədə bundan ruhlandı, xarici qüvvələrin köməyi hesabına öz məqsədlərinə çata bilərdi. Bundan sonra Əliyev danışıqlarda müəyyən razılığa gəldikdə, bundan imtina edirdi ki, bizə sərf etmir. Artıq onlar dərk etmişdilər ki, zaman onların xeyrinə işləyir və haqlı da çıxdılar. Ermənistan isə uduzdu”.
Ter-Petrosyannın “keçmişin ən vacib dərsi hansıdır ki, biz ondan yararlanmalıydıq” sualına cavabında isə Ermənistanın xam xəyalları bir kənara buraxmalı olduğunu vurğulayıb: “Reallıq. Dənizdən-dənizə Ermənistan, Kürdən-Araza respublika xəyallarından əl çəkmək lazımdır. İnsan hakimiyyətə gəldiyində bilməlidir ki, Ermənistanın vəziyyəti necədir, qonşuları ilə hansı problemləri var, hansı xarici çağırışlarla üzləşir və realist yollarla bu problemləri həll etməyə cəhd etməlidir. Xəyallar qurmaq yetkin olmayan cəmiyyətlərə xasdır. Böyük dövlətlər ətrafında nəhəng institutlar, analitiklər, araşdırıcı təşkilatlar işləyir və hər bir detala diqqət yetirilir. Yəni, siyasi addımlarının xeyir və ziyanlarını müqayisə edirlər. Dövləti idarə etməyə qadir olmayan insanlar hələ düşüncə tərzinə uyğunlaşmayıblar”.
Jurnalistin Əliyevin alçaldıcı bəyanatları haqqında sualına münasibətini açıqlayan Ter-Petrosyan qeyd edib ki “bu da bizim diqqətsizliyimizin nəticəsidir. Azərbaycan hər gün oturub Ermənistanın verilişlərinə baxır və 12 min km sərhəddi olan Ermənistan bir rəngli şəkildə ifadə olunmasını görür. Xəritənin böyük psixoloji təsiri var”.
Ermənistanın ilk prezidenti müsahibəsində Paşinyan hakimiyyətini də tənqid edib. Eyni zamanda, qarşıdan gələn seçkilərin vətəndaş müharibəsinə gətirib çıxara biləcəyini proqnoz edib.
Müsahibənin bu və digər məqamları aydın göstərir Ermənistanın sabiq prezidenti mövcud durumu yaxşı anlayır. Anlayır ki, məhz Azərbaycanın səbrlə və düşünülmüş formada həyata keçirdiyi siyasət Ermənistanı küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş duruma salıb. Məhz Prezident İlham Əliyevin gerçəkləşdirdiyi siyasətin doğurduğu bu reallıq Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli üçün əlverişli zəmin doğurub.
Ter-Petrosyan onu da yaxşı anlayır ki, yaranan bu vəziyyətin geri dönüşü yoxdur. Ermənistanın yaranmış regional vəziyyəti düzgün dəyərləndirməkdən başqa çarəsi qalmır. Sabiq prezident də etiraf edir ki, bunun əksi Ermənistana yaxşı heç nə vəd etmir. İndiki durumla barışmasalar Ermənistan yenə özünü mühüm iqtisadi layihələrdən kənarda qoyacaq, sosial-iqtisadi problemlərin icərisində çabalamaqda davam edəcək və tam məhvə sürüklənəcək.
Elman Babayev
Əməkdar jurnalist
araz.az xəbər portalı.