1622105241 azersu12

 
“Azərsu” ASC sədrinin müavini, keçmiş sədr Qorxmaz Hüseynovun qurumdakı əsas adamlarından sayılan Etibar Məmmədovun qaranlıq fəaliyyəti ilə bağlı yeni detallar ortaya çıxıb.
Sfera.az xatırladır ki, Qorxmaz Hüseynovun vəzifədən alınmasından sonra qurumda təftişlərə başlanması, həbslərin olması və bu yöndə araşdırmaların hazırda da davam etməsi ilə bağlı informasiyalar intensivləşib.
Əldə etdiyimiz məlumatlarda “Azərsu” ASC-nin son illər ərsində həyata keçirdiyi iri layihələr, habelə böyük məbləğlərlə ifadə olunan tenderlərin şəffaf xərclənməsi ilə bağlı təhqiqatlara start verilib.
Kölgədəki əsas adam – Etibar Məmmədov
Qeyd edək ki, “Azərsu” ASC-də bu kimi iri əməliyyatların başında Qorxmaz Hüseynovun yüksək etimadını qazanmış sədr müavini Etibar Məmmədov dayanıb. Hansı şirkətlərin tenderlərin qalibi elan edilməsindən tutmuş, maliyyə sərfiyyatına qədər bütün əməliyyatlar Etibar Məmmədovun xeyir-duası ilə reallaşıb. Məhz elə bu səbəbdən də indi yaxın keçmişdəki fəaliyyətinin araşdırılmasından ən çox narahatlıq keçirən də odur.  
Bu yazıda təqdim edəcəyimiz məlumatlar isə ehtimal edilən mənimsəmənin heç də kiçik rəqəmlərlə ifadə olunmadığını düşünmək üçün əsaslar yaradır. Düşünürük ki, aidiyyatı qurumların kiçicik araşdırması daha böyük maliyyə maxinasiyalarının üstünü aça bilər.
Biz isə Etibar Məmmədovun ortaqlığında “Azərsu” ASC-nin son illər ərzində hansı şirkətlərlə tender işbirliyinə getməsi və həmin tenderlərin maliyyə tutumu haqda informasiyaları təqdim edirik. Beləliklə…
Bir milyard dollarlıq su kəməri
“Gəncə Körpü Tikinti-2” ASC-nin əsas fəaliyyət istiqamətləri körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisidir. Amma 2007-ci ildə “Azərsu”nun “müsbət rəy”indən sonra ümumi dəyəri 750 milyon manat (o zamankı məzənnə ilə 1 milyard dollara yaxın) “Oğuz-Qəbələ-Bakı” Su Kəmərinin tikintisi işlərinə cəlb edilib. Tikintisi təxminən 5 il davam edən layihədə “Gəncə Körpü Tikinti-2” əsas podratçılardan (iş icraçısı) biri olub. Şirkət kilometrlərlə uzanan suötürücü boruların inşaasını həyata keçirib.
Bahalı tenderlərin daha bir qalibi – “Akelik Group”ASC
“Akelik Group”ASC (əvvəlki adı “Alke İnşaat Sənaye və Ticarət” ASC) “Azərsu”nun bir çox bahalı tenderlərinin “qalibi” olub. Şirkət bir sıra istiqamətlərdə tikinti işlərini həyata keçirə bilir. “Azərsu” bu şirkətlə yaşayış və ticarət obyektlərinin tikintisi, eyni zamanda su təchizatı və sanitariya işlərinin tikintisi, yenidən qurulması istiqamətləri üzrə bir neçə bahalı müqavilələr imzalayıb. 
2017-cu ilin sentyabrında “Azərsu” “Akelik Group”la dəyəri 75 milyon manat olan müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkət “Azərsu” ASC-yə məxsus yeni inzibati binanın tikintisini tamamlamalıdır.
“Azərsu”nun “Akelik Group”la digər bahalı layihəsi Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisinin tamamlanmasıdır. Layihənin ümumi dəyəri 52 milyon manata yaxındır. Bunun 22 milyon manatı su sisteminin 30 milyon manata yaxın hissəsi isə kanalizasiya sistemi ilə bağlı bütün işlərin görülməsini əhətə edir.

 

“Akelik Group”la daha bir “əməkdaşlıq” “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində olub. Burada 7,5 milyon manat olan işlər görülüb.
Şirkət “Azərsu”nun sifarişi ilə Hacıqəbul rayonu ərazisində 28 km uzunluğunda 1400 mm diametrli magistral su boru xəttini də çəkib.
Bir neçə yüz milyon manatlıq növbəti layihə
“Azəraqrartkinti” ASC ilə “Azərsu” ilə əməkdaşlıq Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi  çərçivəsindədir. Ümumi dəyəri bir neçə yüz milyon manat olan layihə Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Burada əsas podratçı şirkət “Azəraqrartkinti”dir.
Sonda bildirək ki, qeyd etdiyimiz və etmədiyimiz bu tipli irihəcmli tender əməliyyatlarında maliyyənin təyinatı üzrə xərclənməsinə dair ciddi şübhələr var.
“Azərsu” ASC-nin həyata keçirdiyi tenderlər və şəffaflığı şübhə doğuran müəmmalı xərcləmələrlə bağlı Hesablama Palatası və digər müvafiq qurumlara jurnalist sorğusu ünvanlayacaq və növbəti yazıda həmin qurumların rəsmi mövqeyini də işıqlandırmağa çalışacağıq.

Şahin

araz.az xəbər portalı.